İlham Əliyevin Çin səfəri: `Böyük İpək Yolu`nda böyük siyasət – TƏHLİL

İlham Əliyevin Çin səfəri: `Böyük İpək Yolu`nda böyük siyasət – TƏHLİL
  10 Dekabr 2015    Oxunub:8684
Çini Avropa ilə birləşdirəcək tarixi İpək Yolu XXI əsrin ən böyük və qlobal əhəmiyyətə malik ticari layihəsi hesab oluna bilər. Son iyirmi il ərzində Avropa Birliyi ilə Çin arasında ticari dövriyyənin səviyyəsi 6 dəfə artıb və 2014-cü ildə 467 milyard avroya çatıb. Avropa ilə Çin arasında mal mübadiləsinin əsas hissəsi okean və dəniz yollarıyla, Süveyş kanalı vasitəsilə həyata keçirilir ki, bu yolun uzunluğu təxminən 24 min kilometrdir və yüklərin çatdırılması 40-50 gün vaxt alır.

Çin iqtisadiyyatının həcminin ildən ilə artması Pekini alternativ tranzit dəhlizini yaratmaq zərurəti qarşısında qoymuşdu. Heydər Əliyev Çinin belə bir zərurətlə qarşılaşacağını hələ 90-cı illərin əvvəllərində bilir və İpək Yolunun Azərbaycandan keçməsinə çalışırdı. Məhz bu səbəbdən Ulu Öndər 1994-cü ildə Çinə səfər etmiş, Pekinlə Bakının köklü əməkdaşlığının təməlini qoymuşdu.

1998-ci ildə Bakıda Böyük İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransda dünyanın 32 ölkəsi və 14 beynəlxalq təşkilatının nümayəndəsi iştirak etmişdi. Prinsipcə, Çinin əsas ticari tərəfdaşı olan Avropa Birliyi Böyük İpək Yolunun Azərbaycandan keçməsinə razılaşmış və bu planın reallaşması üçün məlum TRACEKA layihəsini irəli sürmüşdü.

Təbii ki, hər bir ölkə Şərqlə Qərbi birləşdirəcək ticarət xəttinin öz ərazisindən keçməsini arzulayır. ABŞ və Avropa iqtisadi maraqları ilə yanaşı, geosiyasi hədəflərindən irəli gələrək, İpək Yolunun Qafqazdan keçməsini istəyirdilər. Belə ki, bu layihə bir tərəfdən Mərkəzi Asiya və Qafqaz respublikalarının iqtisadi azadlıqlarını möhkəmləndirir, onları Rusiya asılılığından azad edir; digər tərəfdən, Avropanın Rusiyadan enerji asılılığının dərinləşməsinin qarşısını alır.

Lakin Çin qəti qərar verməyə tələsmirdi. 2013-cü ilin əvvəlində Çin rəhbərliyi Böyük İpək Yolunu bərpa edəcəyini bildirdi və ölkənin 2016-cı ildən start götürən növbəti beşillik planında yer aldığı açıqlandı.

Avropa ilə münasibətləri gərginləşən Rusiya Çinlə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməklə İpək Yolunu öz nəzarətinə keçirməyə çalışırdı. Bununla Kreml öz iqtisadiyyatını dirçəltməklə yanaşı Avropaya əlavə təsir rıçaqı əldə etməyə çalışırdı. Qazaxıstan və Belorusla tələsik Gömrük İttifaqı quran Moskva Çinə təklif etdiyi marşrutda vahid gömrük tariflərinin tətbiq olunacağına söz verir və bununla malların daşınma xərclərinin azalacağını sübut etməyə çalışırdı.

Rusiyanın Azərbaycanla son dövrlərdə yaxınlaşması və Bakını bu ittifaqa qoşulmağa razı salmaq istəyi də İpək Yolunu bütün istiqamətlər üzrə öz nəzarətinə keçirmək istəyi ilə bağlı ola bilərdi. Çünki Azərbaycanın ittifaqa qoşulması ilə, İpək Yolu ilə Çinin üç istiqamət üzrə Avropaya çıxışı hər bir halda Rusiyaya bağlanırdı. Belə ki, Çin-Qazaxıstan-Rusiya-Belorus-Avropa, Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara Dəniz-Türkiyə, və Çin-Orta Asiya-İran-Ermənistan-Gürcüstan-Qara Dəniz marşrutlarının hər birinin reallaşdırılması həm Pekin, həm də Brüsseli Moskvadan asılı vəziyyətə salırdı.

İpək Yoluna ən çox iddialı olan dövlətlərdən biri isə İrandır. İranla Çin arasında İpək Yolu çərçivəsində Çin-Qazaxıstan-Qırğızıstan-Özbəkistan-Türkmənistan-İran marşrutu ilə dəmir yolunun çəkilişi barədə razılıq əldə olunub.

