Millətçilər 12 yaşlı azərbaycanlını döyüb kor etdi

Millətçilər 12 yaşlı azərbaycanlını döyüb kor etdi
  02 Noyabr 2013    Oxunub:1519
Moskvada 12 yaşlı azərbaycanlı vəhşicəsinə döyülüb. Ağgün Yusifqızı:“Oğlumu döyən millətçi onu kor edib”.
AzVision.az xəbər verir ki, Oktyabrın 31-də Moskva vilayətinin Zelenoqrad şəhərində 12 yaşlı Azərbaycan vətəndaşı Kazımov Rövşən Müzəffər oğlu döyülüb. Məktəbdən evə qayıdarkən avtobusa minən Rövşənə 20 yaşlı rus gənc hücum edib. O, təhqir və söyüşlər yağdıraraq Rövşəni təpikləməyə başlayıb. Yerə yıxılan azyaşlıya nə sürücü, nə də sərnişinlər heç bir kömək etməyib. Yalnız bir qadın 12 yaşlı uşağı döyən gəncin qarşısını kəsməyə çalışıb. Bədən xəsarətləri alan Rövşən baş verənləri ailəsinə çatdırıb. Ailə üzvləri qısa zamanda olay yerinə gələrək Rövşəni xəstəxanaya aparıb. Öncə xəstəxanada həkimlər tibb xidməti göstərilməkdən imtina edib. Rövşənin anası Ağgün Yusifqızına bildirilib ki, sınıq olmadığı üçün xəstənin bir neçə gün evdə yatması yetərlidir. Ancaq halsız durumda olan Rövşən görmədiyini deyəndən sonra xəstəxana durumu ciddiyə almaq məcburiyyətində qalıb və xəstə nevroloji bölməyə yerləşdirilib.

“Yeni Müsavat” zərərçəkən ailə ilə əlaqə yaradarkən bəlli olub ki, 2006-cı ildə 5 yaşlı Rövşən avtomobil qəzasında görmə qabiliyyətinin 70 faizini itirib. Onun sol gözünün görmə qabiliyyətini 6 illik müalicədən sonra 30 faizə çatdırmaq mümkün olub. 3 gün öncə başına gələnlərdən sonra isə sol gözün görmə qabiliyyəti 1 faizə enib. Yəni, o, yalnız işığı seçə bilir. Rövşənin anası deyir ki, oğlunu döyən şəxsin cəzalanması üçün bir addım da geri çəkilməyəcək.

- O, mənim oğlumu kor edib. Biz olaydan dərhal rayon milis idarəsinə şikayət ərizəsi yazdıq. Orxan Zeynalov hadisəsindən sonra vəziyyət çətinləşib. Mən uzun illərdir Rusiyada yaşayıram. 2 oğlum da mənimlə bərabər buradadır. Böyük oğlumun 17 yaşı var. Sonuncu dəfə Azərbaycana 2001-ci ildə Rövşən doğulandan az sonra ona doğum şəhadətnaməsi almağa getmişik. Demək istədiyim odur ki, övladlarım gözlərini burada açıblar, bu cəmiyyətə yad deyillər.

- Belə bir olayla ilk dəfəmi üzləşirsiniz?

- Bəli. Mən də, böyük oğlum da işləyirik. Heç vaxt milli zəmində narazılığımız olmayıb. Ancaq Orxan Zeynalov olayından sonra vəziyyətimiz çətinləşib.

- Oğlunuzu döyən şəxsin kim olduğu bəllidirmi?

- Bəli. Artıq o saxlanıb. Sadə bir ailənin uşağıdır. Bütün günü telekanallar azərbaycanlılara qarşı informasiya yayır. Orxan Zeynalov məsələsini görün neçə gün gündəmdən düşürmədilər. Ardınca da motosikllə rusu vuran azərbaycanlının məsələsi başladı. Hər gün azı 30 dəfə yayımlayırlar. Hansı kanalı açırsan, azərbaycanlının cinayətindən danışırlar. Bu, əlbəttə ki, cavanlara təsir edir. Bunu bilərəkdən edirlər. Vəziyyət getdikcə çətinləşir.

- Xəstəxanada sizə nəyə görə tibb xidməti göstərmək istəmirdilər?

- Siz təsəvvür edin ki, oğlum ağrılardan qıvrılır, bir tərəfdən də görmür, həyəcanlı bir vəziyyətdədir, bizə deyirlər ki, davadır da, olub, evdə 2 gün yatsın, düzələcək. Mən həkimlərdən soruşdum ki, axı siz bu durumda olan azyaşlını necə müayinəsiz evə yollaya bilərsiz? Mənə cavab verdi ki, əgər durumu ciddi idisə, niyə siz gətirmisiz, Təcili Tibbi Yardım çağıraydız, onlar gətirəydilər. Yəni bəhanə gətirdilər.

- Siz xəstəxanadan arayış alıb milis idarəsinə təqdim etmisinizmi?

- 2 gündür xəstəxana ilə milis idarəsinin arasında qalmışıq. Arayışı ala bilmirik. Heç həkimlər görüşməyimizə də icazə vermirlər. Mən bilirəm ki, bu sənəd oğluma hücum edən şəxsin layiqli cəza alması üçün çox vacibdir. Ortaya tibb arayışı gələndən sonra həkimlər Rövşənlə pis davranır. Heç bir müalicə aparmırlar. Ancaq ağrıkəsicilər vurulub. İllərdir qəpik-qəpik yığın onun avtoqəzada zədələnən gözünün müalicəsi üçün çalışmışıq. Xeyli yaxşılaşmışdı. İndi demək olar heç görmür. Yalnız sağ gözü ilə zəif görə bilir.

- Olay zamanı oğlunuzu müdafiə edən qadın milisə çağırılıbmı?

- Bəli. Sürücü dindirilərkən deyib ki, guya ilk hücumu oğlum edib, həmin oğlana xəsarət yetirib. Axı 12 yaşlı uşaq 20 yaşlı adama necə xəsarət yetirə bilər? Özü də o uşaq şikəstdirsə. Ancaq şahid qadın Tatyana Anatolyevna israrla bildirib ki, həmin oğlan avtobusun arxa qapısından daxil olaraq qəfildən söyüş yağdıra-yağdıra Rövşənə hücum edib, onu yerə yıxaraq döyüb. Orada Rövşənin eynəyi də qırılıb. Mən həmin qadına ədalətli olduğuna görə təşəkkür edirəm. Heç olmasa, o avtobusun içərisində bir nəfər insaflı adam olub.

Rövşənin anası deyir ki, heç bir barışıq təklifini qəbul etməsindən söhbət gedə bilməz. Oğlunu döyən şəxsin həbs edilməsinə çalışacaq. Çünki, bu olaylar zamanı xəsarət yetirənlərin azadlıqda qalması cəzasızlıq şəraitində yeni cinayətlərə səbəb ola bilər.


Teqlər:  





Xəbər lenti