Novruz bayramı niyə yadlaşır? - Papaq müəmması

Novruz bayramı niyə yadlaşır? - Papaq müəmması
  21 Fevral 2017    Oxunub:15700
Zaman dəyişdikcə adət-ənənələr də dəyişir. Hər dövr özü ilə yeniliklər gətirir, köhnə adətləri isə sıradan çıxarır. Novruz bayramının getdikcə insanlara yadlaşması təəssüf ki, dövrün tələbindən irəli gəlir. Etiraf edək ki, indi qeyd etdiyimiz bayramlar 10-15 il əvvəllə müqayisə də insanlara bir o qədər maraqlı gəlmir.
AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov AzVision.az-a bildirib ki, yadlaşma sırf dünyada gedən qlobal proseslərin təsirindən irəli gəlir.

“Novruz Azərbaycan xalqının ən böyük bayramı, adət-ənənəsidir. Bayramın son illərdə keçirilməsində zəifləmənin müşahidə edilməsinin iki əsas səbəbi var. Ənənəvi bayramlar, adət-ənənələr üzərində hər zaman təzyiq olur. Təzyiq həm qloballaşan dünyadan, həm də müasirlik adlandırılan kateqoriyadan gəlir. O baxımdan Novruz bayramı və adətləri sürətlə müasirləşmə və qloballaşma prosesindən müəyyən mənfi təsirlər almış olur. Yaşadığımız dövrdə bunu hiss edirik və bizə qədər də belə olub”.

A.Xəlilov qeyd edib ki, müstəqil dövlət olduğumuza görə, özümüzün milli mədəniyyətimizi qorumaq imkanlarımız var. “Bu imkanlarımızı səfərbər edərək adətlərimizi, bayramlarımızı qorumalıyıq və bunun üçün çalışırıq. Bu gün KİV, sosial şəbəkələr o qədər genişlənib ki, burada dünyanın müxtəlif mədəniyyətləri nümayiş olunur.

Biz Novruzun öz rəngini, ruhunu, təbiətini, içərisindəki xeyirxahlığını və başqa bir sıra xüsusiyyətlərini qorumağa çalışırıq ki, öz yerində və funksiyasında qala bilsin”.

Yenidən gündəmə gələn papaq məsələsinə toxunan Ağaverdi Xəlil bildirib ki, bu, çox ciddi problemdir: “Papaq məsələsi həmişə aktual olaraq qalır. Bayramda istifadə olunan papaq ənənədə mövcud olan papaq deyil. Bu papaqları bir-birilə qarışdırmaq olmaz. Novruz bayramı və ilaxır çəşənbədə uşaqların istifadə etdikləri papaq müəyyən sovqatları almaq üçün atılır. Bəziləri buna böyük məna verməyə çalışır. Məsələni bu qədər ciddiləşdirməyə də ehtiyac yoxdur. Uşaqların istifadə etdikləri idman papaqlarıdır və ənənədə belə papaqdan istifadə edilməyib. O vaxtlar daha çox belə bağlanan qurşaq, şaldan istifadə edilib. Onun bir ucuna evlərdə olan bayram şirniyyatlarından bağlanılıb, qoyulub. Şalı atan şəxsdə onu görünmədən çəkib götürüb. “Qurşaq atdı”, “şal atdı” adları buradan yaranıb. “Papaq atdı” olmayıb və papaq atılmayıb. Papaq son dövlərin yeniyetmələrinin yaradıclıq nümunəsidir. Onu da bunlar Novruz adətlərinə əlavə ediblər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti