Qızılımız niyə “parıldamır” - TƏHLİL

   Qızılımız niyə “parıldamır” -    TƏHLİL
  21 Fevral 2020    Oxunub:5942
Azərbaycan təbii sərvətlər sarıdan zəngin ölkədir, yerüstü və yeraltı sərvətlərimiz kifayət qədərdir. Lakin, sərvətdən düzgün istifadə etmək üçün gərək, müvafiq texnologiya, kadr potensialı və investisiya da ola. Bunların hər biri isə təkcə daxili imkanlar hesabına, yəni, yalnız Azərbaycan dövlətinin və hökumətinin gücünə əldə edilə bilməz. Mütləq xaricə müraciət etmək tələb olunur.
Məsələn, ölkədə hələ sovet dövründən əvvəl neft çıxarılırdı. 1803-ci ildə bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda dünyada ilk dəfə olaraq, iki quyudan neft çıxarıb. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı isə XIX əsrin ortalarından başlayıb. Dünyada texnikanın tətbiqi ilə ilk neft quyuları 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda qazılıb.

1859-cu ildə Bakıda Dubinin qardaşları tərəfindən iri neftayırma zavodu istifadəyə verilib, zavodda əsasən ağ neft istehsal olunub. 1872–1873-cü illərdə isə Xəzər dənizində taxta barjlarla neft nəql edilib. SSRİ dövründə isə bu sahədə böyük infrastruktur formalaşdı və dənizdən də neft çıxarılmağa başlandı.

Ancaq müstəqillik əldə etdikdən sonra bu sahəni əldə saxlamaq və inkişaf etdirmək üçün xarici şirkətlərə müraciət etmək məcburiyyəti yarandı. Odur ki, 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" bağlandı. Çünki Azərbaycanın özünün buna imkanı yox idi. Belə ki, nə pul, nə texnologiya, nə də tələb olunan səviyyədə kadr potensialı var idi. Odur ki, ölkəyə "BP" kimi xarici şirkətlər dəvət olundu.

Sözümü ona gətirirəm ki, elə resurslar da vardır ki, onların əldə olunmasına və realizəsinə bütün lazım olan vasitələri qısa müddət ərzində cəlb etmək və istənilən nəticəyə nail olmaq mümkün deyil. Bunlardan biri də qızıl hasilatı sahəsidir.

Təsadüfi deyil ki, Azərbaycanda qızıl hasilatının, yəni, sənaye üsulu ilə qızıl metalının hasil edilməsi tarixinə nəzər yetirsək, onun yalnız bu yaxınlara - yəni, müstəqillik illərinə təsadüf etdiyini görərik. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Halbuki, həmin ərazidə XIX əsrin ortalarinda mis filizi yataqları kəşf edilmiş, 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmiş və daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdu. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyibər.

Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən biri olub. 1883-cü ildə isə Qalakənddə ikinci misəritmə zavodu işə düşüb ki, 1891-ci ildə burada elektroliz yolu ilə qızıl və gümüş istehsal olunub. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən elektriklə görülüb. Rəsmi məlumatlara görə Gədəbəy mədənlərində bütövlükdə 100 milyon yarım puddan çox mis filizi çıxarılıb. Simenslərin fəaliyyəti dövründə hər 18 min pud misdən 13 kiloqramdan artıq qızıl, 240 kiloqrama qədər gümüş alınıb. 1864-1914-cü illərdə Gədəbəy dağlarında 3 ton qızıl, 52 ton gümüş, 1867-1916-cı illərdə 640 ton kobalt istehsal edildiyi məlumdur. 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri müxtəlif səbəblərə görə sona yetib.

Bayaq qeyd etdim ki, Azərbaycanda qızıl hasilatının, yəni, sənaye üsulu ilə qızılın hasil edilməsi tarixi bu yaxınlara təsadüf edir. Bu işlə 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti məşğul olur. 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin isə 49 faiz təşkil edir. Müqaviləyə əsasən, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil edilməlidir.

Bəzi ekspertlər qeyd edirlər ki, ölkədə bu sahədə mövcud potensialdan tam istifadə olunması işləri tələb olunan səviyyədə həyata keçirilmir. Lakin bu, belə deyil. O səbəbdən ki, Azərbaycanda qızıl hasilatı və ümumiyyətlə, bu sahədə müvafiq sənayenin formalaşması istiqamətində işlər ləng aparılmayıb və heç də passiv vəziyyət deyil. Bu sahədə dövlət və hökumət tərəfindən indiyədək bir sıra addımlar atılıb. “AzerGold” QSC yaradılıb və sair... Hazırda qızıl “AzerGold” QSC tərəfindən Daşkəsənda və "Anglo-Asian Mining” şirkətii tərəfindən Gədəbəydə hasil olunur.

Demək istədiyim budur ki, qızıl neft kimi operativ şəkildə investisiya cəlb edərək, realizə imkanlarına malik deyil. Bunun üçün yataqlar kəşf edilməli, investisiya qoyulmalı, müvafiq infrastruktur yaradılmalıdır. Bundan əlavə, hazırda Azərbaycanın ərazisinin 20 faizə yaxın hissəsi Ermənistanın işğalı altındadır. Kəlbəcər ilə Zəngilanda isə 3 yataq var. Yəni, obyektiv maneələr də mövcuddur. Bu mənada, öllkədə qızıl hasilatı qənaətbəxş vəziyyətdədir. Ancaq qarşıda yeni-yeni yataqların aşkar olunacağı və əlavə investisiyaların cəlb olunacağı gözlənilir ki, ümumiyyətlə, neftdənkənar sahələrin inkişafı prioritet təşkil etdiyindən, bu, həm də qızıl sənayesinə diqqətin daha çox artacağı ilə nəticələnməlidir.

Ancaq bir cəhət var. O da bundan ibarətdir ki, ölkəmizdə qızıl da daxil, qiymətli metalların emalı sahəsi və yaxud sənayesi təşəkkül tapmayıb. Daxili bazarda təklif olunan bütün növ qızıl və digər növ qiymətli metallar üzrə məmulatlar xarici ölkələrin istehsalçılarına məxsusdur ki, sanki, bu sahədə faktiki olaraq heç bir yerli emal xarakterli sahibkarlıq fəaliyyəti yoxdur. Və elə nəzərə çarpır ki, müvafiq ənənə deyilən bir şey də olmayıb. Halbuki, Azərbaycanda qızıl hasilatı yaxın illərə təsadüf etsə də, zərgərlik sahəsində zəngin təcrübə və tarixi ənənə mövcuddur.

“AzerGold” QSC-nin rəhbərliyi bildirib ki, 2017-ci ildən bəri 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 399,3 milyon manat həcmində vəsait cəlb edilib ki, bu əməliyyatlar nəticəsində dövlət büdcəsinə 30.6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənib. Hasil edilən qiymətli metalların beynəlxalq bazarlara çıxarılaraq satılması ilə yanaşı, Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumların təminatı da aparılır.

Sual yaranır ki, bəs, yerli zərgərlik fəaliyyəti niyə görünmür? Hanı bizim öz zərgərlik məmulatlarımız? Bu sahədə təşəkkül tapmış sahibkarlar, istehsalçılar qrupu hardadır, nəyə görə nəzərə çarpmır?

Bu gün istənilən zərgərlik məhsulu satan şəbəkəyə yaxınlaşsaq, həmin məhsulun hamısının kənardan idxal edildiyini görərik. Xüsusilə də Türkiyə, ərəb ölkələrindən, İtaliya və Rusiyadan... Çünki həmin məhsulların ölkəyə idxalı, satışının təşkili bu sahədə yerli istehsala məxsus məmulatlardan daha ucuz başa gəlir. Bunun isə vergi və gömrük rüsumlarının tətbiqi mexanizmi və prosedurları ilə bağlı olduğunu söyləmək çətin deyil. Sadəcə olaraq, cüzi təhlil və monitorinq aparmaq lazımdır.

Bəli, reallıq budur ki, xaricdən gələn məhsullar həm maya dəyəri baxımından bazara ucuz daxil olur, həm də keyfiyyətə nəzarətsizlik ucbatından yerli zərgərlik məmulatlarını bazardan sıxışdırıb çıxardır.

Ümumiyyətlə, qızıl və digər qiymətli metallardan hazırlanan məmulatlar üzrə hazırda daxili bazarda rəqabət yoxdur. Qiymətlərin də tələb və təklifin nisbəti nəticəsində təşəkkül tapdığını söyləmək çətindir. Vətəndaşlar zərgərlik məmulatı alanda onun keyfiyyəti və mövcud qiymətə necə uyğunlaşması barədə məlumatlı deyillər. Qiymət hansı əsasla qoyulur? Həmin qiymətin ortaya çıxmasında rəqabət varmı? Bu şərtlərin əslində, heç biri ödənmir.

Zərgərlik məmulatları üzrə istehsal, idxal-ixrac və ümumiyyətlə, satış bazarında isə həmişə böyük məbləğlərdə gəlirlər olur. Ona görə də bu sahədə kölgə amillərinin təşəkkül tapması üçün də geniş imkanlar və meyillər yaranır ki, bu gün ölkəmizin iqtisadiyyatında ümumən, kölgə iqtisadiyyatının bir hissəsi də məhz bu sahəni əhatə edir. Belə ki, zərgərlik məmulatlarının istehsalı, idxal-ixracı və satışında külli miqdarda vəsait qeyri-leqal dövr edir. Başqa sözlə desəm, qeyri-şəffaflıq bəlkə də ən çox sözügedən sektorda hökm sürür. Nəticədə sektorun demək olar, bütün iştirakçılarının hüquqları pozulmuş vəziyyətdə sayılır.

Bəs, vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?

Ölkədə qiymətli metalların emalı, xüsusən zərgərlik məmulatlarının istehsalı, idxalı-ixracı və satışı üzrə hər birində bütün həlqələr nəzarətə götürülməli, sözügedən sahədə bazar yenidən təşkil olunmalı, qiymətlərin düzgün təşəkkül tapması və qeyri-leqal dövriyyənin ləğvi üçün müvafiq tənzimləmə mexanizmi yaradılaraq tədbiq olunmalıdır.

Təkrar edirəm: Ən böyük problem odur ki, ölkəyə daxil olan zərgərlik məmulatları yerli məhsulları satış şəbəkələrindən tamamilə sıxışdırıb çıxarır. Əhali seçim edəndə yerli istehsalçıların əl əməyinə, onların məhsullarına nəyinki rast gəlir, heç bu barədə düşünmür də... Ona görə də, daxili bazarda yerli istehsal xarici məhsulla rəqabət aparmaq gücündə deyil. Müəyyən qrup işbazlar əsasən xaricdən keyfiyyəti məlum olmayan, dəyəri qiymətindən aşağı məhsulların ölkəyə gətirilməsi ilə məşğuldurlar ki, bu baxımdan da aşağıdakıları təklif edirəm.

Birincisi, zərgərlik sahəsində yerli istehsalçılar, sənətkarlar müəyyən güzəştlərin tədbiqi, sair yolla təcili olaraq himayəyə götürülməli, ikincisi, kənardan zərgərlik məmulatlarının idxalı gömrük rüsumlarını artırmaqla məhdudlaşdırılmalı, üçüncüsü, satışda olan məhsulların keyfiyyətinə (əyyar və sair məsələlərə) inzibati metodların tədbiqi ilə nəzarət gücləndirilməli, dördüncüsü, ümumən zərgərlik sahəsində yerli sənayenin formalaşması, inkişafı dövlətin və hökumətin diqqət mərkəzinə alınmalı, beşincisi isə, yerli xammaldan daxildə istehlak üzrə səmərəlilik artırılmalıdır.

Son olaraq qeyd edim ki, bəli, keçən əsrin 90-cı illərin axırı və 2000-ci illərin əvəllərində bütün Qafqaz regionunda zərgərlik məmulatlarının əsas satış bazasını Azərbaycan təşkil edirdisə, bu imkan çoxdandır Türkiyə, İran, ərəb ölkələri və bəzi MDB ölkələrinin xeyrinə əlinə keçib. Halbuki, biz, o zaman qızıl hasil etmirdik. Hələlik isə qızılımız var, "zərgərimiz yoxdur"...


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Qızıl  





Xəbər lenti