Azərbaycan-İtaliya nümunəsi: Yaxşı dost dar gündə tanınar - ŞƏRH

 Azərbaycan-İtaliya nümunəsi:  Yaxşı dost dar gündə tanınar -  ŞƏRH
  04 Fevral 2021    Oxunub:12612
Azərbaycana yaxın dost olan ölkələrdən biri də İtaliyadır. Son illər rəsmi Roma ilə müttəfiqlik əlaqələrimiz, siyasi-iqtisadi təmaslar mahiyyətcə yeni mərhələdə uğurla davam edir.
Tərəflər indiyədək münasibətlərin dərinləşdirilməsi istiqamətində bir sıra vacib addımlar atıblar. Təkcə bir məqamı xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfərindən sonra iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Cənub Qaz Dəhlizi, TAP layihələri fonunda Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter alıb.

Hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş, həm də yaxın dost kimi çıxış edir, bir-birinə dəstək nümayiş etdirirlər. Təbii ki, İtaliya ilə Azərbaycan arasında Strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını xüsusi vurğulamaq yerinə düşər. Bu vacib tərəfdaşlıq özünü yalnız sənəd üzərində göstərmir, bir sıra əməli işlərdə daha çox büruzə verir.



Ötən il Azərbaycan tarixinin ən şanlı dövrünü yaşadı, 44 günlük Vətən savaşında dostlarının və düşmənlərinin kimlərdən ibarət olması aşkar şəkildə göründü. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən müharibə dövründə bizə bir çox ölkələr aşkar şəkildə dəstək oldular ki, onlardan biri Avropadakı strateji tərəfdaşımız İtaliyadır. İşğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə İtaliya müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Avropanın nəhəng ölkəsinin siyasi dəstəyi Azərbaycan üçün tarixi əhəmiyyətə malikdir. Rəsmi Bakı da öz növbəsində Romadan səslənən dəstək mesajını çətin sınaqlardan üzüağ çıxan dostluq mesajı kimi qiymətləndirdi.

Dost ölkə Azərbaycanı dəstəkləməklə yanaşı, işğalçı Ermənistanın müharibə cinayətlərinə öz etirazını bildirərək, yaşayış məntəqələrimizə edilən raket hücumlarına səssiz qalmadı. Belə ki, İtaliyanın “Liqa” partiyasından senator, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr komissiyasının üzvü Stefano Lucidi, “Liqa” partiyasından deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi və senator, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti KİV-də və sosial şəbəkələrdə Ermənistanın Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış edirdilər.



Bundan başqa, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu. Azərbaycan dövləti üçün həmin dönəmdə informasiya müharibəsi olduqca vacib idi. Ölkəmiz informasiya savaşında ardıcıl, prinsipial, davamlı mübarizə aparır, informasiya texnologiyalarının verdiyi imkanlarla xarici media nümayəndələrini, jurnalistləri Qarabağ həqiqətləri ilə operativ məlumatlandırırdı. Prezident İlham Əliyevin oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına, “La Republica” qəzetinə verdiyi müsahibələrin geniş işıqlandırılması və digər İtaliya KİV-lərində müharibə dövründə Qarabağ həqiqətlərini əks etdirən məlumatların dünyaya çatdırılması bu ölkənin yanımızda olduğunu növbəti dəfə sübut etdi.

Bu mənada Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliyanın Azərbaycan üçün əhəmiyyətini xüsusi olaraq vurğuladı:

“İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.



Azərbaycanı 30 il ərzində narahat edən Qarabağ problemi artıq geridə qalır, postmüharibə dövründə regionda yeni perspektivlər açılıb. Azərbaycanın yaratdığı yeni reallıqdan digər dost ölkələr kimi İtaliya da yararlanmaqda maraqlıdır. Artıq italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə reallaşacaq genişmiqyaslı quruculuq və bərpa işlərində aktiv iştirakı təsdiqlənib.

Prezident İlham Əliyev “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu barədə söz açaraq dost ölkələrin şirkətlərinə üstünlük veriləcəyini bəyan etdi. Ölkə başçısı, həmçinin Azərbaycana bundan sonra böyük quruculuq işlərində yaxşı, perspektivli tərəfdaşların lazım olacağını diqqətə çatdırdı. Prezident ümidvar olduğunu söylədi ki, italyan şirkətləri qarşıdakı dönəmdə ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar:

“Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir”.

