`Twitter`in pay sahibi olan azərbaycanlı - FOTOLAR

`Twitter`in pay sahibi olan azərbaycanlı - FOTOLAR
  16 Yanvar 2016    Oxunub:41819
Azərbaycandan kənarda çalışıb ölkəmiz adına uğur qazanan həmvətənlərimiz daim diqqət mərkəzində olub. Belə gənclərdən biri də hazırda karyerasını dünyada populyar olan “Twitter” şəbəkəsində davam etdirən Tural Bədirxanlıdır.

Amerika Birləşmiş Ştatlarında Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə “Namo Media” interaktiv reklam proqramını yaradıb və onu çox yüksək məbləğ müqabilində “Twitter”ə satmaqla özündən söz etdirməyi bacarıb.

Hazırda Nyu-Yorkda yaşayan Tural Bədirxanlı 1986-cı il yanvarın 21-də Quba şəhərində müəllim ailəsində doğulub. İlk təhsilini bu şəhərdəki Zaur Cəfərov adına 3 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Quba Özəl Türk Liseyində davam etdirib. Tural Bədirxanlı liseydə təhsil alarkən fizika elminə olan xüsusi marağı ilə seçilib. 2002-ci ildə İndoneziyada keçirilən 33-cü Fizika olimpiadasında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan komandası olimpiadadan Vətənə 3 qızıl və 1 gümüş medalla dönüb ki, qızıl medallardan birini də məhz Tural Bədirxanlı qazanıb.

Tural Bədirxanlı XI sinfi bitirəndən sonra Türkiyənin Boğaziçi universitetinin fizika fakültəsinə qəbul olub. Amma artıq ikinci kursda oxuyarkən sənədlərini Masaçusets Texnologiya İnstitutuna verir və bu ali təhsil ocağının tələbəsi adını qazanır. ABŞ-da institutu bitirəndən sonra magistratura pilləsi üzrə də təhsil alır. Bundan sonra bir sıra uğurlu layihələr üzərində işləyən Tural iki ilə yaxın “Google” şirkəti ilə əməkdaşlıq edir.

Tural Bədirxanlı AZƏRTAC-ın müxbiri ilə onlayn söhbətində onun “Twitter”lə əməkdaşlığı ilə nəticələnən son uğurlu layihəsi haqqında məlumat verib: “Əslində “Namo Media” olaraq uzun müddət idi “Twitter”lə əməkdaşlıq edirdik. İş istiqamətlərimiz bir-birinə uyğun olduğu üçün ortaq çalışma zərurəti yarandı. Düşündük ki, bu əməkdaşlıq strateji irəliləyişə səbəb olar. Bu minvalla “Twitter”lə birləşdik. 2015-ci il iyunun 7-də “Twitter” “Namo Media”nın alınmasını elan etdi”.

Turalın almaniyalı Gabor Cselle və amerikalı Nassar Stoertzlə birlikdə həmtəsisçisi olduğu “Namo Media” interaktiv reklam proqramı iPhone, Android telefonlarına yazılan applikasiya sahiblərinə reklamdan pul qazanmaq imkanı yaradır. Bu proqram üzrə reklamlar tamamilə fərqli formatda təqdim olunması ilə seçilir. Həmin dövrə kimi bu formatda reklamlardan yalnız “Facebook” və “Twitter” kimi iri şirkətlər yararlana bilirdi. Proqram vasitəsilə bütün başqa şəbəkələr də yeni reklam növünü öz applikasiyalarına yerləşdirmək imkanı qazandı. Bu reklam formatı “Native advertisement” (Təbii reklam) adlanır.

Azərbaycana səfəri zamanı böyük maraqla qarşılandığını söyləyən Tural Azərbaycan Milli Elmlər Akademiyasında, Qafqaz Universitetində bir sıra görüşlər keçirdiyini, birgə əməkdaşlıqla bağlı təkliflər aldığını bildirib.

Hazırda Nyu-Yorkda “Twitter”in uğurları üçün çalışan həmvətənimiz yeni ideyalarının reallaşdırılması üzərində işləyir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti