Rusiyalı hüquq müdafiəçisi Orxan Zeynalovla görüşüb

Rusiyalı hüquq müdafiəçisi Orxan Zeynalovla görüşüb
  24 Oktyabr 2013    Oxunub:1166
Rusiyalı hüquq müdafiəçisi Orxan Zeynalovun yaralarına baxıb. “Onun mimikası qeyri-müəyyəndir, sifətində anlaşılmaz təbəssüm var, deyir ki, nəfəs ala, uzana bilmir...”
Rusiyanın müvəqqəti saxlama təcridxanalarında insan haqlarına əməl olunmasına nəzarət edən İctimai Komissiyasının üzvü Moskvanın “Matrosskaya tişina” təcridxanasında qətldə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalova baş çəkib.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, komissiyanın üzvü Lüdmila Alpern O.Zeynalovun bədənində yara izləri və göyərmələrin şahidi olub. Zeynalovun bədənində xəsarət izlərinin olmasını onun kamera yoldaşı da görüb.

O.Zeynalov Moskvanın Biryulevo rayonunda xuliqanlıq zəminində 25 yaşlı Yeqor Şerbakovu öldürməkdə ittiham olunur. Bu qətl hadisəsi Rusiyada və Azərbaycanda geniş ictimai rezonans doğurub, Moskvada əsasən azərbaycanlıların işlədiyi nəhəng “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının bağlanmasına, miqrantlara qarşı kütləvi reydlərə, hətta rəsmi Bakı ilə Moskva arasında diplomatik gərginliyə səbəb olub.

O.Zeynalova bu gün baş çəkən L.Alpern deyib ki, məhbus qabırğalarının altında ağrılardan şikayətlənir. İctimai Komissiyanın üzvləri bununla bağlı təcridxananın həkiminə müraciət ediblər ki, O.Zeynalov rentgen müayinəsindən keçirilsin.

L.Alpern bildirib ki, onlara məhbusu müayinə etməyi söz veriblər: “O, sağ qabırğasının altındakı ağrılardan şikayətlənir. Ancaq biz onun bədəninin həmin nayihəsində heç nə görmədik. O dedi ki, nəfəs alanda, uzananda ağrıyır, belə görünürdü ki, nəfəs alanda da ona ağrı verirdi”.

Hüquq müdafiəçisi bildirib ki, şübhəlinin bədənində döyülmə izləri görünürdü: “Onun sol ayağının dizdən aşağı hissəsində diametri 5 santimetr olan ciddi sıyrıq vardı. Zeynalovun bədənində göyərmələrin olduğunu onun kamera yoldaşı da təsdiqlədi”.

Lakin L.Alpern bu xəsarət izlərinin döyülmə nəticəsində, yoxsa saxlanılarkən yarandığını Zeynalovun özü ilə dəqiqləşdirə bilməyib.

L.Alpern bunu saxlanılan şəxsin rus dilində fikirlərini pis ifadə etməsi ilə izah edib: “Zeynalov rus dilində yaxşı danışmır, suallara təxminən üç-dörd cəhddən sonra cavab verir. Onun sifətində laqeyd ifadə, anlaşılmaz təbəssüm var, mimikası qeyri-müəyyəndir. Lakin biz nəyəsə nail ola bildik. O, yaralarını, göyərən yerlərini göstərdi. Moskvada nə işlə məşğul olduğu haqda suala cavab verəndə dedi ki, sürücü işləyirdi”.

Bu arada “Moskovskiy komsomolets” qəzeti Orxan Zeynalovla bundan əvvəl birlikdə həbsdə olmuş şəxslə söhbətləşib. Həmin şəxsin azərbaycanlı olduğu bildirilir, ancaq adı “Albert” kimi göstərilir. O.Zeynalov yol-nəqliyyat qəzası törədərək bir nəfərin ağır yaralanmasına səbəb olduğu üçün 2011-ci ildə 1 il həbs cəzasına məhkum edilib.

Keçmiş kamera yoldaşının dediyinə görə, əslində dövlət avtomobil müfəttişi qəza barədə protokol tərtib edəndən sonra O.Zeynalovun telefon nömrəsini, bir də qeydiyyatda olduğu ünvanı soruşaraq onu buraxıb.

Hadisədən sonra 6 aya yaxın O.Zeynalovu itirib-axtaran olmayıb. Yalnız 6 ay sonra onun mobil nömrəsinə zəng edərək deyiblər ki, sabah məhkəməyə gəlmək lazımdır: “Başqası onun yerində olsaydı, telefonu söndürüb atar, aradan çıxardı. O isə gör nə qədər kütbeyindir ki, durub məhkəməyə gedib. Məhkəmədə hakim ona yol qəzası ilə bağlı cəza veriləcəyini elan edəndə Orxan durub hakimi söyüb. Hakim ona dərhal 1 il həbs cəzası çıxarıb”.

Keçmiş məhbus yoldaşı deyib ki, Orxan insanlarla ünsiyyətdən qaçan, qapalı biridir, adamlar arasında yaşamaq ona çətindir. Həbsxanada da pintiliyi ilə seçilib, yatdığı yeri də təmizləməyib: “Ancaq fiziki baxımdan çox güclü idi, davada üç-dörd adamı döyə bilərdi. Mənə çatmır ki, o necə olub əllərini işlətmək əvəzinə bıçağa əl atıb”.


Teqlər:  





Xəbər lenti