Prezident açılışda çıxış etdi
Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafından da danışıb: “Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmayıb. Sovet dövründə qonşu respublikalarda olub, Azərbaycanda olmayıb. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul edilib ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə də inkişaf etsin. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlayıb. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcək.
Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaq. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaq”.