Siqaret qadağasına Bakı sakinlərinin münasibəti - VİDEO

Siqaret qadağasına Bakı sakinlərinin münasibəti - VİDEO
  09 Yanvar 2018    Oxunub:15915
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun artıq qüvvəyə minib. Bununla da ölkəmizdə ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilib.
İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları isə pul cəzası gözləyir. Belə ki, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulub.



Qanuna əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimələnəcək.

Şəhərdə apardımız müşahidələr göstərir ki, ictimai yerlərdə siqaret qadağan edilsə də, buna hələ də riayət etməyənlər var. Siqaret aludəçiləri “bəs harada çəkək” deyə özlərinə haqq qazandırmağa çalışsalar da, sakinlərin çoxu yeni qadağanı çoxdan gözlədiklərini deyiblər.

Yeni qanuna əsasən kafe və restoranlarda da siqaret çəkməyə icazə verilmir. Buna görə müştərilər yox, obyekt sahibləri cərimələnəcək.

Restoranda çalışan Elnur Salahov yeni qanunun həm onların, həm də müştərilən xeyrinə olduğunu deyib. O, qanunun tələbinə uyğun olaraq çalışdığı restoranda siqaret çəkilməsinə icazə verilmədiyini söyləyib.

Çay evinin sahibi Murad Heydərlinin sözlərinə görə, işlətdiyi obyektdə siqaret çəkməyə icazə vermir. Əvvəllər isə çay evində siqaret çəkmək üçün xüsusi yer olub.

Müsahibin dediyinə görə, siqaret qadağası bəzi müştərilərin narazılığına səbəb olub. Bu səbəbdən müştərilərin sayında azalma hiss olunur.

Sonda isə qeyd edək ki, siqaret həm cibinizə, həm də sağlamlığınıza ziyandır. Çalışın, bu zərərli vərdişdən uzaq olun!

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Siqaret   Qadağa  





Xəbər lenti