Əmanətlərin tam sığortalanması: Manata ciddi dəstək – TƏHLİL

Əmanətlərin tam sığortalanması: Manata ciddi dəstək – TƏHLİL
  03 Mart 2016    Oxunub:6299
Ölkədə bankların fəaliyyətini sağlamlaşdırmaq, o cümlədən əhalinin onlara inamını, manatın itirdiyi mövqeyini bərpa etmək üçün əmanətləri tam olaraq sığortalamaq, həmçinin faiz gəlirlərini də vergidən azad etmək şübhəsiz ki, vacib idi və həyata keçirilməsi tələb olunan tədbirlərdən sayılır.

Beləliklə, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı, 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanununa əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq tamamilə sığortalanacaq.

Üstəlik, bundan sonra əmanəti xarici valyuta ilə yerləşdirmək əvvəlki kimi, hətta ondan da artıq, etibarlı sayılsa da, daha sərfəli xarakter daşımayacaq, manatla isə nisbətən cəlbedici olacaq.

Əmanətlərin tam olaraq sığortalanması ilk növbədə birmənalı olaraq ölkədə məhz dollarizasiya əleyhinə yönələn tədbir kimi xarakterizə oluna bilər. Bu prosesin maksimum səviyyəyə çatdığı məlum məsələdir. Bu, özünü banklarda əmanətlərin strukturunda əyani göstərir. Əhalinin banklardakı əmanətlərinin demək olar, 80%-dən çoxunu ABŞ dolları təşkil edir ki, bu da həm devalvasiyadan sonra, həm də əvvəl yerləşdirilmiş vəsaitlərin dolların xeyrinə olması və yaxud da məhz dəyişdirilməsi hesabına baş verib.

Məlumat üçün qeyd edək ki, banklarda 1 yanvar 2016-cı il tarixinə fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyard 473 milyon 900 min manat təşkil edirdi ki, bunun da 8 milyard 053 milyon 700 min manatı məhz xarici valyutada olub. Bu isə o deməkdir ki, ölkədə kredit təklifi də yalnız dollarladır, manatla borclanma, borcvermə isə tamamilə risk vəziyyətindədir. Bunu isə banklara əmanət cəlbinə dair mövcud mexanizmi nəzərdən keçirmədən və dəyişmədən heç bir başqa yolla aradan qaldırmaq mümkün deyil. Çünki bankları manatla təmin etməli olan Mərkəzi Bank (AMB) da yaranmış situasiyada təəssüf ki, uçot dərəcəsini qaldırmaq məcburiyyətindədir. Elə AMB-in sonuncu dəfə 15 fevralda uçot dərəcəsini 3%-dən 5%-ə qaldırmaq haqda qərarına dair açıqlamasında da bildirilir ki, bu, milli valyutaya etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərini təkmilləşdirməyə şərait yaratmaq məqsədilə edilir.

Halbuki yaranmış vəziyyətdən çıxmaq məqsədilə nəzəri baxımdan əslində 2 yol var idi: birincisi, banklara əmanətlərin manatla yerləşdirilməsini stimullaşdırmaq və cəlbediciliyini artırmaq, ikinci isə onların kredit portfellərində manat kütləsini artırmaq.

Ancaq məsələ bundadır, sonuncu barədə qeyd edək ki, banklar tərəfdən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün AMB vəziyyətə təbii ki, fəal müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərməli idi. Bunun başlıca yolunu isə mərkəzi kreditlərin həcmini artırmaq təşkil edir. O baxımdan ki, sözügedən qurum dövriyyədən yığdığı manatı məhz bu yolla geri qaytara bilərdi. Bunu isə yalnız ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkün idi.

Amma vəziyyət başqadır: uzun müddətdir dövriyyədə həm də manat kütləsi məhdudlaşdırılır. Ona görə ki, bu özü də dollarizasiya əleyhinə əlavə tədbir sayılır və bilavasitə manatı möhkəmləndirmək məqsədi daşıyır. Odur ki, bayaq da qeyd etdiyimiz kimi, AMB istər-istəməz uçot dərəcəsini qaldırmalı idi və qaldırdı da... Demək, çıxış yolu qalırdı yalnız banklara əmanət cəlbində manatla yerləşdirməni stimullaşdırmaq və məhz bunda cəlbediciliyi artırmağa. Əmanətləri tam olaraq sığortalamaq və bu zaman manatla yerləşdirilən vəsaitlər üzrə daha yüksək faiz dərəcəsinə qarant olmaq isə məhz bu qəbildən tədbirdir.

Əmanətlərin tam olaraq sığortalanmasının tədbiqində digər vacib bir məqam isə bank sektorunda radikal islahata bundan sonra bir müddət moratorium qoyulacağı ilə əlaqədar müvafiq nəticə verəcəyi gözləntisidir.

Belə ki, cari il başlanandan bəri, AMB tərəfdən bir sıra bankların lisenziyalarının əllərindən alınması, bəzilərinin isə birləşməyə sövq edilməsi tendensiyasının nəticəsi bir daha əyani olaraq sübut etdi ki, bu, heç də effekli yol deyil. Və məqsədəuyğun xarakter daşımır. Əmanətlərin tam olaraq sığortalanması istiqamətində atılan addım isə bütün bunlardan üstün və vacib qərardır. Bunun səmərəsi qısa müddət ərzində özünü göstərəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti