Yeni vergi siyasətinin məqsədi: Kəndli torpağını əksin! – TƏHLİL

Yeni vergi siyasətinin məqsədi: Kəndli torpağını əksin! – TƏHLİL
  10 İyun 2016    Oxunub:5479
Qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini regionlarda mövcud iqtisadi potensialdan tam istifadə olunması təşkil etdiyini dəfələrlə yazmışıq. Bunun da əsasını təbii ki, kənd təsərrüfatı təşkil edir. Odur ki, Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə qeyd edib ki, kənd təsərrüfatının inkişafı hökumət üçün həmişə prioritet hesab edilib və bu, indiki şəraitdə daha önəmli xarakter daşıyır.

Yeri gəlmişkən, I rübdə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında 2,7% artım qeydə alınıb ki, bütövlükdə keçən il bu rəqəm 6% təşkil etmişdi. Cari ildə isə bacardıqca maksimum nəticəyə nail olmaq qarşıya vəzifə olaraq qoyulub.

Ümumiyyətlə, ərzaq təhlükəsizliyi məsələsinin tam həlli məqsədilə son illər ərzində böyük işlər görülüb ki, bunlar davam etdirilir. Artıq, öz məhsulunu xaricə çıxara bilən qurumlara, şirkətlərə dövlət kompensasiya verəcək. Ölkə prezidenti də qeyd edib ki, baxaq, bu sistem necə işləyəcək. Çünki bir çox ölkələrdə bu, özünü həqiqətən doğruldub.

Bu günlərdə dövlət başçısının Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi haqda imzaladığı Qanuna əsasən, kənd təsərrüfatına aid torpaq sahələrini təyinatına uyğun istifadə etməyənlər haqda bundan sonra 100 kvadratmetrə görə 1 manat vergi ödəyəcəkləri haqda müddəa var. Yəni, 1 hektarın 10.000 kvadratmetr olduğunu nəzərə alsaq, 100 manat... Əvvəl 100 kvadratmetrə görə bu, 6 qəpik idi. Qısa desək, 16 dəfədən çox artım var. Sual olunur ki, niyə?

Kənd təsərrüfatının, ümumiyyətlə regionların inkişafı təkcə investisiya qoyuluşu, zavod və fabrik tikərək istifadəyə verilməsindən ibarət deyil. Camaatı aqrar məhsulları istehsalı və tədarükü ilə məşğul olmaları üçün stimullaşdırmaq - həvəsləndirmək, onlara əldə etdikləri məhsulları reallaşdırmaları, bundan pul qazanmaları üçün şərait yaratmaq lazımdır. Regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən, kəndli ən mühüm istehsal vasitəsi olan torpaq ilə məşğul olmalı və o heç də "əyninə xalat geyib, başına papaq qoyaraq dəzgah arxasında durmalı deyil". Bunun üçün həm də inzibati üsullardan istifadə etmək tələb olunur.



Bəllidir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün 27 noyabr 2001-ci il tarixdə təsdiq edilən “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanun hələ də qüvvədədir ki, buna görə, dövlət büdcəmiz ildə milyonlarla vəsait itirir.

Düzdür, sözügedən güzəştin tədbiqi nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları 2 milyard manatdan çox vəsaitə qənaət ediblər. Lakin bu, həm də o deməkdir ki, həmin vəsait dövlət büdcəsindən kənarda qalıb.

Ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunması etiraf etmək gərəkir ki, faktik olaraq, daha çox iri təsərrüfat sahiblərinin karına gəlib ki, fərdi və xırda torpaq sahiblərinə müəyyən səmərə götürsələr də, bundan əsas etibarı ilə dövlət büdcəsi itirib.

Bununla belə, hökumət aqrar istehsala dəstək məqsədilə, bu siyasəti davam etdirir ki, ondan imtina etmək niyyətində deyil. Ancaq, istənilən güzəşt sözsüz ki, müvafiq müsbət nəticə də verməlidir. Əgər, vergilərdən azad olma adekvat olaraq məhsul istehsalı həcminin artması ilə nəticələnmirsə, demək, mütləq əlavə tədbirlər görmək lazımdır.

Bu mənada, əkilməyən 1 hektar torpaq sahəsinə görə 100 manat vergi ödənişinə dair qeyd olunan mexanizmin tətbiqi vacib və olduqca zəruri addım sayılır. Bu, indiki şəraitdə kənd təsərrüfatının düzgün istiqamətdə inkişafı üçün tələb olunan bir siyasətdir. Belə ki, torpaq sahibi dövlətin ona əvəzsiz olaraq verdiyi bu istehsal vasitəsinə görə, məsuliyyət daşıyır. Və o, bundan istifadə edərsə, deməli, məhsul götürür, müvafiq vergini də yerli özünüidarəetmə orqanına ödəyir. Yox, əgər, istifadə etmirsə, buna görə dövlət qarşısında cavabdeh sayılır və məsuliyyət daşıyır.

Bizcə, qanun hələ kifayət qədər yumşaq qəbul olunub. Qeyd edək ki, əvvəlki layihədə isə 100 kvadratmetrə görə 10 manat vergi nəzərdə tutulmuşdu. Bu isə hektara 1000 manat demək idi. Lakin bu məbləğ ictimai narazılığa səbəb olacağından 1 manata endirildi. Bəs, bunun səmərəsi olacaqmı?



Bu cür vergi dərəcəsinin artırılması aqrar sektorun intensiv inkişafına sözsüz ki, böyük təkan verəcək. Çünki sözügedən vergi artımı istehsala deyil, bundan yayınmağa görə tədbiq edilir. Həqiqətən də ölkədə bir sıra kənd təsərrüfatına yararlı torpaq sahələri heç bir əsas olmadan uzun müddətdir təyinatına uyğun istifadə olunmur.

Dövlət başçısı hökumətin demək olar, hər iclasında çıxışı zamanı isə aqrar sahənin inkişafına toxunarkən, istifadəyə yaramayan torpaq sahələrinin də dövriyyəyə cəlb edilməli olduğunu tələb etdiyi halda, real olaraq istifadə üçün yararlı torpaq sahələrin də kənarda qaldığı faktı, əlbəttə ki, təəssüf doğurmaya bilməz.

Buna görə də kənd təsərrüfatına uyğun torpaq sahələrindən istifadə etməməyə görə vergi dərəcəsinin artırılması bu torpaqlardan təyinatına uyğun istifadəyə yol açacaq ki, bu tədbir özü də bir növ stimullaşdırıcı xarakter daşıyacaq.

Ümumiyyətlə, təkrar edirik: kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmalı olan əhalinin muzdlu əmək dalınca şəhərə “qaçmasının” qarşısını yalnız və yalnız, ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə almaq olar. Ona görə də bu, qeyri-neft sektorun inkişafında əsas hədəf sayılmalı və məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti