FHN XƏBƏRDARLIQ edir

FHN XƏBƏRDARLIQ edir
  15 Fevral 2014    Oxunub:1839
AzVision.az Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığını nəzərinizə çatdırır: dəm qazından ehtiyatlı olun.
Son vaxtlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır.

Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməmələri səbəbindən baş verir.

Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 milliqramdan çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.

Dəm qazından zəhərlənmə zamanı gözlər yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.

Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.

Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.

Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Məsələn, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.

Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır. Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.

Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin.
Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.

Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, onu kürəyi üstə uzatmaq və yaxasını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.

Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.

Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.

Hər hansı bir fövqəladə hadisə baş verdikdə “ 112” qaynar xəttinə müraciət edin!


Teqlər:





Xəbər lenti