“Karvan” TM-də baş verən yanğın araşdırılır
FHN-dən bildiriblər ki, müşavirənin işində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.
Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin aidiyyəti şöbələri, Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin (DYMİ) və Dövlət Yanğın Nəzarət İdarəsinin (DYNİ), Bakı qarnizonunun yanğının söndürülməsinə cəlb edilən hissə və bölmələrinin rəislərinin iştirakı ilə keçirilən müşavirəni açıq elan edən DYMX-nin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov çıxışında ilk növbədə oktyabrın 19-da Sumqayıtda “Karvan” MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinin təşkili ilə əlaqədar həyata keçirilən əməliyyat tədbirlərindən danışdı. O bildirdi ki, həmin gün “101” xidmətinə 19:24-də yanğının baş verməsi ilə bağlı məlumatın daxil olduğunu bildirən məruzəçi bu tip obyektlərdə yanğına çıxışların avtomatik olaraq iki saylı çağırışla olduğunu nəzərə alaraq tələb olunan sayda yanğın avtomobillərinin yanğın yerinə cəlb edildiyini qeyd edib. Yanğın yerinə ilk çatan bölmələr yanğının miqyasının böyük olduğunu və açıq alovun təxminən 1500-2000 kvadratmetr sahəni əhatə etdiyini görərək əlavə qüvvələrin cəlb olunmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə Sumqayıt qarnizonundan müxtəlif təyinatlı 16 yanğın avtomobili və 140 nəfərə yaxın canlı qüvvə cəlb olunaraq alovun qarşısının alınmasına başlanıb. Yanğının söndürülməsi zamanı ticarət mərkəzində çalışan insanların binaya doğru hərəkət etməsi yanğınsöndürənlərin işinə bir sıra çətinliklər törədib, yanğın yerinin kəşfiyyatının aparılmasına əhali tərəfindən maneçilik törədilib və ticarət mərkəzinin ətrafında yanğına qarşı su hovuzlarının və hidrantların olmaması yanğının şiddətlənməsinə şərait yaradıb. Əməliyyat şəraitinin gərginliyi nəzərə alınaraq Bakı qarnizonundan əlavə canlı qüvvə və vasitələrin cəlb olunmasına başlanılıb. Ümumilikdə, yanğın yerinə Yanğından Mühafizə Xidmətinin müxtəlif təyinatlı 27 texnika və 250-yə yaxın canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 35 min kvadratmetr olan ticarət mərkəzinin təxminən 13 min kvadratmetrlik hissəsi yanıb, 21 min kvadratmetr sahə yanğından mühafizə olunub. Yanğın 1:30 radələrində tam söndürülüb.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov rəhbərlik etdiyi qurum tərəfindən mütəmadi olaraq həmin obyektdə texniki müayinələrin aparıldığını vurğuladı. O, yanğına qarşı ciddi pozuntuların aşkar edildiyini, tikinti norma və qaydalarına əməl olunmadığını, yanğına qarşı su təchizatının bərbad vəziyyətdə olması faktlarının aşkarlandığını bildirib.
Bakı qarnizonundan qüvvə və vasitələr cəlb edildikdən sonra yanğının söndürülməsinə rəhbərlik edən DYMX-nin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev, DYMX-nin qərargah rəisi, daxili xidmət polkovniki Əkbər Novruzov, Sumqayıt şəhər DYMİ-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev, Sumqayıt Regional Mərkəzin rəisi, polkovnik Adil Hacıyev, Sumqayıt şəhər DYNİ-nin rəisi, daxili xidmət polkovnik-leytenantı Rasim Bağırov çıxış edərək məsələ ilə bağlı fikirlərini bildirib.
Məruzələr dinlənildikdən sonra müşavirədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxış edərək “Karvan” MMC-yə məxsus ticarət mərkəzində yanğının baş verməsinə şərait yaradan amillərin vaxtında aradan qaldırılmamasında obyekt rəhbərliyinin laqeyd münasibətini qeyd etdi və təəssüf hissi ilə vurğuladı ki, bunun nəticəsində əhaliyə külli miqdarda ziyan dəyib.
Nazir müavini bu tip obyektlərdə baş verə biləcək yanğınların qarşısının alınması üçün yanğına qarşı profilaktiki tədbirlərin gücləndirilməsi məqsədi ilə FHN-nin aidiyyəti qurumlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, regional mərkəzlərin də bu istiqamətdə rolunun artırılması və regionda daima fövqəladə hallar baxımından risklərin qiymətləndirilməsi, eləcə də mövcud vəziyyətin müzakirə edilərək birgə əməli tədbirlərin həyata keçirilməsi barədə fikir və təklifləri müşavirə iştirakçılarının nəzərinə çatdırdı.
Həmin obyektdə müvafiq yanğına qarşı çatışmazlıqların mövcud olması, xüsusilə də su təchizatı məsələsinin həllində təsirli tədbirlərin görülməməsinə görə aidiyyəti qurumların rəhbərlərinə ciddi iradlar bildirildi.
Nazir müavini respublikada fəaliyyət göstərən mühüm əhəmiyyət kəsb edən bütün obyektlərin yanğına qarşı vəziyyətinin bir daha ciddi öyrənilməsi, aşkar edilmiş yanğına qarşı çatışmazlıqların aradın qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsi üçün müvafiq qurum rəhbərlərinə ciddi tapşırıqlar verdi.
Sonra şəhər və rayonlarda baş verə biləcək irimiqyaslı yanğınların qarşısının qısa müddətdə alınması məqsədilə qarnizonların əməliyyat-taktiki imkanlarının artırılması, əlavə texnika və avadanlıqla təminatı, şəxsi heyətlə tam şəkildə komplektləşdirilməsi, mühüm əhəmiyyətli obyektlərin əməliyyat-taktiki xüsusiyyətlərinin şəxsi heyətlə öyrənilməsi, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlıqlarının artırılması istiqamətində əlavə tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verildi.
Müşavirənin sonunda “Karvan” MMC-yə məxsus ticarət mərkəzində baş verən yanğının digər bu kimi obyektlərdə də təkrarlanmaması və baş verə biləcək yanğınların qarşısının operativ surətdə alınması üçün FHN-nin yerli qurumları arasında birgə fəaliyyətin təkmilləşdirilməsi müzakirə olundu.