Prezidentin geri qaytardığı qanunun problemi nə idi? – TƏHLİL

Prezidentin geri qaytardığı qanunun problemi nə idi? – TƏHLİL
  12 Fevral 2016    Oxunub:4469
Məlum olduğu kimi, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun ölkə Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə (MM) geri qaytarılıb. Buna sahibkarların və investorların müraciətlərinin səbəb olduğu deyilir.

Dəyişikliklərə əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən ölkədən kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20%-i miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Son vaxtlar bir sıra hüquqi-normativ aktlara müvafiq düzəlişlər edildikdən sonra ləğv edilməsi adi hal alıb. Əslində, bunda mənfi heç nə yoxdur. Yaranmış iqtisadi situasiya ilə əlaqədar, vətəndaşların maddi maraqlarının qorunmasının təmini, habelə ümumən, daxili bazarın müdafiəsinin təşkili, yerli istehsalı mühafizə etmək və investisiyaların cəlb olunması məqsədilə yeni tədbiq edilən qaydalar və atılan addımlar bəzən, dövrün bu və ya digər tələbi ilə üst-üstə düşməyə də bilər. Ancaq bu, müvəqqəti haldır. Belə ki, bir sıra məsələlərə bir az sonra təkrar baxmaq olar. Sözümüz bunda deyil.

Məsələ bundadır ki, Prezident yanvarda keçirdiyi müşavirələrin birində özü də qeyd etdi ki, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər verilib və təkliflər hazırlanır. “Çünki bu addımlar atılmasa, bizim iqtisadi islahatlarımızın uğurlu icrası ləngiyə bilər. Bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin”,–deyə, dövlət başçısı vurğulamışdı.

Xatırladım ki, bəzi ekspertlərin fikirlərinin əleyhinə olaraq biz, ölkədə valyuta bazarının daha düzgün və dəqiq tənzimlənməsi üçün “Valyuta tənzimi haqqında” Qanuna bəzi dəyişikliklər etməyə böyük ehtiyac olduğunu qeyd etmişdik.

Belə ki, bəzi detallar üzrə müvafiq mexanizmin əslində, indiyədək yaradılmalı və fəaliyyət göstərməli olduğunu söyləmişdik. Məsələ isə bundan ibarət idi ki, manatın devalvasiyalardan əvvəl məzənnəsi ilə əlaqədar, yəni milli valyutamızın dəyəri üçün əvvəlki illərdə heç bir təhlükə və təzyiq yox idi deyə, bir çox mexanizmlərə praktik olaraq ehtiyac hiss edilmirdi.

Ancaq neftin qiymətiylə bağlı dövlət gəlirlərimizin kəskin azalması və bununla əlaqədar olaraq da manatın məzənnəsinin 2 dəfə devalvasiyaya uğraması bəzi tənzimləyici alətlərdən istifadənin nə dərəcədə zəruri olduğunu əyani göstərdi. Bəli, söhbət, məhz tənzimləyici alətlərdən gedir, məhdudlaşdırıcı deyil...

Məsələn, biz, xaricə valyuta çıxarılması, müvafiq köçürmələrə icbari yığımların tətbiqini vacib hesab edirdik. Bunu da ilk növbədə, xarici valyutaya sadə vətəndaşlar tərəfdən tələbin adətən ilin müəyyən vaxtlarında, ən çox da bayram günləri ərəfəsində, yay mövsümündə və sair zamanlarda artmağa başlamalı olduğu halda, ölkəmizdə bütövlükdə keçən il və o cümlədən, bu ilin yanvarın sonuncu 10 günlüyünə qədər olan müddət ərzində ABŞ dollarına qarşı müşahidə edilən məlum tələbin heç bir məntiqə sığmaması faktı ilə izah etmişdik.

Düzdür, sözügedən tendensiyada psixoloji, o cümlədən təşviş və sair elementlərin böyük rolu oldu. Yaranmış vəziyyətdən istifadə edənlər də az təsir göstərmədilər.

Bununla belə, təkrar edirik, heç cür ola bilməz və mümkün də deyildi ki, sadə vətəndaşlar bu qədər dollar alsınlar. Yəni, bu, qeyri-normal tendensiya idi. Çünki bu, nə camaatın “yastıqlarının altındakı manat” məsələsi, nə də kimlərinsə qazanc əldə etmək istəyi idi. Mübadilə məntəqələrində əməliyyatların 90%-dən çox hissəsini valyuta satışı təşkil edirdi. Bu isə o demək idi ki, vətəndaşlar ən çox valyuta almaqla məşğul olurdular.

Əlbəttə, bütün bunlar vətəndaşların məhz əlverişli imkanları olan bir qisminin öz sərbəst vəsaitlərini kənara çıxarmaq və yığım məqsədilə həyata keçirdikləri addımların nəticəsi idi. Hər iki halda məqsəd isə yatırım xarakteri daşıyırdı.

Təkcə bir faktı qeyd edək ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, azərbaycanlılar ötən il Türkiyə mənzil bazarından 815 ədəd mənzil alıblar. Ötən ilin təkcə dekabr ayında isə bu rəqəm nə az, nə çox düz 82 ədəd olub.

İndi bir çoxları bunu adı çəkilən ölkədə daşınmaz əmlak, xüsusən də mənzil bazarında alqı-satqı və mülkiyyət münasibətləri ilə əlaqədar vəziyyətin əlverişli olması, qiymətlərin sərfəliliyi, o cümlədən bəzi vətəndaşlarımızın sırf şəxsi ehtiyacları – orada çalışmaları, uşaqlarının və sairlərin təhsil almaları ilə izah edirlər.

Əlbəttə, sırada belələri də var. Lakin bir faktı da nəzərə almalıyıq ki, ölkəmizdə ABŞ dollarına qarşı izaholunmaz tələb də məhz 2015-ci ilin əvvəlindən yaranmağa başlayıb. Sual yaranır ki, doğrudanmı, elə hər şey üst-üstə düşüb?

Biz, vətəndaşlarımızın xaricdə mal-mülk sahibi olmaları əleyhinə çıxmırıq. Ancaq yaxşı olardı ki, bu, investisiya şəklində olsun və sonradan dolayı yolla ölkəmizə də gəlir gətirsin. Yeri gəlmişkən, bəziləri kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20%-i miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tədbiqini əcnəbi investorlar üçün problem yaradacağını bildirdilər.

Lakin maliyyə naziri Samir Şərifov dərhal izah etdi ki, hər hansı xarici fiziki şəxs Azərbaycana 10 milyon dollar məbləğində investisiya qoyub və bir neçə ildən sonra 15 milyon dollar qazanc əldə edibsə, onun 10 milyonu qoyduğu investisiya hesab olunduğundan maneəsiz xaricə köçürülə bilər.

“Yerdə qalan 5 milyonla isə ölkə daxilində mənfəət vergisi daxil digər bütün vergiləri də ödəməlidirlər. Eyni zamanda vəsaitin bir qismini xaricə ötürdükdə isə mənbədə 10 % vergi tutulur. Burda heç bir dəyişiklik edilməyib, bu, həmişə olub. Bunu da onlar ödəyirlər. Bunlara bu 20 %-lik yığım tətbiq olunmur.”- deyə, nazir əlavə etmişdi.

Yeganə mənfi cəhət bu ola bilərdi ki, idxalla məşğul olan şəxslər və dairələr əlavə rüsum tədbiqindən əziyyət çəkə bilərdilər və bu da xarici istehsala məxsus malların daxili bazar qiymətlərinin lüzumsuz bahalaşmasıyla nəticələnəcəkdi. Ancaq bu da baxırdı, hansı növ məhsullar...

Sözün qısası, sözügedən qanun MM-nin plenar iclasında yenidən müzakirəyə çıxarılacaq. Bütün bu deyilənlərə əsasən, bizim istədiyimiz ondan ibarətdir ki, valyuta bazarında bu və ya digər hallarda “alov” yaranmasına imkan yaranmasın və ona zəmin oyadan hər cür subyektiv amillər birdəfəlik olaraq aradan götürülsün. Bu isə yalnız, kompleks tədbirlər sayəsində mümkündür. Ancaq, qanunla müəyyən məhdudiyyətlərin tətbiqi də bunun tərkib hissəsi ola bilər. Bu, daxili valyuta bazarının normal tənzimlənməsi üçün vacib şərtdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti