AzVision-13 I Köhnə ateistin metamarfozu - VİDEO

      AzVision-13 I    Köhnə ateistin metamarfozu -    VİDEO
  03 Sentyabr 2020    Oxunub:27922
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Verilişin 12-ci buraxılışının əsas mövzusu xaricdən onlayın alverə qoyulan limitlərlə bağlıdır.



Xoş gördük, əziz baxanlar, dostlar, düşmənlər, bəyənənlər, bəyənməyənlər, paylaşanlar və paylaşmayanlar. Çərşənbə AzVisionunda bizə münasibətindən asılı olmayaraq, hər birinizi xoş gördük. Bu formatda biz – yəni mən o – sayıq vətəndaş, bloger Demə Qoq sosial şəbəkədəki gündəmin əsas mövzularını şərh etməyə çalışırıq. Gündəm isə türkün sözü, yoğundur. Biz danışacağıq ki:

ANONS
- Bir axşam taksidən düşüb payıza... yaxud, taksi xidmətlərilə bağlı vahid tarifin tətbiqi nə qədər məqsədəuyğundur?
- Filin dişisi də gəlir: Yeni qrip virusunun covid-19 ilə oxşar olması nə deməkdir və bu, təhlükəni artırırmı?
- Əgər ateist akademik əvvəlcə hədisdən, sonra Qurandan sitat gətirirsə, tədricən özünü peyğəmbər elan edə bilərmi?!


DEMƏ QOQ:
- Anons deyil e, anonsensdir. Akademikin ateist olduğunu haradan çıxardın? Özü bilər, nədən sitat gətirir. İstəsə, lap “Dekameron”dan gətirər. Sən bundansa, onun televiziyalarla bağlı iradlarına cavab ver görüm, nə deyəcəksən?!...

1. Nəşədən ələmə

- Valla, mən bu məsələdə telejurnalistdən çox, bir ateist kimi maraqlıyam. Ölkədə ateistlər onsuz da azdır, göz qabağında biri də bu cür əlimizdən gedir. Deməli, hörmətli Akademik 1987-ci ildə Moskvada dərc olunan “Agitator” yəni, “Təbliğatçı” jurnalının 19-cu sayının 3-18-ci səhifələridə dərc olunmuş “Атеистической работе - высокая эффективность” adlı məqaləsində yazırdı:

(Ramiz Mehdiyevin 1987-ci ildə «Агитатор» jurnalının 19-cu sayında dərc olunmuş “Атеистической работе - высокая эффективность” adlı məqaləsindən:)
- İslamın təsiri ilə mübarizə yetərli deyil. Bir çox partiya təşkilatlarında, tədris müəssisələrində, elmi və yaradıcılıq kollektivlərində əqidəli ateistlərin tərbiyə olunması üçün böyük imkanlardan, ideoloji fəaliyyətin bütün forma və metodlarından lazımınca istifadə edilmir. Dindarlara fərdi təsirin səmərəsi lazımınca qiymətləndirilmir, halbuki, bu, insan xarakterinin xüsusiyyətlərini, onun sosial-psixoloji əlaqələrinin müxtəlifliyini nəzərə almağa imkan verir. Bir çox ailələr ideyanın təsir dairəsindən kənarda qalırlar.

Gördüyümüz kimi, hörmətli Akademikin əqidəli, möhkəm bir ateist olmasına heç bir şək-şübhə ola bilməz. Yeri gəlmişkən, bu məqalə onun 2018-ci ildə dərc edilən rəsmi biblioqrafiyasına da daxil edilib.


DEMƏ QOQ:

- Nə olsun. Sovet vaxtı deyib də! Sovet vaxtı hamı ateist idi ona qalsa… Adamın fikri dəyişə bilməz ki, bəyəm?!

Əvvəla, əsl ateistin dünyagörüşü siyasi quruluşa görə dəyişmir. Bayaqkı fikirləri isə ancaq əsl ateist deyə bilərdi. Çünki 1987-ci il SSRİ-nin təzə yarandığı vaxtlar deyildi ki, hamı məcburi şəkildə dini danmaq və pisləmək zorunda qalsın. Əksinə, artıq SSRİ çökmək üzrə idi, din hər yerdə güclənirdi, dəbə minirdi, dini icmalar öz qəzetlərini buraxırdılar. Elə bir vəziyyətdə dinin güclənməsi ancaq əsl ateistləri narahat edə bilərdi və o mərhələdə İslama qarşı mübarizəni gücləndirməyə səsləməsi hörmətli Ramiz Ənvəroviçin həqiqətən də əqidəli bir ateist olmasından xəbər verir. Yadımdadır, haradasa 2009-2010-cu illərdə yazdığı bir məqalədə o, keçmiş elmi ateizm kafedralarının adının dəyişib, ilahiyyat kafedrası olmasından da gileylənmişdi.
Əgər bu mövqeyini inkişaf etdirsə, hörmətli Akademik bəlkə də müsəlman Şərqinin ilk Riçard Doukinzi ola bilərdi. Di gəl, o cür insan gör, indi nə yazır – sitat: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rad surəsi, 11-ci ayə).

2. “Pulp fiction”

Məsələ ondadır ki, biz ateistlər Quranı yaxşı bilirik, çünki başqa cür mümkün deyil. Bilmədiyin şeyi inkar edə bilməzsən. Rad surəsi bütün ateistlərə 12-ci ayəsinə görə yaxşı tanışdır. Orada ildırımdan danışılır, surənin adının mənası da elə “Göy gurultusu” deməkdir. Mənim üçün əsl göy gurultusu hörmətli Akademikin toydan sonra Elmlər Akademiyasının saytında dərc olunan birinci yazısında hədisdən sitat gətirməsi olmuşdu. “Ateist hara, hədis hara?! Akademik adamsan, sən Volterdən, Russodan, Hegeldən, Monteskyödən-zaddan sitat gətir” deyə düşünərkən, o, bu dəfə daha da qabağa gedib, Qurandan ayə gətirdi. Bu gedişlə bir neçə yazıdan sonra özünün peyğəmbərliyini də elan etsə, təəccüblənməyəcəyəm.
Xeyli müddət ideoloji işlə məşğul olmuş Akademikin nə və necə düşündüyünü təxminən anlamaq mümkündür. O, fikirləşir ki, siyasi-ideoloji çağırışlarla Azərbaycan xalqının şüuruna təsir etmək mümkün deyil, buna görə də bəlkə dini kanalla nəsə alındı. Xüsusilə də Məhərrəm ayında. Məqalə də, səhv etmirəmsə, elə Aşura günü yazılmışdı.
Amma ictimai şüura bu təsir cəhdləri nə üçündür, nəyə lazımdır axı?! Əsas sual budur.
Məqaləsinin əvvəlində hörmətli Akademik soruşur ki, niyə toy edən başqa vəzifəlilər hələ də həbs olunmayıblar? Bunun çox sadə səbəbi var: Heç kimin toyu sizinki qədər məşhuri-cahan olub, sosial şəbəkədə yeddi gün-yeddi gecə çalınmayıb, sadə insanlara “Niyə kasıba olmaz, varlıya olar?!” hiddət ritorikasını püskürtməyib. Ancaq siz cəmiyyəti bu qədər qəzəbləndirə bilmişdiniz. Başqa toylardan videolar yayılsa, onları edənləri də cəzalandıracaqlar. Amma gördüyünüz kimi, heç nə yayılmır. Kin saxlamağın ziyanlı oluğuna dair də Quranda xeyli ayələr var. Və ümumiyyətlə, bir halda ki, ateistlərin Qurandan sitat gətirdikləri qəribə dövrdə yaşayrıq, icazənizlə, birini də mən gətirim. Elə həmin o Raad surəsindən.

Rad surəsi, 17-ci ayə
- Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar.
Buradan hansı nəticə çıxır? Köpük olmaq lazım deyil. Köpüklərə ciddi yanaşmaq da həmçinin.

DEMƏ QOQ:
- Dayan görüm e. Sən Akademikin televiziyalarla bağlı yazdıqlarından heç nə demədin axı. Amma əsas o idi. Telejurnalistsən – televiziyalar haqda iradlara cavab ver də, əgər bacarırsansa! Ateizmdən, qurandan niyə danışırsan?!

- Məsələ ondadır ki, hörmətli Akademikin televiziyaları tənqid etməsi təxminən ona oxşayır ki, Əli İnsanov səhiyyəni, Eldar Mahmudov milli təhlükəsizliyin necə qorunmasını tənqid etsin. Bunların cavabı aydındır, gəl, keçək o biri mövzuya.

3. Bir səhər taksidən düşüb payıza...

Taksi. Bu haqda bütün günü danışmaq olar. Taksi sadəcə nəqliyyat vasitəsi deyil, sosial-mədəni fenomendir. Onun haqqında romanlar yazılıb, filmlər çəkilib, mahnılar qoşulub. Əsl kinomandan soruşsan, sənə Martin Skorsezenin çəkdiyi, Robert de Nironun baş rolda oynadığı “Taxi driver”, sadə kino həvəskarından soruşsan, Lük Bessonun ssenarisini yazdığı və prodüserlik etdiyi “Taxi” filmindən, romantiklər Vaqif Səmədoğlunun “Bir axşam taksidən düşüb payıza” şeirindən və Flora xanımın mahnsından söz açacaqlar. Mahnıdan söz düşmüşkən, Vanessa Paradinin “Joe le taxi”sindən tutmuş, Küçük Əmrahın “Taksi”sisinə qədər nələr eşitməmişik. Bunlar kondisionersiz taksilər haqqında idi. Bir də var Nuri Sərinləndiricinin oxuduğu kondisionerli taksi mahnısı. Demək istədiyim nədir: Robert de Niro ilə Nuri Sərinləndiricini, Vanessa Paradi ilə Natavan Həbibini birləşdirəcək qədər dərin məsələdir taksi.

DEMƏ QOQ:
- Bura bax, əzizim, bizə manıslar haqqında likbez lazım olsa, səni nə edirik, gedib Mikayıla baxarıq. Keç, işin ciddi tərəfindən danış. Təhlilçimə bax mənim!

- Bağışlayın, bir az aludə olmuşdum. Demək istəyirdim ki, bunlar sosial-mədəni fenomen olan taksinin mədəni tərəfinin nə qədər geniş olduğunu göstərirsə, onun sosial tərəfi daha miqyaslıdır. Əvvəla, bu on minlərlə insanın iş yeri və əlavə iş yeri kimi çalışdığı sahədir. Xeyli vətəndaşımız bir işində aldığı maaşa əlavə kimi taksi sürməklə də pul qazanır. İkincisi, heç də həmişə hər yerə ictimai nəqliyyatla getmək alınmır və çox vaxt taksi imkan yox, zərurət məsələsinə çevrilir.
Bu gün bizim insan mağazaya taksidə gedə bilir. Çünki taksi hazırda həqiqətən ucuzdur və bu, hamıya sərf edir: minənə də, sürənə də. Açıq danışsaq, Azərbaycanda taksinin kifayət qədər ucuz olmağı ictimai nəqiyyatla bağlı sualların və narazılıqların qabarmağına mane olan əsas amillərdəndir.
Nə başınızı ağrıdım, taksi bu gün ölkədə hər iki tərəfdən yüz minlərlə insanın dolanışığına birbaşa təsir edən məsələdir, buna görə də, onunla çox ehtiyatlı davranmaq lazımdır. Məhz bu səbəbdən Bakı Nəqliyyat Agentliyinin taksi xidmətləri bazarında vahid tariflərin tətbiq olunacağı ilə bağlı təkliflə çıxış etməsini hamı çox həssaslıqla qarşıladı.
Bəli, dünyada bununla bağlı müxtəlif modellər var. Amma bir model öz təbii inkişafı ilə bir ölkənin – məsələn, bzim,- reallığına uyğunlaşıbsa, niyə onu mütləq dəyişib, başqa reallıqda formalaşmış modeli tətbiq etməliyik?
Şübhəsiz və sözsüz ki, bu sahədə qayda-qanun yaradılmalı, hüquqi boşluqlar aradan qaldırılmalıdır. Məsələn, elə etmək lazımdır ki, operator şirkətlərin arasındakı rəqabət sürücülərin başında çatlamasın. Hazırda belə bir reallıq var: Taksi sifariş edirsən, deyirlər, məsələn, 5 manat. Razılaşırsan. Maşına əyləşəndən sonra sürücü bütün yolu deyinib, gileylənir ki, qiymətləri lap öldürüblər, onlara heç bir xeyir qalmır-filan. Əlbəttə, heç kim uşaq deyil və hamı başa düşür ki, ona sərf etməsəydi, işləməzdi. Amma bütün hallarda bu, normal deyil.
Sürücülər operatorlara az komissiya haqqı ödəmək üçün öz fırıldaqlarını düşünüb tapırlar. “Atam bicdir, kündəni sayırsı, anam bicdir, kündədən kəsirdi” vəziyyəti yaranır. Nəticədə artıq rəqabət sağlamlıq diapazonundan çıxıb. Rəqabəti sağlamlaşdırmaq vacibdir, amma azad bazar prinsiplərini pozmamaq şərtilə. Məsələn, operator şirkətlərin sürücülərlə münasibətlərini daha dəqiq hüquqi təzimləmək, xarici dispetçer xidmətlərinin vergisini artırmaq, şübhəli olanları ölkə ərazisində blokalamaq olar. Amma tariflər çox elastik anlayıışdır, onlar şəhərin ərazisinə, yolda hərəkətin sıxlığına, günün saatlarına görə avtomatik dəyişirlər. Bunları vahid tariflə əvəz etmək nə ilə nəticələnə bilər – bu haqda hər hansı qərar qəbul etməzdən qabaq çox ciddi düşünmək lazımdır.

4. “COVİD-19” + “qrip-20”

Hazırda payızın ilk ayının ilk günlərini yaşayrıq. Payız isə nə mövsümüdür?

DEMƏ QOQ:
- Həəəəəəəəpçiii!!
- Sağlam ol!
- Qrippp!!!

Bəli, payız yoluxucu xəstəliklərin, xüsusilə də qripin kəsinləşdiyi mövsümdür. Xatırlsyırsınızsa, lap əvvəldən deyilirdi ki, payızda koronovirusla bağlı vəziyyət də kəskinləşə bilər. Biz isə tədricən karantindən çıxmağa doğru gedirik. Karantinin yumşalmasının gəlib payıza düşməsi istər-istəməz narahatçılığı artırır. Çünki ortada həm də başqa sual var: Qrip və “covid-19” virusları eyni vaxtda yayılsalar, bu, epidemioloji vəziyyətə necə təsir edəcək?
Və yaxud, sualı belə qoyaq. İnsanların 80 faizi “covid-19”a yoluxmanı tamamilə simptomsuz, ayaq üstə keçirirlər. Əksəriyyətimiz bu şəkildə ya keçirmişik, ya da yaxın aylarda yoluxub, keçirəcəyik. Amma, tutaq ki, normal halda koronavirisu ayaq üstdə, əlamətlərsiz keçirəcək olan şəxs, - tutaq ki, elə bizim bu orta statistik Demə Qoq,- eyni zamanda həm də qripə yoluxsa, onda necə olacaq?
Bu, hazırda bütün dünyada günün sualıdır. Onun birmənalı cavabı yoxdur. Amma böyük ehtimalla, bir orqanizm eyni zamanda həmi “covid-19”a, həm də yeni növ qrip viruslarından birinə - söhbət 4 təzə ştammdan gedir,- yoluxsa, vəziyyəti xeyli ağırlaşa bilər. Bu halda tək koronavirusu ayaq üstdə keçirəsi şəxs də yatağa düşəcək, ola bilər ki, hətta ağırlaşma ilə də üzləşsin.
Təhlükəni artıq bütün dünyada başa düşüblər, ona görə də bu il bütün ölkələrdə qrip əleyhinə vaksinasiyaya xüsusi fikir verilir və çox ciddi yanaşılır.

DEMƏ QOQ:
- Ha-ha-ha... Deyəsən koronavirusu bəhanə edib, çip qoya bilmədilər, indi qripi ortaya salırlar axı... Şəxsən mən koronavirusdan qoxmadığım kimi, qripdən də qorxmuram!

- 5G yaddan çıxdı. Ayrı-ayrılıqda ikisindən də qorxmaya bilərsən. Hamımız indiyə qədər dəfələrlə qrip olmuşuq, bilirik ki, xoşagələn bir şey olmasa da, dəhşətli də deyil. Amma məhz koronavirus pandemiyasının fonunda yayılması bu il onu xüsusilə təhlükəli edir. Bədənimiz və immun sistemimiz bu virusların biri ilə bacarmaq halındadırsa belə, eyni vaxtda ikisinin öhdəsindən gəlməyə də bilər.
Üstəlik, dünyada tibb adamlarını narahat edən həm də odur ki, qrip virusunun bu il yayılan yeni ştammları da koronavirus kimi ağ ciyərlərə təsir göstərir. Onlar adı bizə yaxşı tanış olan “atipik pnevmoniya” virusunu xatırladırlar. O virusu ki, 2002- ci ilin noyabrında Çiin cənubunda qeydə alınmış, 2003-ün yazında artıq Uzaq Şərqdə ciddi epidemiya dalğası doğurmuşdu. Ona yoluxanların təxminən 10 faizi dünyasını dəyişirdi.
Bu payız yayılacağı proqnozlaşdırılan qrip ştammlarının həmin atipik pnevmoniya virusu ilə bənzərliyi xüsusilə riskli olduğundan, qrip əleyhinə peyvəndə məhz bu il çox ciddi yanaşmalıyıq. Əsasən də Bakıda, çünki statistika göstərir ki, koronavirusa yoluxmaların 56,2 faizi paytaxtın payına düşür. Əgər rayonlara gediş-gəliş açılsa, və bundan sonra mövsümi qripin yeni ştammı ölkəmizdə yayılsa, koronavirus pandemiyasının fonunda epidemioloji vəziyyət yenidən gərginləşə bilər. Ona görə də, indi qridən peyvənd olunmaq təkcə şəxsi sağlamlıq yox, həm də ictimai məsuliyyət məsələsidir. Əgər yenidən karantin və qapanma istəmiriksə, bu mövzuya son dərəcə həssas və anlayışlı yanaşmalıyıq. Hamı şəxsən özü peyvənd olunmalıdır, Əli Kərimli isə blokadada olduğu üçün, onun yerinə vaksini admin heyəti də vurdura bilər.
Belə. Çalışaq sağlam qalaq. Həm fiziki, həm də mənəvi mənada. Şüurunuzu da, vücudunuzu da viruslardan qoruya bilmək üçün möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti