Dollara bu qədər tələbi nə yaradır? – TƏHLİL

Dollara bu qədər tələbi nə yaradır? – TƏHLİL
  06 Sentyabr 2016    Oxunub:13891
Manatın ABŞ dolları qarşısında məzənnəsinə təzyiq göstərən amillərdən biri də məhz ölkədən kənara kapital axınıdır. Bir var, ölkədən kənara çıxarılan xarici valyuta vəsaiti investisiya kimi, yəni, başqa ölkənin iqtisadiyyatında gəlir gətirmək məqsədilə yatırılmaq üçün istifadə olunsun, bir var, idxal əməliyyatları həyata keçirilsin, yəni kənardan istehlak malları alınıb gətirilsin. Bir də var, daşınmaz əmlak alınmasına yönəldilsin.

Ölkəmizin özünün xarici investisiyalara nə qədər ehtiyacı olsa da, məlumdur ki, son illər ərzində biz özümüz də investisiya ixracçısına çevrilmişik. Dövlət Neft Şirkəti (SOCAR) başda olmaqla, bir sıra özəl Azərbaycan şirkətlərinin Gürcüstan, Türkiyə kimi ölkələrin iqtisadiyyatlarına qoyduğu pullar yaxşı məlumdur. Ümumiyyətlə, ölkəmizin maliyyə vəziyyəti elə bir səviyyəyə gəlib çatmışdı ki, hətta bir ara beynəlxalq qurumların kreditlərinə ehtiyac duyulmadığı hökumət tərəfindən açıq-aşkar bəyan edilirdi. Lakin buna rəğmən, əməkdaşlıq təbii ki, həmişə davam etdirilib. Demək istədiyim odur ki, bu, müsbət yönümlü kapital ixracıdır.

İdxal əməliyyatları, yəni kənardan istehlak malları alınıb gətirilməsi üçün həyata keçirilən valyuta ixracına gəldikdə isə, baxır söhbət hansı növ idxaldan gedir. İş ondadır ki, cari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7 % azdır. İdxal olunan buğdanın ümumi dəyəri 129 milyon 132,6 min dollar (azalma 31,1%) təşkil edib.

Buğdada azalma olduğu üçün bu, çox yaxşıdır. Lakin, digər mühüm ərzaq məhsullarının idxalında isə təəssüf ki, kəskin artım var. Belə ki, ölkəyə 55 milyon 235 min dollar dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), 61 milyon 661,4 min dollar dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), 18 milyon 673,4 min dollar dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), 27 milyon 569,5 min dollar dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib. Bundan əlavə, 20 milyon 647,1 min dollar dəyərində 110,6 min ton kartof (artım 41,1%) gətirilib, həmçinin, 6 milyon 159,1 min dollar dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatlar gətirilib ki, bu da 2,6 dəfə artım deməkdir.

Ölkənin valyuta bazarında dollara tələbi artıran həm də idxal əməlliyyatlarıdır ki, bunun üçün hər ay azı 700 milyona yaxın xarici valyuta tələb olunur. Cari ilin ilk 7 ayı ərzində ölkəyə artıq, təqribən 5 milyard dollara yaxın həcmdə idxal həyata keçirilib, bu da ilin sonuna olsun lap, ən yaxşı halda 8 milyard...

Ölkəyə ilin axırınadək bu qədər vəsait daxil olacaqmı?!
Sözsüz ki, yox. Çünki söhbət dollardan gedir.

Odur ki, istehlak bazarımızın idxaldan asılılığı ilə əlaqədar, idxal əməliyyatları, yəni kənardan istehlak malları alınıb gətirilməsi üçün həyata keçirilən valyuta ixracı bizdə neqativ rol oynamaqdadır.

Lakin ən pisi sonuncudur - daşınmaz əmlak, mal və mülk alınması məqsədilə ölkədən çıxarılan kapital.. Bu, heç bir şəkildə geri qayıtmır və bunu ölkəmiz üçün sözün həqiqi mənasında itki kimi dəyərləndirmək olar.

Əlbəttə, biz vətəndaşlarımızın xarici ölkələrdə daşınmaz əmlak almaları və mülk sahibi olmalarının əleyhinə çıxmırıq və bunu təqdir edirik. O baxımdan ki, adamlarımız nə qədər varlı olsalar, o qədər yaxşıdır. Lakin iqtisadiyyatın müəyyən vəziyyətlərində sözügedən tendensiya geniş xarakter daşıyarsa, bu, istər-istəməz təhlükəli xarakter kəsb edir və mənfi təsir göstərir.

Bu baxımdan, təqdirəlayiq haldır ki, məsələn, qonşu Türkiyədə ev alanlarımızın sayı nisbətən azalıb. Belə ki, bu ilin iyul ayında azərbaycanlılar Türkiyədən 39 ədəd mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42,64% az deməkdir. Bu ilin ilk 7 ayındasa azərbaycanlılar Türkiyədən cəmi 375 ədəd mənzil alıblar. Hansı ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,67% azdır.

Xatırladaq ki, ötən il təkcə iyul ayında azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdılar. Ümumiyyətlə, 2015-ci ildə Türkiyədən mənzil alan əcnəbilər sırasında ilk beşlikdə bizim vətəndaşlar qərarlaşırdılar ki, siyahı belə idi: İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan. Cari ildə isə 8-ci yerdəyik. Şübhəsiz ki, burada qardaş ölkədə son vaxtlar siyasi sabitsizliyin də rolu var.

Lakin, daxili valyuta bazarımızda ABŞ dollarına qarşı mövcud tələb hər halda nə camaatın "yastıqlarının altındakı manat" məsələsidir, nə də kimlərinsə qazanc əldə etmək istəyi....

Ümumiyyətlə, biz, ilin əvvəlindən bəri xaricə valyuta çıxarılması, müvafiq köçürmələrə icbari yığımların tətbiqini vacib hesab etdiyimizi qeyd etmişik. Bunu da ilk növbədə, xarici valyutaya sadə vətəndaşlar tərəfdən tələbin əslində, adətən ilin müəyyən vaxtlarında, ən çox da bayram günləri ərəfəsində, yay mövsümündə və sair zamanlarda artmağa başlamalı olduğu halda, ölkəmizdə bütövlükdə keçən il və o cümlədən bu il ərzində ABŞ dollarına qarşı müşahidə edilən məlum tələbin heç bir məntiqə sığmaması faktı ilə izah etmişdik və edirik.

Düzdür, sözügedən tendensiyada psixoloji, təşviş və sair elementlərin də böyük rolu var. Yaranmış vəziyyətdən istifadə edənlər də az təsir göstərmirlər. Bununla belə, təkrar edirik, heç cür ola bilməz və mümkün də deyil ki, sadə vətəndaşlar bu qədər dollara ehtiyac duysunlar. Yəni, bu, qeyri-normal tendensiya olub və olaraq da qalmaqda davam edir. Çünki bütün bunlar vətəndaşların məhz əlverişli imkanları olan bir qisminin öz sərbəst vəsaitlərini kənara çıxarmaq və yığım məqsədilə həyata keçirdikləri addımların nəticəsidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti