Erməni mafiyası: İsveçrədən Avstraliyaya qədər – ARAŞDIRMA

      Erməni mafiyası:    İsveçrədən Avstraliyaya qədər –    ARAŞDIRMA
  28 Yanvar 2020    Oxunub:17804
Dünyada, həmçinin Avropada özünə geniş şəbəkə qurmuş erməni mafiyası ilə bağlı bir neçə yazı dərc etmişik. Ermənilərdən ibarət cinayətkar qruplaşmalar ABŞ, Fransa, Belçika, İtaliya, Almaniya, İspaniya, Niderland, İsveçrə, Avstriya, Litva, Slovakiya, Avstraliya və Bolqarıstanda kök salıblar. Sadalanan bu ölkələrin hər birində erməni mafiyası fəaliyyət göstərməkdədir.
Fransa

Məlum oluduğu kimi, 2017-ci ildə Fransanın Bordo, Nant, Nitsa, Puatye və Paris kimi şəhərlərində aparılan əməliyyatlar nəticəsində 14 erməni mafioz həbs olunmuşdu. Həmin mafiya üzvlərinin xüsusən qadın alverindən pul qazanmaları üzə çıxmışdı. Bundan başqa, 2018-ci ildə də Fransa polisi yenə ermənilərdən ibarət bir xeyli sayda mafiya üzvünü həbs etdi. Fransa daxili işlər nazirliyinin açıqlmasında vurğulanırdı ki, dəstə üzvləri 2013-2015-ci illər ərzində Strasburq və La-Roşel kimi şəhərlərdə çoxsaylı cinayətlər törədiblər. Güman olunurdu ki, həbs olunan ermənilər Almaniya, İsveçrə, Belçika və Niderlandda da bənzər cinayətlər həyata keçiriblər.

Çexiya

Fransa ilə yanaşı, Çexiyanın da adı erməni mafiyasının güclü olduğu ölkələr sırasında çəkilir. Hələ 2017-ci ildə "Praqa post" qəzeti yazırdı ki, Çexiya polisinin 2009-cu ildən bəri apardığı araşdırmaların nəticəsi olaraq, ermənilərdən ibarət mütəşəkkil cinayətkar qrup ələ keçib. Çexiya polisinin açıqlamasında qeyd olunurdu ki, ölkədəki erməni cinayətkar qruplaşmaları şiddət, zorakılıq, narkotika satışı, insan alveri və maliyyə fırıldaqçılığı kimi cinayət əməllərində günahkar bilinirlər. Çexiya xüsusi xidmət orqanları erməni mafiya qruplaşmalarını araşdıraraq, onların cinayət izlərinin Avstriyaya gedib çıxdığını aşkarlayıblar.

Bundan hələ xeyli əvvəl, 2009-cu ildə də Çexiya polisinin keçirdiyi əməliyyat nəticəsində 50 nəfərdən ibarət erməni qruplaşması həbs olunmuşdu.

2014-cü ildə Çexiya məhkəməsinin erməni mafioz Andranik Saqhoyanın ekstraditsiya olunması ilə bağlı müraciətinə Yerevan rədd cavabı vermişdi.

Avstriya

Avstriya, Belçika və İsveçrədə də oxşar vəziyyət mövcuddur. Avropa KİV-lərinin verdiyi məlumatlara görə, 2009-cu ildə Avstriya polisi Vyana, aşağı Avstriya və Ştiriya ərazilərində ən azı 2 nəfərin ölümündə, yüzlərlə dükanın qarət olunmasında, xərac toplamaqda və ümumilikdə isə 40 min avro ziyan vurmaqda təqsirkar bilinən erməni mafiyasını ifşa edib.

Belçika

Belçikada erməni mafiyasının "xaç atası" olan Kaspar Karapetyan Brüsseldə əsas çirkli işlərin icrasına rəhbərlik edib. İsveçrədə isə erməni mafiyasının əsas himayədarı “Frank Müller” saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii sərvətləri talan edənlərdən biri Vartan Sermakesdir. Hər iki şəxsin Belçika və İsveçrədə erməni mafiyasının idarə olunmasında rolu çox böyükdür.

Avstraliya

Avstraliyada ağalıq edən erməni mafiyası barədə "The Sydney Morning Herald" nəşri 2016-cı ildə bir məqalə dərc etmişdi. Qəzet yazır ki, erməni mafiyası ölkə içərisində şantaj, rüşvətxorluq və narkobizneslə məşğuldur. Kalabriya mafiyası kimi tanınan və ermənilərin də üzv olduğu, tarixi 1920-ci ilə gedib çıxan cinayətkar qruplaşmanın üzvləri çətənə bilkisinin əkib-becərilməsi, reketçilik və metamfetamin işinə nəzarət edirlər. Bu işi İtaliya mafiyası ilə birlikdə görən ermənilər Ermənistandan keçməklə Bilbaoya və sonra təyyarə ilə Avropaya, oradan isə italiyalılar tərəfindən təşkil olunmuş kanallar vasitəsilə birbaşa Avstraliyaya daşıyırlar.
Nəşr onu da qeyd edir ki, italiyanın səlahiyyətli orqanları Ermənistandan Avstraliyaya daşınan metamfetamin ticarətindən xəbərdar olsa da, hələ ki bunun qarşısını ala bilmirlər.

Fərrux Həsənov
Azvision.az



Teqlər: Erməni-mafiyası  





Xəbər lenti