Xatırlamaq yerinə düşər ki, bu ilin əvvəlindən etibarən İrandan Ermənistana dəmir yolunun çəkilməsi barədə layihənin rallaşması barədə məlumatlar yayılmağa başladı. Məlumatlarda qeyd olunurdu ki, Ermənistan ərazisində yeni dəmir yolu kompleksinin tikintisinə 3.5 milyard dollar vəsait tələb olunur ki, bunun da 60 faizini Çin maliyyələşdirmək niyyətindədir. Geri qalanı isə müxtəlif beynəlxalq maliyyə qurumlarından kredit şəklində alınacağı bildirilirdi. İran hələ 2013-cü ildən Ermənistana gedəcək dəmir yolunun öz payına düşən hissəsini inşa etməyə hazır olduğunu bildirmişdi.

Bundan əlavə, hələ 2007-ci ildə İrandan Ermənistana qaz kəməri çəkilib. Bu il isə, Gürcüstan bəyan etdi ki, İrandan Ermənistan vasitəsilə qaz almaq niyyətindədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Tehran İpək yolunun davamı kimi İran-Ermənistan-Gürcüstan marşrutunun reallaşmasına çalışır. Eyni zamanda, İranla Türkiyənin birbaşa sərhəddinin olması Çinin İran vasitəsilə Türkiyəyə buradan isə Avropaya çıxışını təmin olunmasına imkan verir. İran paralel olaraq Azərbaycana gedən dəmir yolunu bərpa etməklə özünün nəqliyyat mərkəzinə çevrilməsinə nail olmağa çalışırdı. Azərbaycan isə bu dəhlizin bir qolu olmaq rolu ilə kifayətlənməli idi.

İpək Yolu uğrunda gedən rəqabətdə Azərbaycan da durmadan çalışıb. On il ərzində nəqliyyat infrastrukturunun inkişafı ölkəmizin əsas tranzit ölkəsinə çevrilmək uğrunda yarışın qalibinə çevrilməsinə hesablanmışdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının yekunlaşması, TANAP qaz kəmərinin inşası, şərq-qərb, şimal-cənub magistral yollarının inşası və nəhayət Ələt qəsəbəsində yeni ticarət limanının inşası bu məqsədlərə nail olmaq üçün Azərbaycanın şanslarını artırırdı.

Azərbaycanın infrastruktur cəhətdən İpək Yoluna hazır olması ilə yanaşı, geosiyasi proseslərdən ölkənin siyasi rəhbərliyinin lazımi qaydada faydalanması Çin-Qazaxıstan-Xəzər dənizi-Gürcüstan-Türkiyə marşrutuna üstünlük verilməsinə hesablanmışdı.

Məsələn, Ermənistanla İranı birləşdirəcək dəmir yolunun inşasına Rusiyanın dəstək verməməsinin səbəbi bir tərəfdən Moskvanın maliyyə imkanlarının zəifləməsidirsə, digər tərəfdən Kremlin Yerevanın Tehranın təsir dairəsinə düşməsini istəməməsi ilə bağlı ola bilər. Həmçinin, Azərbaycanın Gürcüstana təzyiq göstərməsindən sonra Tbilisinin İrandan qaz almaqdan imtina etməsi İranın Qara dənizə çıxışını əngəllədi. Bundan əlavə, Türkiyənin İran deyil, Qafqaz marşrutuna üstünlük verməsi də İpək Yolunun İrandan keçməsi perspektivini sual altına qoydu.

Çinin Cənubi Çin dənizində mübahisəli adalarla bağlı ətraf ölkələrlə münasibətlərinin gərginləşməsi və Amerikanın bu dənizdə hərbi iştirakını artırması Pekini İpək Yolunun reallaşdırmasını tezləşdirməyə vadar edir. Çin tezliklə alternativ ticarət xətti yaratmalıdır ki, dənizdə hərbi qarşıdurma yaranacağı halda ticari mübadiləsinə zərər dəyməsin.

Eyni zamanda, Türkiyə ilə Rusiyanın münasibətlərinin pisləşməsi Türkiyədən Orta Asiyaya gedən yüklərin Qafqazdan daşınmasına səbəb oldu ki, bu da İpək yolunun işə düşməsinin başlanğıcını qoydu. Çinlə Qazaxıstan arasında nəqliyyat infrastrukturunun artıq yaradıldığını nəzərə alarsaq, Pekinin İpək Yolunu işə salması üçün bu iki xətti birləşdirməsi qalır.

Beləliklə, Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfərinin əsas məqsədinin məhz İpək Yolunun reallaşması ilə bağlı olduğunu əminliklə söyləmək olar. Azərbaycanda keçməklə İpək Yolunun işə düşməsi Azərbaycana milyardlarla gəlir vəd etməklə yanaşı, ölkəmizin geostrateji əhəmiyyətini artırır. Azərbaycanda təhlükəsizliyin təminatında Avropa ilə yanaşı, artıq Çin də maraqlı olacaq. Çinin məsələdə maraqlı olması, Rusiya ilə yanaşı, İranın da Qafqaza müdaxilə imkanlarını zəiflədir.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti