Cocuq Mərcanlının yeni sakinləri - VİDEOREPORTAJ

Cocuq Mərcanlının yeni sakinləri - VİDEOREPORTAJ
  04 İyul 2018    Oxunub:10799
Cəbrayılın işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ikinci və yeni həyatını yaşayır. 2016-cı ilin uğurlu aprel əməliyyatından sonra bu kənddə yeni evlər tikildi və insanların yaşaması üçün bütün infrastruktur yaradıldı. İlk olaraq 50 ev və 100 yerlik məktəb inşa edildi.
Bundan əlavə dövlət başçısı Cocuq Mərcanlı kəndində daha 100 evin, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, poçt şöbəsi və digər obyektlərin inşa edilməsi ilə bağlı sərəncam imzaladı. Bu yaxınlarda isə kəndə ikinci köç başladı və sakinlər doğma yurdlarına qayıtdılar.



İllərdir ki, məcburi köçkün həyatı yaşayan həmyerlilərimizin köçürülməsi kəndə ikinci nəfəs gətirib. Cocuq Mərcanlı sakini Şahsuvar Şirinov doğma kəndinə 15 gündür ki, qayıtdığını deyir. O, belə bir şəraitin işğal olunmuş bütün rayonlarımızda yaradılmasını arzulayır:

“Cocuq Mərcanlı bərpa olunub, gözəl evlər tikilib. Arzu edirəm ki, digər işğal altında olan rayonlarımız da geri qaytarılsın və belə gözəl evlər tikilsin. 15 gündür ki, köçmüşük. Burada kənd təssərrüfatı bərpa olunacaq, yaxşı iş yerləri olacaq. Yaşayışımızdan, evimizdən çox razıyıq”.

Kəndin yeni sakinlərindən biri də Nürəddin Maqsudovdur. O, artıq bir aydır Cocuq Mərcanlıda məskunlaşıb.

“İyun ayının əvvəlindən öz istəyimizlə bura gəlmişik. Canımız, fikrimiz, düşüncəmiz kəndimizlə bağlı idi. Dədə-baba yurdumuza gəlmişik. Bundan sonrakı həyatımız Cocuq Mərcanlıya bağlı olacaq. Nəsillərimiz də biləcək ki, bu torpaqlar bizimdir”.

Gülnisə Rəhimova Cocuq Mərcanlıya qayıtdığı üçün çox sevinclidir. Öz doğma yurdunda rahat olduğunu deyən Gülnisə nənə düşməni torpaqlarımızdan çıxmağa səsləyib:

“Ermənilərə buradan səslənirəm ki, başqalarının torpaqlarına göz dikməsinlər. Tezliklə haqq-ədalət öz yerini tapacaq. Burada şəraitimiz yaxşıdır və heç nəyə ehtiyacımız yoxdur”.

Bir sözlə, deyə bilərik ki, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir.

Elvin Abdulla
Əhməd Xəlilov

AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti