Ad gününü məsciddə keçirən Prezident: İlham Əliyevin din siyasəti – TƏHLİL
Azərbaycanın İslam dünyası üçün unikallığı və vacibliyi bundadır ki, bizim dövlət İslamı siyasətə çevirmir, məzhəb maraqları səviyyəsinə endirmir. Azərbaycan İslama bəşəriyyətin mənəvi sərvəti kimi yanaşır və onu bu cür də qorumağa çalışır.
Prezident İlham Əliyev üçün İslam – Azərbaycan xalqını Azərbaycan xalqı edən ünsürlərdən biridir. Toplumun mənəvi həyatının bir parçası və böyük dəyərdir. “Biz müqəddəs dinimizə – İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür – həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq”, - bu sözləri İlham Əliyev 2011-ci ildə Əjdərbəy məscidinin açılışında demişdi.
Həmişə bu cür də olub: Azərbaycanın dövlət başçısı bütün beynəlxalq tədbirlərdən İslamı terrorla bağlayanları tənqid edib. Ötən ay “islam terroru”nun bir nömrəli mövzu olduğu günlərdə Parisdə bunu açıq şəkildə bəyan etməsi isə kifayət qədər cəsarətli bir addım idi. “İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir”,- deyə dövlət başçısı UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda vurğulamışdı.
Xarici siyasətdə Azərbaycan məzhəb maraqlarından, siyasi oyunlardan üstdə dayanan təmiz, siyasiləşməmiş İslam həmrəyliyi arzusundadır və bunun üçün də çalışır. Hərdən adama elə gəlir ki, bunu istəyən və can atan yeganə dövlət elə Azərbaycandır – İslam dünyasında vəziyyət bu qədər gərgin və mürəkkəbdir. Belə bir dünyada Azərbaycanın dinə bu cür saf niyyətlə yanaşması bütün müsəlman aləmi üçün çox qiymətlidir.
Bu xarici siyasət İslama münasibətdə yürüdülən daxili siyasətin davamıdır. Azərbaycan yeni müstəqil olanda ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi, amma bu gün onların sayı 1800-dən çoxdur. Təkcə bu fakt nəticə çıxarmaq üçün bəs edir ki, ölkədə İslam dininə hansı münasibət var və müsəlmanlar özlərini nə qədər rahat hiss edirlər.
İslam dininin iki əsas bayramı – Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd olunur. Hər iki bayramda Prezident şəxsən müsəlmanları təbrik edir.
Bu ilin aprelində İlham Əliyev ailə üzvlərilə birlikdə Məkkədə ümrə ziyarətində oldu. Ölkənin birinci ailəsinin bu vacib ibadəti onların İslam dininə nə qədər sayğılı yanaşmasının göstəricisi idi.
İlham Əliyev üçün İslam dini – Azərbaycanın həm bugününə, həm də keçmişinə, mənəviyyatına sadiqlik anlamına gəlir. İslam dini bizim xalqın mənəviyyatının formalaşmasına çox ciddi təsir edən, nəticədə kimliyimizi formalaşdıran amildir. Biz müsəlman kimliyindən heç hara qaça bilmərik. Bu mənada İslam dini bizim xalqın dəyərlərindən biridir. İlham Əliyev isə Azərbaycan xalqının bütün dəyərlərini qoruyan və yüksək hörmətlə yanaşan liderdir.
- Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. – Bu sözləri Prezident Şamaxı Cümə məscidinin açılışında demişdi.
Dövlət başçısı özü şəxsən dəfələrlə istər Bakıda, istərsə də rayonlarda məscidlərin açılışında iştirak edib, dindar insanlarla, ruhanilərlə görüşüb. Yada salaq: ötən il öz ad gününü Prezident harada və necə keçirdi? O, Binəqədi rayonunda tikilən Qafqazın ən böyük məscidinin açılışında idi. Bu məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək.
Son 11 il ərzində Azərbaycanda dövlətin dəstəyilə 250-yə yaxın məscid tikilib və ya təmir edilib. Bunların arasında Azərbaycan xalqı üçün böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidi də var. Bu cür münasibətdən sonra kim, hansı əsasla deyə bilər ki, Azərbaycanda İslama qarşı münasibət yaxşı deyil və İslam sıxışdırılır?
Bir müsəlmana öz dinini yaşamaq üçün nə lazımdır? İbadət yerləri və etiqad azadlığı – bunların da hər ikisini dövlət ən yüksək səviyyədə təmin edib.
İlham Əliyev dəfələrlə bu fikri söyləyib ki, ölkənin inkişafı üçün din-dövlət əlaqələri böyük önəm daşıyır. Amma din-dövlət əlaqələrinin sağlam zəmində qurulması da hər bir cəmiyyət üçün çox vacibdir.
İncə xətt buradan keçir: din-dövlət münasibətlərini sağlam zəmindən uzaqlaşdırmaq cəhdlərinə cəmiyyət də, elə dövlətin özü də son dərəcə sərt yanaşmalıdır. Çünki din yeri gələndə dövləti möhkəmləndirə bildiyi kimi, yeri gələndə sarsıda da bilər. Biz heç bir halda ikinciyə yol verməməliyik. Hər bir azərbaycanlı öz Prezidentinin də böyük hörmət və sevgi ilə yanaşdığı İslam dininə inana, əsl müsəlman həyatı yaşaya bilər. Amma dini siyasətə çevirməmək şərtilə. Çünki siyasətə çevriləndə din artıq din olmur.
Tariyel Həsənov
AzVision.az