Bern görüşündə kim qazandı? - ŞƏRH

Bern görüşündə kim qazandı? - ŞƏRH
  21 Dekabr 2015    Oxunub:5914
Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti, sayca 19-cu görüşü keçirilib. İsveçrənin Bern şəhərində baş tutan görüşü 1 saatdan çox çəkib.

Prezidentlərin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib.

“Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər”, - deyə bəyanatda qeyd edilib.

Prezidentlərin Bern görüşü nə vəd edir?



Politoloq Qabil Hüseynli Bern görüşündə ciddi nəticələrin əldə olunmadığını bildirib.

İlham Əliyevlə Sarkisyanın görüşünü AzVision.az-a şərh edən politoloq hesab edir ki, erməni tərəfi yenə də görüşün predmetini dəyişməyə nail ola bilib: “Təmas xəttində atəşkəsin pozulması məsələsi ətrafında fikir mübadiləsinin davam etdirilməsi təklif edilib. Azərbaycan tərəfi isə haqlı olaraq bununla razı olmayıb. Biz ora Dağlıq Qarabağ ətrafında yerləşən rayonların azad olunması ümüdi ilə getmişdik. Görünür, Ermənistan tərəfi bu məsələyə soyuq yanaşıb. Ona görə də görüş tez qutarıb”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, Bern görüşündə təkcə həmsədrlər qazanıb: “Azərbaycan bu görüşdə müsbət heç nə qazanmadı. Biz heç vaxt sülh yolundan imtina etmirik. Danışıqlar Azərbaycanın maraqlarına cavab vermirsə, ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Son günlər baş verən hadisələr də bunu sübut edir. Yəni, erməni təxribatına hər vasitə ilə cavab veririk”.

F.Sadıqovun sözlərinə görə, yeddi rayonun Azərbaycana qaytarılması məsələsi görüşdə müzakirə olunmayıb: “Həmsədrlərin məqsədi münaqişəyə nəzarət etmək və Ermənistanın nazı ilə oynamaqdır. Təbii ki, bu bizi qane edə bilməz. Bern şəhərində onlar yenidən təsdiq etdilər ki, Ermənistana təzyiq göstərmək fikrində deyillər. Bu, Azərbaycanın milli maraqlarına cavab vermnir və biz bununla heç vaxt razılaşa bilmərik”.



Millət vəkili Sahib Alıyev hesab edir ki, prezidentlərin görüşü nəticəsiz yekunlaşıb: “Görüşün nəticəsiz bitəcəyi əvvəlcədən məlum idi. Çünki görüşü təşkil edənlər məhz bunu istəyir, onların məqsədi münaqişənin həlli yox, onun savaşla əvəzlənməsinin qarşısını almaqdır. Məntiq budur: “Prezidentlər arasında ünsiyyəti saxlasaq, demək, savaş olmayacaq”.

İlham Əliyevin Sarkisyana öldürücü baxışlarından da aydınca görünür ki, bunu "ünsiyyət" adlandırmaq üçün gərək həmin görüşü gözüyumulu izləyəsən. Açığı heç Serjik danışıqlarda tərəf gözündə də görülmür. Əsl tərəf bu danışıqları təşkil edənlər və bu yolla məsələnin həllini uzadanlardır. Onlar istəsə, ermənilər bir günün içində Azərbaycan torpaqlarını boşaldarlar. Ancaq istəmirlər. Bu cür nəticəsizliyə hesablanmış danışıqlar təşkil edirlər”.

S.Alıyev onu da bildirib ki, işğalçı nəticəsiz danışıqların nəticəsini görəcək: “Havadarlarının ön xətdən snayperləri çəkmək və ermənilərin torpaqlarımızda rahat gəzib-dolaşmaları üçün irəli sürdükləri başqa təkliflərin rədd olunması da elə o deməkdir. O deməkdir ki, itkiləri çoxaldıqca yenə Ermənistandakı əsgər anaları hərbi xuntadan soruşacaq ki, nədən oğulları gedib onların olmayan torpaqlarda ölməlidirlər”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti