Sevgilisinə görə 1000 km yol gedən bakılı oğlan

Sevgilisinə görə 1000 km yol gedən bakılı oğlan
  29 İyul 2013    Oxunub:2499
Bakının “Shark head” velosiped klubunun 5 nəfər üzvü Dimitri Qəbəliyevin rəhbərliyi ilə iyulun 18-də Bakıdan çıxıb, 1000 kilometr yol qət edərək, Rusiyanın Mineralnıye Vodıy şəhərinə çatıblar. `İnForex` şirkətinin dəstəyilə baş tutan səfərin məqsədi, necə keçməsi və yolda başlarına gələnlər barədə təəssüratlarını Dimitri AzVision.az ilə bölüşüb:
-Səfəriniz nə vaxt başlayıb?

-İyulun 17-si Bakıdan çıxmışıq, 27-si Rusiyanın “Mineralniye Vodı“ şəhərinə çatmışıq.

-Belə uzaq məsafəni ilk dəfədir ki, qət edirsiniz?

-Bəli, ilk dəfədir. Keçən il Quba, Şamaxı şəhərlərinə velotura çıxmışıq.

-Neçə nəfərsiniz qrupda ?

-İndi 4 nəfərik . Bizim aramızda velosipedi təzə öyrənən də var.

- Yolda hansı çətinliklərlə qarşılaşdınız?

- Çətinliklər çox oldu. Çünki biz dağlarla gedirdik, yoxuşların sayı çox idi. Yəni, Şamaxıdan başlayaraq, Vladiqafqaz şəhərinə kimi yoxuş idi. Vladiqafqazdan sonra yol rahat oldu. Bu yolda camaat bizə kömək etdi, hətta bizə yemək verən də var idi.
Vladiqafqaz şəhərində bir nəfər bizi saxlayıb otelə kimi yola saldı. Bəzi yerlər var idi ki, çox soyuq idi, orada bir az problemlər oldu.
Çətin olsa da, yaxşı tərəfləri də var idi.

-Heç yolboyu hiss edirdinizmi ki, maraq mərkəzindəsiniz?

- Azərbaycandan yola çıxanda camaat bizi salamlayırdı. Elə bilirdilər ki, Bakıdan yox, xaricdən gəlmişik. Gürcüstana keçəndə heç kim inanmırdı ki, Bakıdan gəlmişik. Qalmaq üçün bizi evlərinə dəvət edənlər də var idi. 10 gün ərzində bütün rayonlarda çadırlarda qalmışıq, məkanımız çadırlar idi. Yalnız Tiflisdə iki gecə oteldə qaldıq.

- Təhlükə ilə üzləşə biləcəyinizdən qorxmurdunuz ki?

- Biz Bakıdan çıxanda deyirdilər ki, Vladiqafqaz çox təhlükəli şəhərdir. Gecələr təhlükəli olur. Ancaq heç bir təhlükə ilə qarşılaşmadıq, çox yaxşı şəhərdir, bizi də çox yaxşı qarşıladılar.

- Bu qədər yolu qət etməkdə məqsədiniz nə idi?

- Mənim burada sevdiyim xanım var. O, Azərbaycandan bura gəlib. Babası bu şəhərdə yaşayır. Özü azərbaycanlıdır, sadəcə məzuniyyətini babasının yanında keçirir. Ona görə mən də gəldim, üzüyü də gətirdim, çatan kimi təklifimi etdim, üzüyü bağışladım. O da razılaşdı. Bir il bundan əvvəl bu təklifi planlaşdırırdım. Toy isə Bakıda olacaq.

-Nə vaxt Bakıya qayıdacaqsınız?

-Ayın 31-i, ya da avqustun 1-i qatarla Azərbaycanın sərhədinə kimi gələcəyik. Nabrandan Bakıya kimi isə velosipedlə yolumuza davam edəcəyik. Avqustun 5-də işə çıxmalıyıq, ona görə də qərarlaşdırmışıq ki, qatarla qayıdaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti