Rusiya tarixində ən irimiqyaslı hərbi təlimlər başladı - (VİDEO)

Rusiya tarixində ən irimiqyaslı hərbi təlimlər başladı - (VİDEO)
  11 Sentyabr 2018    Oxunub:3832
Bu gün soyuq müharibənin bitməsindən sonra Rusiya ərazisində indiyədək keçirilən ən irimiqyaslı hərbi təlimlərə start verilib.

AzVision.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 11-17 sentyabr tarixlərində keçiriləcək “Vostok-2018” adlı təlimlərdə 300 min rus əsgəri, mindən artıq döyüş təyyarəsi, helikopter və pilotsuz uçuş aparatlar, həmçinin, 36 min tank və digər piyada zirehli texnikası, 80-ə yaxın gəmi iştirak edəcək. Təlimlərdə həmçinin, "İsgəndər" raket kompleksi və "S-300" zenit-raket sistemlərinin saxta nümunələri vasitəsilə praktiki döyüş hazırlığı aparılacaq.
Təlimlərə 3200 əsgər və çox sayda zirehli texnika, 30 təyyarə və helikopter ilə Çin də qatılacaq. Eyni zamanda, Monqolustanın hərbi birləşmələri də “Vostok-2018”də iştirak edəcəklər. Lakin rəsmi Ulan-Bator təlimlərə qatılacaq əsgər heyəti və hərbi texnikanın dəqiq sayını açıqlamayıb.



Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “Vostok-2018” təlimlərində ilk 2 gündə planlama və hazırlıqlar aparılacaq, daha sonra isə əsl əməliyyatlara start veriləcək. Şoyqu vurğulayıb ki, təlimlər 5 ordu təhsil meydançası, 4 hərbi hava bazası, Yapon dənizi, Berinq boğazı və Oxotsk dənizi ətrafındakı poliqon və bölgələrdə keçiriləcək. İrimiqyaslı təlimlər Yaponiya ilə mübahisli Kuril adaları ərazisini əhatə etməyəcək.

Rusiya prezidenti Vladimir Putinin “Vostok-2018” hərbi təlimlərini şəxsən izləyəcəyi gözlənilir.

Qeyd edək ki, 1981-ci ildə SSRİ-də keçirilmiş “Zapad-81” hərbi təlimlərindən sonra “Vostok-2018” Rusiya ərazisində keçirilən ən irimiqyaslı hərbi təlim sayılır. “Zapad-81” 1981-ci il sentyabrın 4-12-də Belarus, Kiyev, Baltikyanı hərbi dairələrdə və Baltik dənizində keçirilib.

Rusiyanın bu cür hərbi təlimlərə başlamasına NATO-dan da reaksiya gəlib. Təşkilatdan bildiriblər ki, “Vostok-2018” Rusiyanın daha geniş müharibəyə üstünlük verəcəyinin göstəricisidir.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Rusiya   NATO   Çin   Vostok-2018  





Xəbər lenti