Gömrükdə sadələşdirmə nəyə və kimlərə xidmət edəcək? - TƏHLİL

Gömrükdə sadələşdirmə nəyə və kimlərə xidmət edəcək? - TƏHLİL
  24 Oktyabr 2015    Oxunub:16074
Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi hakimiyyətin iqtisadi kursuna “ağız əyənlər” tərəfindən bəsit izah olunur. Və bunun ölkədə iqtisadi aktivliyi artırmaq məqsədilə irəliyə doğru atılan növbəti bir addım olduğunu bildirən iqtisadçı ekspertlər onlar tərəfindən ciddi “top atəşinə” tutulub. Bəs, əslində həqiqət nədədir?

Nazirlər Kabinetinin dövlət başçısının sədrliyi ilə ölkənin cari ilin yanvar-sentyabr ayları ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında səslənən fikirlərdən sonra sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün qanunvericilik yolu da daxil olmaqla atılan məlum addımlardan sonra, bilavasitə gömrük sistemində də mövcud bir sıra maneələrin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəyi aydın və gözlənilən idi.
Yəni, Prezidentin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında 22 oktyabr 2015-ci il tarixdə imzaladığı Fərman da istər-istəməz eyni konteksdən izah olunmalı və məsələyə vahid prizmadan yanaşmaq tələb olunur. Çünki sözügedən sənəd də bütövlükdə iqtisadiyyat üçün hissediləcək müsbət nəticələr əldə etmək məqsədi daşıyır ki, bu yalnız, müvafiq aktivliklə nəticələnəcək.

Doğrudur, bunun Milli Məclisdə Prezidentin təşəbbüsü ilə qəbul olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna görə yoxlamaların noyabrın 1-dən etibarən 2 il müddətinə dayandırılması və bu müddət ərzində yalnız vergi, insanların həyatı və sağlamlığı, dövlətin təhlükəsizliyi, o cümlədən iqtisadi maraqlarına zərər yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların aparılacağı tədbirindən fərqli olaraq, bilavasitə məhz sahibkarlığın inkişafına birbaşa dəstək olacağını qəbul etmək düzgün olmaz.

Bununla belə, nəzərə almaq vacibdir ki, Prezidentin 22 oktyabr 2015-ci il tarixdə imzaladığı Fərman gömrük sahəsində də məhz nəzarətin həyata keçirilməsi ilə bağlı bəzi yoxlamaların sadələşdirilməsi məqsədi daşıyır.

Bəs, gömrükdə sadələşdirmə iqtisadiyyata necə və hansı yolla təsir göstərəcək?

Fərmanın I bəndində qeyd edilir ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar gömrükdən ödəniş edilmədən keçirilir.
Bu isə o deməkdir ki, fiziki şəxslər dəyəri 10 min ABŞ dollardan aşağı olan malları ölkəyə gətirməkdə və idxalında heç bir rüsum ödəməyəcəklər. Bu da onlara stimul verəcək.

Ancaq söhbət, istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallardan getdiyindən bu, sahibkarlıq fəaliyyəti üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Başqa sözlə desək, fiziki şəxslər xarici ölkələrdə yalnız öz şəxsi ehtiyacları üçün gətirdikləri məhsullar üzrə sərbəstlik əldə edə biləcəklər ki, iqtisadi səmərə ilk baxışda ancaq sosial aspektdə nəzərə çarpa bilər.
Buna isə müxtəlif növ mallar daxildir.

Yeri gəlmişkən, Fərmanın II bəndində deyilir ki, Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2011-ci il 3 mart tarixli 396 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində dövlət başçısına təqdim etsin. Bunlar çox kiçik qrup məhsullardır.

Fiziki şəxslərin ölkəmizin gömrük ərazisinə gətirəcəyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar isə çox geniş çeşiddə olacaq. Odur ki, hərçənd bu, sahibkarlıq fəaliyyəti üçün birbaşa əhəmiyyət kəsb etməyəcək, amma daxili istehlak bazarı üçün də dolayı yolla istənilən halda mühüm təsir imkanına malik olmaqla, müvafiq tənzimləməyə yol açacaq. O baxımdan ki, yerli istehsal və idxal ilə məşğul dairələr – hüquqi şəxslər və sahibkarlar realizə etməyə çalışdıqların mallar üzrə çeşidə, qiymətlərə və keyfiyyətə daha həssas və məntiqlə yanaşmağa məcbur qalacaqlar.

Yeri gəlmişkən, ölkəmizdə əhali tərəfindən həmişə ciddi narazılıqla qarşılanan cəhətlərdən biri də süni qiymət artımıdır ki, başqa sözlə desək, istər kənardan gətirilən, istərsə də yerli istehsala məxsus malların pərakəndə satış dəyərləri bir çox hallarda məlum olduğu kimi “şişirdilmiş” həddə müəyyən edilir. Bunun başlıca səbəbi nədir?

Sözsüz ki, inhisarçılıq, həmin mallar və yaxud mal qrupu üzrə başqa cür alış imkanlarının olmaması, rəqabət qabiliyyətliliyin istisna təşkil etməsi və sair... Ona görə də gömrükdə qoyulan rüsumlar, həmçinin mövcud vergi dərəcələri bir çox hallarda bəhanə rolunu oynamaqla, ən böyük və son zərbəni alıcılara vurmalı olur.

Prezidentin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında sözügedən Fərman da bu mənada, məhz alıcıların mənafeyini nəzərə alaraq onlara əlavə imkanlar açmaqla sözügedən tendensiyanı aradan qaldıracaq.

Odur ki, təkrar edirik, gömrüyə dair Prezident Fərmanı birbaşa olmasa da, dolayı yolla sonda bütövlükdə iqtisadiyyat üçün hissediləcək dərəcədə müsbət nəticələr əldə olunması ilə nəticələnəcək.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti