Ərazi bütövlüyümüzün bərpası Avropanın da xeyrinədir – TƏHLİL

   Ərazi bütövlüyümüzün bərpası Avropanın da xeyrinədir –    TƏHLİL
  27 Oktyabr 2020    Oxunub:6620
Qərbin və o cümlədən, Avropanın bütün məqamlarda həmişə iqtisadi maraqları hər şeydən üstün tutduğu halda, bilavasitə Azərbaycana münasibətdə bir çox məsələlərin həllində bunu vaxtında və lazımi səviyyədə təzahür etdirməməsi ciddi təəccüb doğurub və doğurmaqda da davam edir.
İndiyədək demək olar, bütün layihələrə yanaşmada məhz belə olub. Amma ideya və təşəbbüskarı, həmçinin icraçısı da Azərbaycan olan həmin layihələr tam ərsəyə gəldikdən sonra bunların əhəmiyyətli olduğu açıq etiraf edilib və edilir. Halbuki, bu münasibət hər bir layihə üzrə vaxtında bildirilsəydi, bütün tərəflərə xeyri daha çox olardı. Bunu Qərb və Avropa ölkələri təəssüf ki, indi də anlamırlar.

Diqqət yetirək: bu gün Azərbaycan Ordusu əraziləri işğalçılardan azad etdikcə, yəni düşmən ordusu döyüş zonasında bir-birinin ardınca ağır məğlubiyyətə uğradıqca, Qərb və o cümlədən, Avropa da bir növ Rusiya tərəfinin xarici işlər naziri Sergey Lavrovun söylədiyi fikirlərə yaxın mövqe nümayiş etdirir. Belə ki, məsələn, atəşkəsdən, buna riayət etmək üçün münaqişə zonasına gah hərbi müşahidəçilərin gətirilməli olduğundan, gah da sülhməramlı qüvvələrdən və sair kimi məsələlərdən danışılır. Halbuki bu, birbaşa Erməni tərəfinin mövqeyinə xidmət edir.

Azərbaycanın ərazisi işğalçı qüvvələrdən tam təmizlənmədən hansı atəşkəsdən, buna nəzarət edəcək hərbi müşahidəçilərdən - sülhməramlı qüvvələrdən söhbət gedə bilər?! Sözsüz ki, atəşkəs və buna nəzarət edəcək hərbi müşahidəçilər, sülhməramlı qüvvələr yalnız və yalnız Azərbaycan ilə Ermənistan sərhəddinə gətirilib, yerləşdirilə bilər. O da iki şərtlə: birincisi, Azərbaycanın ərazisi işğalçı qüvvələrdən tam təmizlənsin, ikincisi də sözügedən müşahidəçilər və yaxud qüvvələr təkcə bir ölkəyə məxsus olmasın!

Azərbaycanın ərazi bütövlüyünün bərpasında əslində Avropa daha çox maraqlı olmalı və buna çalışmalıdır. O səbəbdən ki, Azərbaycan Cənubi Qafqazda ən vacib, potensiallı və infrastruktur nöqteyi-nəzərincə lazımlı ölkədir. Azərbaycan regionda enerji təchizatçısıdır, Şimal ilə Cənub və əksinə, Şərq ilə Qərb istiqamətlərdə yeganə keçid qapısıdır, mərkəzdir, qovşaqdır. Ölkəmiz ərazisindən ideya və təşəbbüskarı, həmçinin icraçısı olduğumuz Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi keçir. Hansı ki, bunların hər biri Qərb üçün olduqca əhəmiyyətlidir.

Yeri gəlmişkən, Azərbaycan ilk dəfə 13 il bundan qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb. Həmin ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verildi ki, bununla da bizdən Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. Elə Cənub Qaz Dəhlizi layihəsinin üçüncü tərkib hissəsi olan TANAP-ın da ilk rüşeymi məhz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə qoyuldu.

Ancaq o vaxt Avropada hər hansı yeni qaz layihəsi barədə söhbət düşəndə bu, cəfəngiyyat sayılır, rentabelli hesab edilmirdi. Bakı-Tbilisi-Ceyhan kəmərinə də, onun 2006-cı ildə açılışına qədər eyni münasibət vardı. Ancaq indi Azərbaycan real olaraq çox sabit neft təchizatçısı olaraq tanınır və qəbul edilir. Halbuki, Xəzər və Aralıq dənizlərini ilk birləşdirici layihə sayılan Bakı-Tbilisi-Ceyhanı həyata keçirmək çox çətin iş sayılırdı. Həm geosiyasi, həm də texniki baxımdan... Üstəlik, kəmər 2006-cı ildə açıldığı gündən bəri heç bir fasilə, fars-major və problem də baş verməyib. Ərazimizin 20 faizi işğal altında olmağına baxmayaraq...

Və yaxud, Azərbaycan nəqliyyat sektorunda son illər ərzində nə qədər iş görüb: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, müasir hava limanları, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil, dəmir yolları xətlərinin tikintisi kimi irimiqyaslı infrastruktur layihələrin icrası ölkəmizi regionda nəqliyyat paytaxtına çevirib. Bundan isə təkcə Azərbaycan deyil, bütövlükdə region, o cümlədən, ona yaxın bütün digər ölkələr böyük töhfələr götürür və hələ daha geniş şəkildə götürməkdə davam edəcək. Bu töhfələr həm siyasi, həm də iqtisadi xarakter daşıyır. Sual olunur ki, bunu Avropa başa düşürmü və qəbul edirmi?! Təəssüf ki, yox.

Ümumiyyətlə, Azərbaycanda görülən bütün bu işlərə sanki qısqanclıqla yanaşılıb və yanaşılır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı münasibətdə də belə olub, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə də, Bakı-Tbilisi-Qars dəmir yoluna da. Söhbət təkcə, siyasi deyil, həm iqtisadi qısqanclıqdan gedir. Çünki ideyası ölkəmiz tərəfindən irəli sürülən, sonra da bütün maneələrə baxmayaraq, gerçəkləşdirilən layihələrin hamısı ilk növbədə öz rəqabətqabiliyyətliliyi ilə seçilib və seçilməkdədir. Bax, səbəb həm də budadır.

Belə ki, Azərbaycanın iqtisadi sahədə gördüyü və gerçəkləşdirdiyi bütün böyük işlərə rəğmən, özünün güclü inkişaf etmiş bir ölkəyə çevrilməsi istənilmir. Bu, aşkar görünməyən çox ciddi faktordur. Bunu bugünki müharibə də sübut edir. Cəmi 2 milyard ABŞ dollarından bir qədər artıq valyuta ehtiyatlarına malik ölkənin sentyabrın 27-dən bəri döyüş meydanında 2 milyard dollardan artıq silah-sursat itirməsinə rəğmən, yenə müharibəni davam etdirməsi və müqavimət göstərməsi məhz onu göstərir ki, bu, mənfur düşmənin öz işi deyil...

Ancaq bütün bunlara rəğmən, Azərbaycan öz Silahlı Qüvvələri - Ordusu sübut edəcək ki, Qərb başda olmaqla, Avropa ölkəmizin ərazi bütövlüyünün bərpasına yönəlik həyata keçirdiyimiz tədbirlərə münasibətdə də düzgün mövqe sərgiləmir. Və iqtisadi-enerji layihələrində olduğu kimi, ölkəmizin işğalçılardan təmizlənməsinin də nə qədər vacib olduğu sonradan etiraf ediləcək. Azərbaycanın ərazi bütövlüyünün bərpası həm də Avropa üçün vacibdir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Vətən-Müharibəsi   Qarabağ  





Xəbər lenti