Çətin günlərdə Azərbaycanın yanında olan İtaliyanın biznes strukturlarının azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə cəlb olunması göstərir ki, ölkə başçısı bizə dəstək olan heç kimin yaxşılığını unutmur, dosta dost, qardaşa qardaş kimi davranır.

Azərbaycan birmənalı olaraq açıq şəkildə mesaj verdi ki, çətin günlərimizdə haqq işimizi dəstəkləyən ölkələr üçün daim qapımız açıq olacaq, iqtisadi layihələr məhz dost ölkələri təmsil edən şirkətlərlə birlikdə həyata keçiriləcək.



İtaliyanın nüfuzlu şirkətləri və ümumilikdə İtaliya dövləti Azərbaycanda böyük layihələrin həyata keçirilməsində, iqtisadiyyatın inkişafında yalnız postmüharibə dövründə deyil, əvvəllər də maraqlı olub, öz töhfələrini veriblər. Hazırda regionumuzda açılan nəhəng iqtisadi imkanlar əlaqələri genişləndirmək üçün yaxşı fürsətdir. Ölkələr bunu maksimum dəyərləndirməyə çalışacaqlar.

Doğrudur, dünyanı cənginə alan pandemiya ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi. Buna baxmayaraq, birlikdə çətinliklərin öhdəsindən gələ biləcəyimiz istisna deyil. Keçən il 4,3 faizlik iqtisadi azalma fonunda Azərbaycanın qeyri-enerji sənayesində qeydə alınan 12,5 faizlik artım sənayeləşmə proqramının nəticə sayıla bilər. Sirr deyil ki, bu sahədə İtaliya şirkətləri Azərbaycana layiqli töhfələr veriblər. Məhz bu kontekstdə İtaliyanın Azərbaycana verdiyi böyük önəmin göstəricisi kimi 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkında inşa edilən polipropilen zavodunun açılışında İtaliya Prezidenti Sercio Mattarellanın iştirakını xatırlamaq yerinə düşər.

Azərbaycan eyni zamanda İtaliya ilə digər sahələrlə yanaşı, “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır və çox güman ki, bütün bu layihələrin reallaşdırılmasında dost ölkənin böyük rolu olacaq. Həmçinin İtaliya ilə Azərbaycanı bir-birinə sıx tellərlə bağlayan yalnız siyasi və iqtisadi amillər deyil, humanitar layihələr də mövcuddur.

Buna nümunə olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ideyasını vurğulaya bilərik. Artıq bu ideya reallaşdırılır və ölkə başçısı İtaliya şirkətinin rəhbərləri ilə görüşündə bu istiqamətdə ciddi işlərin getdiyini bildirdi:

“Biz artıq Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin, ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək”.

Ölkə başçısının qeyd etdiyi kimi, birgə universitetin təsis edilməsi yeni ixtisaslar üzrə gənc kadrların hazırlanması və ixtisaslaşması baxımından əhəmiyyətli hadisədir. Dünyanın öncülləri sırasında yer alan İtaliya təhsilinin ölkəmizə gətirilməsi bu sahədə böyük perspektivlər vəd edir və Azərbaycan təhsilinin inkişafına geniş imkanlar açır.

Bir sözlə, deyə bilərik ki, 44 günlük Qarabağ Zəfərindən sonra tariximizin yeni səhifəsi açılıb və Azərbaycan irəliyə doğru yalnız İtaliya kimi yaxın dostları ilə birgə addımlayacaq. İtaliya şirkətləri onlar üçün yaradılan şəraitdən faydalanaraq azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak edəcəklər. Şübhə yox ki, qarşılıqlı addımlar postmüharibə dövründə iki dövlət arasında möhkəm təməllər üzərində qurulmuş dostluq münasibətlərini və iqtisadi əlaqələri daha da sıxlaşdıracaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtaliya   Azərbaycan   Əməkdaşlıq   Strateji-tərəfdaş   Dost  





Xəbər lenti