Leyla Əliyeva sərgidə - FOTO

Leyla Əliyeva sərgidə - FOTO
  02 Oktyabr 2013    Oxunub:4664
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, diplomatik korpusun nümayəndələri, həmçinin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

T.Salahov jurnalistlərə bildirib: "Mən çox şadam ki, fərdi sərgim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu möhtəşəm binada keçirilir".
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgidə T.Salahovun 60-cı illərin əvvəllərinə, yaradıcılığının orta dövrünə aid əsərləri və son işləri nümayiş etdirilir.
T.Salahov sərginin təşkilində iştirak etmiş hər bir kəsə təşəkkürünü bildirib. Rəssam, həmçinin xatırladıb ki, daha əvvəl əl işləri onda ən səmimi təəssüratlar yaratmış Naxçıvandakı sərgidə nümayiş etdirilib.

Azərbaycanın görkəmli rəssamı və ictimai xadimi Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində doğulub. O, ilk təhsilini 6 saylı orta məktəbdə alıb. Hələ uşaq yaşlarında rəssam olmağa qərar verən balaca Tahir məktəbdə rəsm dərnəyinə yazılıb. Onun ilk müəllimi Kamil Xanlarov olub.

Rəssamın həyatı, xüsusilə uşaqlıq illəri çətin keçib. Atası - Laçın Rayon Partiya Komitəsinin birinci katibi Teymur Salahov 1937-ci ildə həbs olunur, 1938-ci ildə "xalq düşməni" adlandırılaraq güllələnir. Bu hadisə rəssamın həyatında dərin iz qoyur.

T.Salahov 1945-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur və 1951-ci ildə müəllimi Baba Əliyevin tövsiyəsi ilə təhsilini davam etdirmək üçün V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olur. Rəssam tələbəlik illərində bir sıra möhtəşəm əsərlərini yaradır.

"Neftçi", "Estakada", "Neft daşları", "Neftçinin portreti", diplom işi olan "Növbədən gələnlər" təkcə sənət adamlarının deyil, sadə insanların da diqqətini cəlb edir.
T.Salahov tezliklə rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoyanlardan biri olur. Bu üslub bir növ Stalin dövrünün sərt qaydalarına etiraz idi.
T.Salahov Azərbaycan SSR-in və Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və iki dəfə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.

O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının - Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət üzrə İspaniya Kral Akademiyası, YUNESKO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidenti, Avstriya və Almaniya rəssamlar ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin və Montana ştatının fəxri vətəndaşı və Mədəniyyət və Təhsil Fondunun üzvü, Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko (ABŞ) ştatlarının fəxri vətəndaşı, Qırğızıstan, Qazaxıstan rəssamlıq akademiyalarının həqiqi üzvüdür.

Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti T.Salahov Rus Pravoslav Kilsəsinin "III dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilib. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif olunub. Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb.

Sərgi noyabrın 6-dək davam edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti