Azərbaycanlı məşhurların biznesi...

Azərbaycanlı məşhurların biznesi...
  07 Fevral 2016    Oxunub:3627
Məşhurlar tək səsi, istedadı ilə qazandığı pulla kifayətlənmirlər. Şəxsi biznes quranlar sırasında xınayaxdı məclisləri təşkil edənlər, restoran işlədənlər, gözəllik salonu və mağaza açanlar da var.
Bəs görəsən, yaşanan böhran onların biznesinə necə təsir edib?

Başlayaq, şoumen Murad Dadaşovun şirniyyat evindəki qiymətlərdən. Qiymətlər tortun dizaynından asılı olaraq, 25 -35 manat arasında dəyişir. Bu qiymətə siz çox sadə və kiçik həcmli tort əldə edə bilərsiniz. Əgər toy və nişan üçün şirniyyatı həmin məkandan sifariş etmək fikrindəsinizsə, gərək əliniz cibinizdə olsun . Belə ki, nişan və ziyafət üçün 50 nəfərlik tort 300 manata başa gəlir. Şirniyyatın üzərində əlavə fiqurlar olarsa, bunun qiyməti də əlavə hesablanır.

Əməkdar artist Röya Ayxan da təzəlikcə biznes-lady olub. Məşhur xanım bu yaxınlarda "First fashion Lab" adlanan moda evi açıb. Müğənni deyir ki, peşəkar modelyer Sabina Hüseyn və onun komandası moda evində xanımlar üçün bir-birindən fərqli libaslar hazırlayır. O ki qaldı geyimlərin dəyərinə , moda evi yeni açıldığı üçün qiymətlər hələ ki müəyyənləşdirilməyib.

Müğənni Xatirə isə xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Böhran müğənninin biznesindən də yan ötməyib. Qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlin yerinin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, "haxışda" oxuyan ifaçı daxildir. Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçsə, onda qiymətlər də dəyişəcək.

Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox düz 5000 manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.

Xuraman Şuşalı da xınayaxdı təşkil edən şirkətin sahibəsidir. Xuramanın təşkil etdiyi xına mərasiminin qiyməti 2000 manatdan başlayır. Bura dekor, çəkiliş, səs avadanlığı və Xuramanın ifası daxildir. Amma bu, son qiymət deyil, sövdələşmədən asılı olaraq, müştəriyə endirim də təklif edilə bilər. Məlumatı Xuraman Şuşalı özü verib.

Rəqqasə Fatimə də xına yaxan, "haxışda" oxuyan məşhurlardandır. Dekor, ansambl, çəkiliş, "haxışda" ifaçısı və Fatimənin aparıcılığı sizə 2000 manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə, qiymət də artır.

Zamiq Hüseynovun isə geyim butiki var . Zövqü ilə həmkarlarından fərqlənən Zamiqin mağazasında yalnız kişilər üçün geyimlər və ayaqqabılar satılır. Böhran onun da biznesinə təsir edib. Belə ki, mağazadakı məhsullar 10, 20, 30 manata qədər endirilib. Mağazadan verilən məlumata görə, hazırda sözügedən ünvan boşaldılmaq üzrədir. Butik fəaliyyətini tezliklə yeni ünvanda davam etdirəcək.

Rəqsanə də şəxsi biznesi olan müğənnilər sırasındadır. Ötən il fəaliyyətə başlayan gözəllik salonu indi kütləvi endirimlərə başlayıb. Hətta salonda gəlinin bəzədilməsi 100 manata qədər endirilib. (PrimeTime.Az)


Teqlər:





Xəbər lenti