Multikulturalizm: Avropanın səhvi və Azərbaycan modeli – TƏHLİL

Multikulturalizm: Avropanın səhvi və Azərbaycan modeli – TƏHLİL
  08 Fevral 2016    Oxunub:22326
Hazırda Qərb ölkələrində multikulturalizm prinsipləri ciddi şəkildə böhran keçirməkdədir. Avropanın aparıcı Britaniya, Almaniya və Fransa kimi ölkələrində multikulural dəyərlər siyasi zədə alaraq, müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır.

Müasir alman filosofu Yürgen Habermasın dediyi kimi, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Ümumiyyətlə, azlığın dəstəklənməsi proqramının dövlət siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.

Hələ XVIII-XIX əsrlərdə Avropada savaşların getdiyi bir vaxtda çoxlu sayda alman dünyanın müxtəlif qitə, region və ölkələrinə miqrasiya etməyə başladılar. 1917-ci ildə Şimali Qafqazdakı 200-dən artıq alman koloniyasında 160 mindən çox alman yaşayırdı. 1819-cu ildən sonra Azərbaycanda 194 alman miqrant ailəsinin yerləşdirilməsindən sonra çoxlu koloniya yaradıldı: məsələn, “Annenfeld”, “Helenendorf”, “Georqsfeld”, “Qrünfeld”, “Ayxenfeld” və “Traubenfeld”.

1918-ci ilə qədər bütün Azərbaycan ərazisindəki almanların ümumi sayı 6 min nəfər idi. Azərbaycanda yaşayan almanlar dini baxımdan Protestantlığa etiqad edir və çox rahat şəkildə dini ibadətlərini həyata keçirə bilirdilər. Ən əsası isə, 1857-ci ildə Helenendorf, 1868-ci ildə Gədəbəy, 1869-cu ildə Şamaxı, 1897-ci ildə Bakı və 1911-ci ildə isə Annenfeldə almanlar tərəfindən kilsələr inşa olunmuşdu.

Azərbaycanda yaşayan almanlara təkcə din, məişət azadlığı yox, həmçinin öz dillərində qəzet buraxmaq kimi imkanlar da yaradılmışdır. Misal olaraq, 1924-cü ildə Bakıda çap olunan “Bauer und Arbeit” adlı qəzetin adını çəkmək olar. Alman dilində nəşr olunan həmin qəzetin işçi heyəti - A.A. Erfurt, P.Kulfeldt və Schönberg adlı almanlardan ibarət idi.

Bu qədər açıq və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində həmişə qeyri-azərbaycanlılara qarşı xoş və müaliyim rəftar sərgilənib. Vaxtilə almanlar Azərbaycana miqrasiya etmişdilərsə, sonradan Qarabağ müharibəsindən dolayı bəzi qaçqınlar Almaniyaya köçdülər. Almaniyada baş alan ksenofob, dini, etnik, milli ayrı-seçkilik zəminindəki düşüncə və fikirlərdən dolayı mənfi davranış Azərbaycandan olan mühacirlərə qarşı da müşahidə olunub. 2015-ci ildə Bavariya əyalətində yerləşən Azərbaycandan olan 19 miqrantın, həmçinin 3 azyaşlı uşağın məşkunlaşdığı sığınacağa millətçilər od vuraraq yandırdılar.

Faktlar onu göstərir ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxaraq, sırf siyasi əhəmiyyət daşımağa başlayıb. Bir vaxtlar ağız dolusu ilə multikuluralizmdən danışan Avropanın dediyi prinsiplər sarsılmaqdadır.

“Amnesty İnternational” təşkilatının verdiyi məlumata görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, miliyyətçilər tərəfindən irqi zəminində ən azı 200-dən artıq cinayət törədilib. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”.

Ümumiyyətlə, “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Avropanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı. Multikulturalizmin paradiqmasına uyğun olaraq, mədəni müxtəliflikləri dərk etmək ədalətin əsas şərtidir. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir.

Multikulturalizm termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox “tolerantlıq” kimi anlaşılırdı. Yəni Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinci və üçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanırdı. Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud populist və sırf praqmatik maraqlarını güdürdülər.

Elə bu səbəbdən də anti-miqrant, anti-müsəlman siyasi kurs yürüdən “PEGİDA” “AfD”, "LEGİDA", “Die Rechten” kimi sağ təmayüllü siyasi partiya və təşkilatlar əhalinin səsini qazanmaq üçün anti-multikultural düşüncələrlə çıxış etməyə başladılar. Millətçi atmosferin formalaşması nəticə etibarı ilə cəmiyyətdəki multikulturalizmin özülünü yavaş-yavaş dağıtmağa başladı.

“Azərbaycan Modeli”

Əsirlər boyu inkişaf keçərək püxtələşən və hər bir ölkəyə nümunə ola biləcək multikuluralizmin artıq “Azərbaycan Modeli” var. Əslində multikulturalizm və assimilyasiya eyni problemin - cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Avropada istiqamətverici fikirlərdən biri də o olub ki, immiqrasiya və inteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. İstər immiqrantların, istərsə də yerli qrupların real inteqrasiyası isə dövlətin fəaliyyətində nadir hallarda öz əksini tapıb.

Birincisi, Avropa yaşanmış bir təcrübə kimi sosial müxtəlifliyi siyasi bir proses kimi multikulturalizmdən ayırmalıdır. Kütləvi immiqrasiya nəticəsində yaranan sosial müxtəliflik qəbul edilməlidir. İkincisi, Avropa irqçiliyi görməzdən gəlməməlidir. Ancaq bu, o demək deyil ki, dövlət xüsusi qruplara qarşı diskriminasiyanı gözardı etməlidir.

Azərbaycan əsirlər boyu müxtəlif xalqların nümayəndələri ilə çox sıx və bir dövlətdə yaşayıblar. Heç bir zaman ölkədəki etnik qruplar arasıda multkulturlizmin prinsiplərinə tərs olaraq təpki müşahidə olunmayıb. Azərbaycanda ləzgi, tat, talış, yəhudi, rus, gürcü, alman, udin, buduq, ingeloyd, avar, dargin və digər etniklər tarixin müəyyən dövründə yaşayıb və hələ də birlikdə yaşamaqdadırlar. Məsələnin incəliyinə varsaq, hətta erməni əsilli vətəndaşların hazırda Azərbaycanda birgə yaşadıqlarını demək olar. Bu, Azərbaycan modelinin sadəcə etnik və millət tərkibidir.

Şübhəsiz ki, multikultural modelin forlaşması üçün dövlətin də diqqət və qayğısı danılmazdır. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə “Bakı Beynəlxalq “Multikulturalizm Mərkəzi” yaradıldı. “Multikuluralizm Mərkəzi” tez-tez ölkə daxilində və xaricidə müxtəlif səpkidə elmi konfrans və simpoziyumumlar təşkil edərək “Azərbaycan Modeli”ni dövlətlərin diqqətinə çatdırır.

Bundan başqa prezident İlham Əliyevin xüsusi fərmanı ilə “Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri” adlı səlahiyyətli dövlət rəsmi nümayəndəliyi təsis olundu. Sözügedən müşavir də öz növbəsində dünya çapında multikuluralizmin tam qayəsini, o cümlədən Azərbaycanın qazandığı tarixi təcrübələrin, modelinin dünyaya ixrac olunmasında əsas fiqurlardan sayılır.

Bu zamana qədər Azərbaycanın təşkilatçılığı ilə Almaniyada keçirilən multikulturalizm və tolerantlıq adlı mövzuların hamısı xüsusən diqqət çəkir. Konfransaların bir çoxuna Almaniyanın bir sıra yüksək səviyyəli dövlət rəsmilər qatılıblar. 2015-ci ildə Auqsburq Universitetində keçirilən növbəti akademik kurrikulumla 11-ci ali məktəbə imza atılıdı. Belə ki, bütün bu çəkilən zəhmətin nəticəsində Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya, Almaniya və Belarus universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni həm magistr, həm də bakalavr dərəcələrində tədris olunmağa başlanılıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti