Snoudenin açdığı sirrlər – TƏHLİL

Snoudenin açdığı sirrlər – TƏHLİL
  04 İyul 2013    Oxunub:3394
Mərkəzi Kəşfiyyat İdarəsinin sirrlərini açandan sonra Honkonqa, oradan da Rusiyaya qaçan Edvard Snouden hələ də Moskvanın “Şeremetyovo” aeroportunda qalaraq, hansısa dövlətin ona sığınacaq verməsini gözləyir. Əksər dövlətlər isə ona nəinki sığınacaq vermir, hətta onu aparacaq təyyarəni öz hava məkanlarına daxil olmağa da qoymurlar. Boliviya prezidenti Evo Moralesin təyyarəsinin Vyanaya məcburi endirilməsi də elə bununla bağlı idi.

Edvard Snouden hazırda bütün dünyanın diqqət mərkəzində olan adamdır. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, 29 yaşlı Snouden bir neçə ay əvvələ qədər Amerikanın hərbi sənayesinə bağlı olan “Booz Allen Hamilton” şirkətində işləyir, ildə 200.000 dollar maaş alır və sevgilisilə birgə Havay adalarındakı villasında yaşayırdı. Amma indi – Amerika kəşfiyyatının sirrini açandan sonra bütün bunları itirib və qaçıb başqa dövlətlərə sığınmaq zorunda qalıb.

Maraqlıdır, bunu etmək Snoudenin nəyinə lazım imiş? Doğrudanmı o, bu dərəcədə idealistdir ki, insanları Amerika kəşfiyyatının onları izləməsi barədə xəbərdar etmək naminə hər şeyindən keçib? Yoxsa, onun Çin kəşfiyyatına işlədiyini deyənlər haqlıdırlar?.. Hərçənd, indi onu Rus kəşfiyyatı ilə əlaqələndirənlər də az deyil...

Səbəblərindən asılı olmayaraq, məhz Snoudenin iyunun əvvələrində “Guardian” qəzetinə təqdim etdiyi sənədlərdən sonra dünyada hamı bildi ki, internetdə və telefonda yazdıqları, dedikləri bütün informasiyalar Hər Şeyi Görən Göz ilə Hər şeyi Eşidən Qulağın nəzarətindədir.

Edvard Snoudenin açıqladığı sənədlər sübut edirdi ki, birincisi, Amerika kəşfiyyatının bəlli dövlətlərdə kiberhücum üçün seçdiyi hədəflər var.
İkincisi, kəşfiyyat mobil telefon danışıqlarını dinləyir.
Üçüncüsü, Microsoft, Yahoo!, Google, Facebook, Skype, YouTube kimi aparıcı şirkətlərin serverlerinə tam çıxışı var.
Dördüncüsü, məlum oldu ki, Amerika kəşfiyyatı 2009-cu ildə “Böyük İyirmilik” dövlətlərinin London sammiti zamanı prezidentlərin, o cümlədən, Dimitri Medvedyevin danışıqlarını dinləyib.

Nəzərə alsaq ki, Snouden Amerikadan 51 məxfi sənəd çıxarıb, istisna deyil ki, ifşaların davamı da gələcək.

Elektron izləməni həyata keçirən əsas qurum olan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi, yaxud qısaca desək, ANB bütün bunları danmadı və bildirdi ki, son 12 ildə bu fəaliyyətin nəticəsində 20 ölkədə 50-dən çox terror aktının qarşısını ala biliblər. O cümlədən, Nyu-York Fond Birjasının partladılmasının qarşısı alınıb.

Əlbəttə, çox böyük bir sualdır ki, bunlara görə insanların şəxsi həyatının toxunulmazlığına müdaxilə etmək olarmı?.. Amma hazırda bu məsələnin hüquqi-fəlsəfi yox, praktik tərəfi maraq doğurur: ANB konkret nələri izləyə bilər və bunu necə edir?

Ümumi desək, ANB və ümumiyyətlə, digər yaxşı qurulmuş elektron kəşfiyyat orqanları əgər istəsə, bizim internet şəbəkəsindəki bütün fəaliyyətimizi izləyə bilər – sosial şəbəkələrdəki paylaşmaları, yazışmaları, danışıqları, ödəmələri, internetdə nəyi axtardığımızı... Lazım olsa etdiyimiz zəngləri, həmin zəngləri vurarkən harada olduğumuzu... Bir sözlə, kəskin süjetli filmlərdəki total izlənmə halları artıq reallıqdır.



Amma əlbəttə, hamını izləmək də real deyil. Çünki dünyanın bütün kompüterlərinin gücü birləşdirilsə belə, bir neçə milyarddan çox insanın eyni andakı yazışmasını, danışıqlarını dinləmək və yazmaq, sonra o yazıları təhlil etmək hələ ki mümkün deyil. ANB-nin xüsusi məxfi bunkerlərdə yerləşən kompüter mərkəzləri var. Onların dünyada bir neçə yerdə olduğu söylənilir. Bunkerlərdəki maşınların axtarış proqramları xüsusi sözlərə köklənib – hansısa danışıqda və yazışmada həmin sözlər işlənən kimi onlar avtomatik siyahıya salınır və izlənmə başlayır. Eyni hallar təkrarlananda həmin subyektlər nəzarətə götürülür.

Amma xüsusi tapşırıq olarsa, konkret şəxsləri də izləməyə götürmək olar və bu zaman həmin insan elektron kəşfiyyatın ovcunun içində olacaq, sanki şüşə evdə yaşayacaq. Çünki izləmək imkanları doğrudan da çox böyükdür. Adi həyat yaşayan sadə insan isə çətin ki, izləmə proqramlarının siyahısına düşsün. Amma hər halda, bilmək pis olmaz ki, internetdə heç nə gizlin deyil. Bu, yeni dünyanın reallığıdır.

Yeni dünyanın digər reallığı isə odur ki, artıq kəşfiyyatın özünün forması və mahiyyəti də dəyişir. İndi insanı izləmək üçün onun arxasınca düşməyə ehtiyac yoxdur. Sadəcə, hər yanda olan kameralara çıxış tapmaq kifayətdir. Ona görə də, əgər hətta sizi heç kim izləmirsə belə, bu, o demək deyil ki, sizi heç kim izləmir.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti