Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir - AMEA

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir - AMEA
  17 Fevral 2014    Oxunub:1415
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu fevralın 10-da baş verən zəlzələdən sonra mətbuatda yer alan proqnozlarla bağlı məlumat yayıb.

AzVision.az xəbər verir ki, məlumatda Azərbaycanda dağıdıcı zəlzələlərin olacağı ilə bağlı yayılan proqnozların əsasız olduğu deyilir.

Belə ki, 1998-ci ildən 2010-cu ilə qədər aparılan araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Tenxnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə "Natural Hazard" jurnalında birgə məqalə dərc etdirib, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir ediblər. Alimlər bu elmi məqalə ilə Kür köçəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat verib. Bildiriblər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər.

AMEA-nın muxbir üzvü Fəxrəddin Qədirov qeyd edib ki, 16 ildir Geologiya İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənir. Müasir elmi-tədqiqat texnologiyaları vasitəsi ilə izlənilən vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən müşahidə olunub. Bununla belə, alim əlavə edir ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir. KİV-lərdə geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyildir.

AMEA-nın yaydığı məlumatda vurğulanır ki, adı çəkilən jurnalda qeyd olunan məqalə düzgün tərcümə olunmayıb: “Xatırladaq ki, "Natural Hazard" jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV tərəfindən düzgün tərcümə olunmayıb, yanlış anlaşılıb və ictimaiyyətdə böyük çaşqınlığıa səbəb olub. Sonra, alimlər açıqlama verərək məsələyə aydınlıq gətirib”.

Qeyd edək ki, fevralın ölkənin bir sıra yerlərin güclü zəlzələ olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti