Qarabağ prosesinin gizli qatları: Ermənistanda nə baş verir - TƏHLİL

Qarabağ prosesinin gizli qatları: Ermənistanda nə baş verir - TƏHLİL
  19 Aprel 2016    Oxunub:24696
Ermənistanda anti-Rusiya nümayişlərinin davam etməsi onu göstərir ki, Azərbaycanla Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı müəyyən razılaşma əldə olunub. Güman ki, bu razılaşma barədə Ermənistana da məlumat verilib və Yerevana razılığa gəlməsi ilə bağlı müddət qoyulub.

Ermənistan kimi avtoritar ölkədə nümayiş iştirakçılarının Rusiya səfirliyinə yumurta atmaları, bu ölkənin bayraqlarını yandırmaları və polisin etirazçılara münasibətdə dözümlülük nümayiş etdirməsi hakimiyyətin Kremlə etiraz bildirməsinin dolayı formasıdır. Yerevan bununla Moskvaya göstərmək istəyir ki, Ermənistan ictimayyətində Rusiyaya olan inam sarsılmaqdadır.

Ancaq sual yaranır – Nəyə görə? Axı Rusiya tərəfi hansısa sülh planı barədə rəsmi açıqlama verməyib. Əgər hansısa razılaşma mövcuddursa və Moskva Yerevanı bu razılaşmaya qoşulmağa vadar edirsə belə, bu barədə bütöv ölkə ictimayyətinin deyil, yalnız hakim elitanın məlumatı ola bilər. Demək ki, Rusiyaya qarşı etiraz aksiyaları hökumət tərəfindən süni şəkildə təşkil olunur. Səbəb isə çox sadədir, Yerevanın Moskvaya müqavimət göstərmək üçün başqa heç bir vasitəsi qalmayıb.

Ehtimal etmək olar ki, Rusiya ilə Azərbaycan arasında əvvəlcə beş rayonunun, sonra Kəlbəcər və Laçının bir hissəsinin qaytarılması, Dağlıq Qarabağın statusunun isə qeyri-müəyyən vaxta təxirə salınması ilə bağlı razılıq əldə olunub. Təbii ki, bu razılaşma təmənnasız olmayıb və Azərbaycan bunun müqabilində müəyyən məsələlərdə beynəlxalq müstəvidə Moskvanın xeyrinə addımlar atmalı olacaq. Məsələn, Türkiyənin Krım tatarlarına verdiyi dəstəyi dayandırması Putinin “Krım” planını fiaskodan xilas edə bilər. Bəlkə də, Prezident İlham Əliyevin türkiyəli həmkarı ilə birlikdə Krım tatarlarının lideri Mustava Cemilovla görüşünün arxasında elə bu səbəblər dayanır.

Beləliklə, əgər Rusiya 5 rayonun Azərbaycana qaytarılmasına razılıq veribsə və Sarkisyan hakimiyyəti buna etiraz edərək, müqavimət göstərirsə, belə olan halda planın reallaşması üçün iki ssenarinin oynanılması mümkündür. Əvvəlcədən bildirmək lazımdır ki, Rusiya bu planın icrasını elə həyata keçirməlidir ki, nəticədə Ermənistan incik düşüb onun siyasi təsir dairəsindən çıxmasın.

Bunu nəzərə alaraq birinci ssenari kimi ehtimal etmək olar ki, Moskva Yerevanda hakimiyyət çevrilişinə əl atacaq. Başqa sözlə desək, Sarkisyan hakimiyyətdən devriləcək, əvəzində isə, Moskvanın sifarişini yerinə yetirməyə hazır olan şəxs prezident kürsüsünə gətirildikdən sonra Azərbaycanla müvafiq sülh sazişi imzalanacaq.



Artıq Ermənistanın bir sıra mətbu orqanlarında hakimiyyətin istefaya göndərilməsi, müvaqqəti hökumətin yaradılması və yeni prezident seçkilərinin keçirilməsi kimi təkliflər səslənməkdədir.

Rusiyanın ən real namizədi kimi, keçmiş prezident Robert Koçaryanı göstərmək olar. Koçaryanın evinə silahlı hücumun təşkil olunması ya hakimiyyətin onu qorxudaraq ambisiyalarından çkindirmək istəyi, yaxud Koçaryanın özünə qarşı təzyiqlərin olması illüziyası yaratmaq və bununla da siyasi dividendlər qazanmaq istəyilə bağlıdır. Hər iki halda bu, Koçaryanın iddialı namizəd olmasını sübut edən faktordur.

Koçaryanın hakimiyyətə yenidən yiyələnmək üçün Rusiyanın sifarişini yerinə yetirməyə hazır olması, həmçinin, Ermənistanın hakim elitasının vaxtilə Koçaryan tərəfindən formalaşdırılması onu Moskva üçün əvəzedilməz fiqura çevirir. Yəni , Koçaryan hakimiyyətə gəldikdən sonra qərarların qəbulu zamanı hakimiyyətdaxili qruplaşmaların ciddi müqavimətilə qarşılaşmayacaq.

Sarkisyan anlayır ki, öz siyasi komandası ondan imtina edir və cəbhədəki uğursuzluqlara görə onu qurban verirməyə hazırlaşır. Serj Sarkisyanın tələsik keçmiş prezident Levon Ter-Petrosyanla məsləhətləşməyə başlaması Koçaryana qarşı müxalifətlə birləşmək istəyindən irəli gəlir. Bu halda Ter-Petrosyanın prezidentin müşaviri olması tamamilə başa düşüləndir. Sarkisyan ümid edir ki, Ter-Petrosyanı öz tərəfinə çəkməklə ictimai rəyin öz xeyrinə dəyişməsinə və Rusiyanın çevriliş planının qarşısının alınmasına nail olacaq.

Lakin başqa bir ssenari ola bilər ki, Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi və yeni prezident seçildikdən sonra ərazilərin qaytarılması daha çox vaxt aldığı üçün Azərbaycanı qane etməyə bilər. Həmçinin burada müəyyən riskli vəziyyət də yarana bilər ki, yeni hakimiyyət heç də gözlənildiyi kimi sövdələşməyə sədaqatli qalmaz.

Odur ki, ikinci ssenari kimi Ermənistanda hakimiyyət uğrunda mübarizənin daha da gərginləşməsini və həmin müddət ərzində Azərbaycanın Rusiya ilə razılaşdırılmaqla hərbi yolla öz torpaqlarını azad edəcəyini ehtimal etmək olar. Bundan sonra Ermənistanda hakimiyyətə gələcək yeni hakim komanda ilə Qarabağın statusu ətrafında danışıqlar başlayacaq.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti