İstanbulda zəlzələ ola bilər

İstanbulda zəlzələ ola bilər
  24 İyun 2013    Oxunub:1335
Geoloqlar İstanbul yaxınlığında Mərmərə dənizinin dibində şübhəli sahə aşkar ediblər. Seysmik məlumatların analizi göstərib ki, həmin ərazidə 250 il ərzində yeraltı təkan müşahidə olunmayıb. Bu isə zəlzələnin baş verəcəyinə işarədir. Tədqiqatın təfərrüatları “Nature Communications” jurnalında dərc olunub.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Almaniya, Yeni Zelandiya və Türkiyə tədqiqatçıları İstanbul yaxınlığında baş verən zəlzələlər haqqında məlumatları tədqiq ediblər. Onlar nəinki böyük zəlzələləri, həm də xüsusi avadanlıqla qeyd edilən kiçik təkanları öyrəniblər. Şəhərdən cənubda Mərmərə dənizinin dibində ağ zolaq müşahidə olunub. Bu “ölü zona”dan şərqdə - 1999-cu ildə İzmitdə 17 min insanın həlak olduğu 7,4 bal gücündə zəlzələ baş verib.

Alimlər müəyyən ediblər ki, həmin ərazi mexaniki gərginliklərin toplandığı zona ola bilər. Bu o deməkdir ki, gec-tez sıxılmış dağ süxurlarında ehtiyat enerji yeraltı təkanlar şəklində üzə çıxa bilər. Qeyd edək ki, alimlər dəqiq proqnozlar vəd etmirlər. Amma onlar Mərmərə dənizinin dibində həmin sahənin ətraflı araşdırılmasını vacib hesab edirlər. Belə ki, 13 milyon sakinə malik İstanbulda dünyanın ən böyük aeroportlarından biri və bir sıra sənaye müəssisəsi yerləşir. Buna görə alimlər riskləri düzgün hesablamağa çalışırlar.

Seysmik gərginlik toplanan analoji zona 2012-ci ildə Qafqazda tapılmışdı. Həmin vaxt alimlər dəqiq proqnozlar verə bilməyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti