Rus-Türk gərginliyində `çeçen kartı` – TƏHLİL

Rus-Türk gərginliyində `çeçen kartı` – TƏHLİL
  25 Fevral 2016    Oxunub:6981
Rusiya ilə Türkiyə arasında münasibələrin pozulmasından sonra Qərbin Türkiyənin də iştirakı ilə Moskvaya qarşı yenidən “çeçen kartı”nı oyuna qatmaq niyyəti hiss olunur. Amma eyni çaya ikinci dəfə girmək mümkün olacaqmı?

Çeçenistan münaqişəsinin köklərini 1990-cı illərdə deyil, 300-400 il öncəki tarixdə axtarmaq lazımdır. 1864-cü ildə Qafqaz xalqları böyük bir sürgün ilə üzləşdi. Bu sürgünlər 1919-21-ci illərdə, habelə 1944-cü ildə də təkrarlandı. Osmanlının bölgədə təsiri azaldıqca müsəlmanlar Rusiyanın ixtiyarına keçdilər.

Bülent Ecevitin zamanında Rusiya Daxili İşlər Nazirinin Türkiyəyə səfəri ilə xüsusi bir razılaşma əldə olundu. Protokola görə, Rusiya öz turistlərini Türkiyə ərazisində öz polisilə qoruyacaqdı. Cövhər Dudayevin 14 yaşlı oğlu Begi Dudayev Türkiyəyə mühacir etdiyi zaman onunla bağlı həbs qərarı yox idi, lakin Türkiyə dövləti onu geri qaytardı. Amma türk mediası bu məsələni heç zaman qabartmadı. Qeyd olunanlar Türkiyənin çeçen məsələsində Rusiyaya müəyyən dövrlərdə güzəştdə getdiyini göstərən sadəcə bir neçə faktdır.

Çeçenistanda məğlub olandan sonra ruslar müxtəlif yollar axtarışında çıxdılar. Bu istiqamətdə FSB çeçenlərə qarşı ciddi çalışmalar reallaşdırdı, çeçenləri bir-birinə düşmən etmək kimi taktikalardan istifadə olunurdu. Adam qaçırmaq da FSB-nin bir qrup xəyanətkar çeçenlə reallaşdırdığı planlardan idi. Rus mediası bu kimi incə məqamlardan istifadə edərək çeçenlər arasında parcalanma salmağa çalışırdı. Beləcə, rus mediası anti-çeçen atmosferi formalaşdırdı. Nəticədə daha sonra Şamil Basayevin Dağıstana girməsi belə situasiya yaratdı ki, sanki, savaşı çeçenlər başladıblar və bu, Rusiyanın işinə çox yaradı.

Maraqlıdır ki, o vaxt Şamil Basayevin heç bir titulu yox idi. Hətta onunla bağlı Mashadov açıqlama vermişdi ki, "Bu, bizim daxili məsələmizdir, günahkarı biz cəzalandıracağıq".

2008-ci ildə kod adı Berkan Yaşar, əsl adı isə Əbu-Bəkir olan çeçen CİA-ya işlədiyini və Türkiyədə yaşadığı müddətdə çeçenlərə 1 milyon dollar yardım edən xüsusi qrupda olduğunu açıqladı. Maraqlıdır ki, bu etiraflar məhz Rusiya telekanalı tərəfindən yayımlanmışdı.

II Çeçen müharibəsi zamanı önəmli fiqurlardan biri olan Əhməd Kadırov Putin tərəfindən ələ alınaraq Çeçenistana rəhbər gətirildi. Oğluna, yəni hazırkı Çeçenistan Prezidenti Ramzan Kadırova o zaman - 24 yaşında ikən 500 nəfərdən ibarət ordu həvalə olmuşdu. Rusiyanın çeçenləri bölməsinə dair ilk ciddi hadisələr o zamandan başladı. 2004-cü ildə bomba partlaşıyı ilə Əhməd Kadırovun ölümündən bir neçə saat sonra Vladimir Putin Ramzan Kadırovla birlikdə canlı yayıma çıxdı və ona medal təqdim etdi. Beləcə, Ramzan Kadırovun Çeçenistanın rəhbərliyinə yolu açıldı.

Çeçenlərin təkrar ikiyə bölünməsi özünü Rusiya-Türkiyə münasibətləri pozulandan sonra göstərdi. Tərəflər bir-birilərinə qarşı “çeçen kartı”ndan istifadə etməyə başladılar. Çeçenistan Prezidenti Ramzan Kadırov Türkiyəni qırıcını vurmaqda və Rusiyaya xəyanətdə ittiham etdi. Kadırov onu da açıqladı ki, çeçenlər Suriyada Rusiyanın yanında savaşmağa hazırdırlar və istənilən köməkliyi edəcəklər.

Amma çeçenlərin başqa bir qrupu Kadırova qarşı çıxdı. Bəzi mənbələr 2-3 min çeçen mücahidə Türkiyədə təlim keçirildiyinin yazır. Bütün bu sadalanan faktlar çeçenlər arasında bölünmənin olduğunu göstərir. Türkiyə və Rusiyanın tərəfdarı olan çeçenlər hazırda əks qütblərdə dayanmaqdadırlar.

Yanvarın 22-də 1 milyona yaxın çeçen Putin və Kadırova dəstək olaraq böyük bir mitinq keçirdilər. Mitinqdə "Putinin yanındayıq", "Kadırovu dəstəkləyirik", "Xain olmayın" kimi ifadələrin işlədilməsi xüsusi mesajlar idi. Ardınca Ramzan Kadırov verdiyi açıqlamada bildirdi ki, heç bir halda III Çeçen müharibəsinin çıxmasına əsla icazə verməyəcək.

Maraqlıdır ki, həmin mitinqə 500-dək avtomobil məhz Dağıstandan gəlib. Dağıstan Çeçenistanın Xəzərə açılan yeganə qapısıdır və burada vaxtaşırı Rusiya təhlükəsizlik qüvvələri tərəfindən silahlılara qarşı əməliyyat keçirilir. Amma eyni zamanda, Dağıstan Türkiyə xüsusi xidmət orqanları üçün də bir növ dayaq məntəqəsidir.

Çeçenistanda təşkil olunan mitinqdən bir neçə gün sonra Türkiyədə Rusiyanın İstanbuldakı konsulluğu qarşısında çeçenlərin anti-Rusiya, anti-Kadırov ab-havalı mitinqləri baş tutdu. Etirazçılar Rusiyanın Çeçenistandan əlini çəkməsini tələb edirdilər.

Təkcə Türkiyədə deyil, həmçinin Avstriya, Almaniya, Polşa, Fransa, Finlandiya, Ukrayna, İsveç, Norveç və Kanadada təşkil olunan etiraz aksiyalarında yüzlərlə çeçen iştirak etdi. Diqqət çəkən nüans o idi ki, Çeçenistandakı mitinqdə Putin dost olaraq göstərildiyi halda, qeyd olunan ölkələrdə etiraz təşkil edən çeçenlər "Putini Çeçenistanın düşməni", "İŞİD Putin, Putin İŞİD" kimi təqdim edirdilər.

Bütün bu hadisələri onu göstərir ki, Qərb-ABŞ ikiliyinin istəyi və Türkiyənin iştirakı ilə Rusiyaya qarşı Çeçenistan kampaniyasına start verilib. Bunu öncədən hiss edən Putin-Kadırov birliyi cəld tərpənərək, prosesləri önləməyə çalışır. Rusiya göstərmək istəyir ki, artıq çeçen kartı keçərli deyil və çeçenlər istənilən şəraitdə Rusiyanın yanında yer alacaqlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti