Münhen sazişinin imzalanmasından sadəcə bir il keçdikdən sonra, yəni 1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsinin başlanması ilə “təcavüzkarı sakitləşdirmək siyasəti” iflasa uğradı. Hadisələrin sonrakı inkişafı isə hamıya bəllidir. Milyonlarla insanın qətli, Holokost, qaz kameralarında işgəncələr və s. Tarixin ən qanlı səhifələrindən birinin açılmasına səbəb olan təcavüzkarı sakitləşdirmək siyasəti elə tarixin ən dərinlərində qalmalı olduğu halda, müasir dövrdə də avropalı siyasətçilər tərəfindən ən optimal diplomatiya vasitəsi olaraq tətbiq edilir.
Minsk qrupunun həmsədrləri Avropanın dağılmasına səbəb olmuş bu siyasətin indi Qafqazı xilas edəcəyinə, Ermənistanı sakitləşdirəcəyinə inanırlar. Təkcə Ermənistanın bu ilin iyul ayında açıqlanmış yeni Milli Təhlükəsizlik Strategiyasına baxmaq bəs edirdi ki, İrəvanın sakitləşməyə niyyətinin olmadığı anlaşılsın. Ümumiyyətlə, həmin sənədin təhlükəsizlik strategiyası, yoxsa şifahi şəkildə nəsillərdən nəsillərə yayılan folklor nümunəsi olması da ayrı bir müzakirənin mövzusudur.
Əslində regional şərait çox mürəkkəb və ədalətsizdir. Bir tərəfdə beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı “azad edilmiş Artsax”, özünü onun “qarantı” adlandıran Ermənistan vardı, digər tərəfdə ərazisi işğal olunan, əhalisi qovulan Azərbaycan. Üçüncü tərəfdə isə işğaldan əziyyət çəkən Azərbaycanı buna göz yummağa, təcavüzün gətirdiyi mənəvi, psixoloji, siyasi və iqtisadi zərərlərini xoş görməyə çağıran həmsədrlər və ermənipərəstlər.
Cənubi Qafqazın dünyanın aparıcı güclərinin gündəmində 4-cü, 5-ci dərəcəli yer tutması onsuz da aydındır. Əks təqdirdə, hər dəfə vəziyyət gərginləşdiyi zaman bəyanat vermək zərurəti yarananda sadəcə tarixləri dəyişib, məzmunu eyni saxlamaz, 30 ildir, işi-gücü ancaq təəssüflənmək olan Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini deməzdilər.
Beynəlxalq münasibətlər indi hər zamankıdan daha çox üzvi şəkildə bir-birilə bağlıdır. Ona görə də Cənubi Qafqaza diqqət hər zamankından daha çox olmalı, üstəgəl mövcud təhdidlər subyektiv yox, obyektiv nöqteyi-nəzərindən təhlil edilməlidir.
Cənubi Qafqazın stabilliyi təmin edilməlidir. Birmənalı. Yəni 1938-ci ildə olduğu kimi təcavüzkarı sakitləşdirmək yox, ona təzyiq göstərmək lazımdır. Nəzərə alsaq ki, Avropa İttifaqı enerji resurslarının, o cümlədən qazın ən iri idxalçılarından biridir və çox yaxın keçmişdə Ukrayna-Rusiya qaz müharibələrinə ilə bağlı enerji təhlükəsizliyinə görə ciddi narahatlıq keçirib, onda deməli, İttifaq da bu məsələdə hər zamankıdan daha maraqlı və fəal olmalıdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlandığı müddətdə isə stabilliyə nail olmaq mümkün deyildi.
Qarabağ və Şərqi Zəngəzurdan olan bələdçilərə təlimlər keçirilib - FOTOLAR |
Azərbaycanın ərazi bütövlüyünün bərpasını təxirə salan istənilən formul isə regionda heç qısamüddətli sabitliyə də gətirib çıxarmayacaq. Ermənistan onsuz da münaqişəni regional müstəviyə çıxarmağa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Azərbaycan və Türkiyəni təxribata çəkir, lakin unudur ki, Türkiyə NATO-nun üzvüdür. Qurumun baş katibi Yens Stoltenberq oktyabrın 5-də Türkiyəyə səfəri zamanı ölkənin NATO üçün dəyərli müttəfiq olduğunu bildirib.
Digər tərəfdən, Ermənistan mediası məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan sərhədlərinin demilitasiya və demarkasiyası məsələlərinə şərh verərək, iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə çalışır. Lakin Ermənistan tərəfi unudur ki, heç Gürcüstan-Ermənistan sərhədləri də demilitasiya və demarkasiya edilməyib. Üstəgəl, Azərbaycanla Gürcüstan strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərilə bir-birlərinə bağlıdırlar. Cənubi Qafqazda yeganə pozucu ölkə elə Ermənistanın özü olub.
Baş nazir Nikol Paşinyanın çox sevdiyi tarixə müraciət edək. Çox uzaq yox, elə 1 əsr əvvəl, 1919-cu ilin iyun ayında Azərbaycan və Gürcüstan Denikin Rusiyasına qarşı müdafiə olunmaq üçün hərbi müdafilə müqaviləsi imzalamışdılar. Müqaviləyə qoşulması üçün Ermənistana müraciət edilsə də, cavabsız qalmışdı. Sənədin diqqət çəkən məqamı isə ondan ibarət idi ki, 2 həftə ərzində Ermənistana sazişə qoşulması üçün müddət verilirdi. Lakin Ermənistan həmin həssas dövrdə də birliyin yox, parçalanmanın tərəfində durmuşdu.
Azərbaycan torpaqlarının işğalına son qoyması ilə Ermənistan hamıdan əvvəl özünə yaxşılıq edəcək. Fransız dövlət xadimi Kardinal Rişelyenin məşhur ifadəsi var: “Dövlət ya indi xilas olunacaq, ya da heç vaxt”. Ermənistanda hakimiyyətin nə ölkənin gələcəyini, nə də xalqın rifahını düşünmədiyi aydın məsələdir. Ancaq sıravi Ermənistan vətəndaşı özünə sual verməlidir: Mehriban qonşuluq şəraitində qarşılıqlı qazanc əldə etmək, yoxsa maliyyə, hərbi, resurs cəhətdən asılı olmaq, dara düşəndə xaricdəki kardaşyanlarının ianələrinə sığınmaq yaxşıdır?
Türbət Bağırova
Azvision.az