Kərimovsuz Özbəkistanı nə gözləyir? – TƏHLİL

Kərimovsuz Özbəkistanı nə gözləyir? – TƏHLİL
  31 Avqust 2016    Oxunub:29347
Özbəkistanın Nazirlər Kabineti yaydığı rəsmi məlumatda prezident İslam Kərimovun hazırda stasionar müalicədə olması və bunun müəyyən vaxt alacağı bildirilir. Prezident İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillayevə özünün instaqram səhifəsində bu məlumatı təsdiqləyib və atasının insult keçirdiyi üçün hazırda reanimasiyada olması barədə məlumat verib.

“Ferqana” İnformasiya Agentliyinin yaydığı son məlumata görə, 26 il Özbəkistana rəhbərlik etmiş 78 yaşlı prezident İslam Kərimov 29 avqust 2016-cı il tarixdə vəfat edib. Bu məlumat hələ ki, təsdiqini tapmasa da, artıq İslam Kərimovdan sonrakı Özbəkistanın taleyi, onun mümkün varisləri, eyni zamanda baş verəcək proseslərlə bağlı proqnozlar səslənməyə başlayıb.

32 milyon əhalisi olan və Orta Asiya regionunun mərkəzi hissəsində 447.400 kvadrat km. ərazidə yer alan, şərqdə Qırğızıstan şimalda Qazaxıstan, cənubda Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəd olan Özbəkistan həm coğrafi mövqeyi, həm təbii sərvətləri, həm də son illərdə ABŞ-ın Rusiyaya ilə kəskinləşən nüfuz savaşında artan geosiyasi əhəmiyyəti baxımından önəmli ölkə sayılır.

26 il ərzində ölkənin dəyişməz lideri olmuş İslam Kərimov sovet siyasi nomenklaturasının nümayəndəsi olsa da, bu siyasətçini birmənalı şəkildə rusiyayönümlü hesab etmək olmaz. Kərimov xarici siyasətində daha çox qüvvələrarası balansı qorumaqla iqtisadi artıma nail olub və Özbəkistanın müstəqil siyasət yürütməsinə çalışıb.

Özbəkistanın Qərb üçün əhəmiyyəti ilk növbədə bu ölkənin təbii sərvətləri ilə bağlıdır. Məlumat üçün bildirək ki, Özbəkistan ildə 3.5 milyon ton neft hasil edir, təsdiq olunmuş neft ehtiyatlarının həcmi 530 milyon ton, geoloji neft ehtiyatlarının həcmi isə 5 milyard ton təşkil edir. Təbii qaz hasilatına görə bu ölkə dünyada 11-ci yeri tutur və illik 60-70 milyard kub metr qaz hasil edir. Təsdiq olunmuş qaz ehtiyatlarının ümumi həcmi 3,4 trilyon kubmetr, geoloji ehtiyatların ümumi həcmi isə 5 trilyon kub metrdir. Ölkə eyni zamanda qızıl ehtiyatlarına görə dünyada 4-cü, mis ehtiyatlarına görə 10-cu, uran ehtiyatlarına görə isə 11-ci yerdədir.

Qərb Rusiyanın qaz asılılığından çıxmaq üçün məhz Orta Asiyanın təbii ehtiyatlarına arxalanır və 2018-ci ildə istifadəyə veriləcək TANAP qaz xəttinə gələcəkdə Orta Asiya dövlətlərinin də qoşulması nəzərdə tutulub. Eyni zamanda Çinin artan iqtisadiyyatının enerji tələbatlarını ödəmək və Özbəkistanda mövcud olan iqtisadi mövqelərini saxlaması baxımından bu ölkə Pekin üçün xüsusilə əhəmiyyətlidir.

Pekinin reallaşdırmağa çalışdığı “Böyük İpək Yolu” ticarət marşrutunun əsas hissəsinin Özbəkistandan keçəcəyini nəzərə alsaq, bu respublikanın coğrafi mövqeyinin nə dərəcədə əhəmiyyətli olduğu aydınlaşır. Rusiyanın isə yenilənmiş ittifaq qurmaq ideyalarının Orta Asiya regionunda reallaşmasının açarı da Özbəkistandır.

İslam Kərimov Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına, İqtisadi birliyinə, Gömrük ittifaqına qoşulmurdu. Rusiyanın ənənəvi olaraq özünün təsir çərçivəsində hesab etdiyi Orta Asiyaya tam nəzarəti bərpa etməsinə məhz bu amillər mane olurdu. Qeyd edək ki, qonşu Qırğızıstan və Tacikistanda Rusiya hərbi bazaları mövcuddur.

Qeyd olunanları nəzərə alarsaq Özbəkistanda İslam Kərimovdan sonra prezident kürsüsünə kimin yiyələnəcəyi, hakimiyyətin ötürülmə prosesinin hansı məcrada baş verəcəyi və ölkədəki proseslərin regiona mümkün təsirləri maraq doğurmaya bilməz.



Hələ 2013-cü ildə Beynəlxalq Siyasi Ekspertiza İnstitutunun Özbəkistanla bağlı hazırladığı hesabatda İslam Kərimovdan sonra, hakimiyyətin ötürülməsi prosesi zamanı ölkədaxili qarşıdurmaların yaranması ehtimalını irəli sürülmüşdü. İnstitutun ekspertlərinin fikrincə qarşıdurmaların baş vermə ehtimalı 40 faizdir və ehtimalın yaranma səbəbi İslam Kərimovun özündən sonra konkret varis müəyyən etməməsi və hakimiyyət elitasında təmsil olunan müxtəlif klanların nümayəndələri arasında yarana biləcək fikir ayrılıqlarıdır.

Özbəkistanda tarixən formalaşmış klanlar arasında üç klan – Daşkənd, Səmərqənd-Buxara və Fərqanə klanları daha güclüdür. Hakimiyyət uğrunda məhz bu klanların mübarizə aparacağı ehtimal edilir. Əsas maliyyə resurslarının paytaxt Daşkənddə cəmləşməsi bu klanı gücünü artıran faktordur. İslam Kərimovun Səmərqənd klanına mənsubluğu və ənənəvi olaraq siyasi xadimlərin Səmərqənddən olması adıçıkilən klanın güclənməsinə təsir edib. Fərqanə isə islamın və radikal qruplaşmaların mərkəzi kimi təhlükə mənbəyidir və bu səbəbdən siyasi qərarlar bu klanla razılaşdırılır.

İslam Kərimovun özündən sonra varis müəyyən etməməsi siyasi sabitliyin pozulması üçün risk hesab edilsə də, digər tərəfdən bəzi məqamlar nəzərə alınarsa əslində müəyyən tədbirlərin görüldüyü və hakimiyyətin prezidentin mümkün vəfatına hazır olduğunu deməyə əsas verir. Belə ki, 2010-cu ildə Özbəkistanda konstitusiya dəyişiklikləri həyata keçirildi və yeni dəyişikliyə əsasən prezidentin öz səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə onun səlahiyyətlərin Senatın sədrinə keçməsi barədə müddəa qəbul olundu. Qanunvericiliyə əsasən Senat sədri üç ay ərzində ölkəyə rəhbərlik edəcək və həmin müddət ərzində yeni prezident seçkiləri keçirilməlidir. Bu qanun dəyişikliyi onu göstərir ki, hakimiyyət mümkün variantları nəzərdən keçirib və hətta İslam Kərimovun varisi artıq müəyyən edilib.

Mümkün varislər sırasında hazırki baş nazir Şövkət Mirziyayev və baş nazirin birinci müavini Rüstəm Əzimovun adı hallanır. Doğrudur konstitusiyaya əsasən prezidentlik səlahiyyətləri Senatın sədri Niyməttulla Yoldaşova keçir. Lakin ekspertlər bu siyasətçini prezidentliyə iddia etmək üçün güclü fiqur hesab etmirlər. Bundan əlavə əvvəllər prezidentin varisi kimi adı çəkilən qızı Gülnarə Kərimovanın son illərdə adının müxtəlif qalmaqallarda hallanması onun da iddiaçılar sırasından çıxmasına səbəb olub.

Həm Mirziyayev, həm də Əzimov Kərimova sadiq kadrlar hesab olunur və onlardan hər hansı birinin prezident olması Özbəkistanda mövcud siyasi kursun ciddi dəyişməsinə səbəb olmayacaq.

Burada Mirziyayevin xeyrinə işləyən faktorlar odur ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnayətov onun tərəfindədir. Eyni zamnda, baş nazirin əslən özbəkistanlı olan Rusiya oliqarxları Əlişir Usmanov və İsgəndər Mahmudovla sıx münasibətlərinin olması barədə məlumatlar var. Təbii ki, yeni namizədin Rusiya ilə razılaşdırılması mühüm əhəmiyyət daşıyır. Moskva özünə uyğun rəhbərin gəlməsində xüsusilə maraqlı olmalıdır.

Rüstəm Əzimova gəldikdə isə, Mirziyayevlə müqayisədə onu daha çox qərbyönümlü hesab edirlər. Belə ki, Əzimov Oksford Universitetində magistr dərəcəsi alıb və işlədiyi dövrdə daha çox iqtisadi islahatlatra meyilli olub.

Həm Rusiya, həm də Amerikanın özünə uyğun namizədinin seçilməyəcəyi təqdirdə Özbəkistanda qarşıdurma yaratma imkanları var. Lakin hazırkı məqamda qarşıdurma bu ölkələrin maraqlarına cavab vermir. Odur ki, rəhbər dəyişikliyi üçün uğurlu tarixi məqamın seçildiyini əminliklə söyləmək olar.

Hər iki halda, Qərb yaxud Rusiyanın dəstəyini alacaq namizədin hakimiyyətə gələcəyi təqdirdə İslam Kərimovun qoyduğu siyasi xətt davam edəcək. Odur ki, Özbəkistan heç bir variantda geri düşməyəcək və güman ki, İslam Kərimov bütün bunları əvvəlcədən hesablamışdı.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti