“Çörəyi itin ağzından alıb, özüm yedim” – Əsir düşərgəsində olmuş azərbaycanlının xatirələri (VİDEO)

“Çörəyi itin ağzından alıb, özüm yedim” – Əsir düşərgəsində olmuş azərbaycanlının xatirələri (VİDEO)
  09 May 2017    Oxunub:40276
Bu gün faşizm üzərində qələbədən 72 il ötür. Müharibə zamanı xeyli azərbaycanlı sovet ordusunun tərkibində almanlara qarşı vurub. Onların əksəriyyəti döyüşlər zamanı göstərdikləri cəsarətə görə müxtəlif medal və ordenlərlə təltif olunublar. Bununla yanaşı, Sovet ordusunun tərkibində vuruşan xeyli sayda azərbaycanlı faşistlərə əsir düşüb, işgəncələrə məruz qalıblar.
Malik Qurbanov 1923-cü ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. Böyük Vətən müharibəsi başalayan zaman Sovet ordusunun tərkibində cəbhəyə göndərilib. Bu zaman alman qoşunları M.Qurbanov da daxil olmaqla, 200 minə yaxın sovet döyüşçüsünü mühasirəyə aldıqdan sonra əsir götürüblər. Onlar dözülməz işgənclərə məruz qalıblar. Daha sonra M.Qurbanov amerikan, italyan və ingilislərin əsarətində olub. 1946-ci ildə əsirlikdən evə qayıdıb.

Partizan hərəkatının lideri, "Mixaylo" təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə ilə görüşüb. Həmçinin İkinci Dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı olan Fətəli bəy Düdənginski ilə alman əsirliyində olarkən söhbət edib. İtaliyanın faşist lideri Benito Mussolininin edamına şahid olub. Əsirlikdən qayıtdıqdan sonra isə düşmənə işləməkdə şübhəli bilinərək, Sibirə sürgünə göndərilib. 6 il də sürgün həyatı yaşayıb.

Qeyd edək ki, Neftcalanın təkcə Xıllı kəndindən 196 nəfər azərbaycanlı Böyük vətən müharibəsinə iştirak edib, həlak olub və əsir götürülüblər.

AzVision.az-ın əməkdaşları həmin kəndə gedərək, müharibə, əsirlik həyatının dəhşətlərini 96 yaşlı M.Qurbanovun öz dilindən eşidiblər.



- Xarkovda əsirlikdə olarkən insanlar aclıqdan meyitlərin, ölülərin ətini yeyirdilər. Mənim yanımda o qədər insan əti yeyənlər vardı ki... Mən isə heç vaxt dilimə insan əti vurmadım. Əsirlikdə ermənilər, gürcülər az idilər. Ona görə ki, müharibənin əvvəlində azərbaycanlıları qabağa vermişdilər.

Bir dəfə Fətəli bəy Düdənginski bizi ətrafına tolpadı. Kənarda dayanmış alman zabitlərindən qorxmadan dedi ki, bizə nə alman, nə də sovet dövləti lazımdır. Bizə öz dövlətimiz lazımdır. Düdənginskinin bu sözlərini heç vaxt unutmaram.



Əsirlikdə olan zaman özümə söz verdim ki, sağ qalsam, gedib kəndimizin məscidinin komsomolçular tərəfindən dağıdılmış minbərini bərpa edəcəyəm. Etdim də.

Nə işgəncə versələr də, bir dəqiqə də olsun, Vətən, Azərbaycan dilimizdən düşmürdü. Vətən çox şirin idi. Camaat o vaxt bizə çox pis baxırdı. Deyirdilər ki, siz vətəni satmısınız. Heç kim həqiqəti bilmirdi. İnsan da heç vətəni satar?!.

Sovet ordusunda hərbi xidmətə gedən zaman anam mənə qızıl 5 qəpiklik vermişdi. Demişdi ki, bala, birdən lazım olar. Əsir olduğum illər ərzində o qəpiyi həmişə özümdə saxladım. Yanımda mina partladı. Komandirmizin hər iki ayağı üzüldü. Sonra qazdığım səngərə mina atılar. Yenə də sağ qaldım. Həmin o qızıl qəpiyi Kərbəlaya nəzir dedim. Həmin gün qəribə yuxu gördüm. Gördüm ki, Fatimeyi Zəhara mənə deyir, bala, nəzirini mən aparıb Kərbəlaya qoyudum. Düz 12 dəfə ölümlə üz-üzə gəlmişəm, amma ölməmişəm.



Mən həmişə əsirlikdə olanda yuxumda qara və ağ saplar görərdim. Qara sap görəndə bilirdim ki, məni dəmir yolu ilə aparacaqlar, ağ sap görəndə isə dəniz yolu ilə...

Qardaşım da əsgərliyə getmişdi. İtkin düşmüşdü. Mən əsirlikdə olan zaman onu axtarıb tapa bilmədim.

Almanlara əsir düşən bütün azərbaycanlıları Sovet Hökuməti yenidən Sibirə sürgünə göndərdi. Əsirlikdə o qədər işgəncləri gördükdən sonra biz yenidən soyuq Sibirdə sürgündə olduq.

Siqaret çəkənlər əsir düşərgələrində daha tez ölürdülər. Siqaret adamı düşmənə də möhtac edir. Mən heç vaxt siqaret çəkməmişəm.



Almanlarda əsir olan zaman yeməyə heç nə tapa bilmirdik. Bir dəfə gördüm ki, alman zabiti paltarını təmizləyir. Paltarın arasından bir parça quru çörək yerə düşdü. Yaxınlıqda olan it balası onu tez ağzına alıb qaçıdı. İtin dalınca düşüb, o çörəyi ağzından alıb, özüm yedim...

Jurnalist: Hafiz Əhmədov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Qələbə-Günü   Əsir   Neftçala  





Xəbər lenti