Yanukoviçin taleyi necə olacaq? - AKTUAL

Yanukoviçin taleyi necə olacaq? - AKTUAL
  21 Fevral 2014    Oxunub:1288
Son günlər Ukraynada baş verən qanlı hadisələr dünyanın diqqət mərkəzindədir. Milliyətindən aslı olmayaraq hər kəs Ukrayna xalqının gələcək taleyi barədə düşünür. Dünya gücləri Rusiya-Qərb münasibətlərinin gərginliyi fonunda Kiyev qiyamını soyuqqanlı şəkildə seyr edir. Qərb aidiyyatı üzrə “quru dillə” açıqlamalar verməklə kifayətlənir.
İttihamlar prezident Yanukoviçlə bərabər onun rus himayədarı Putinə də yönəlib. Başı Soçi Olimpiadasına qarışan Putin heç nə olmamış kimi “Maydan” hadisələrinə reaksiya belə verməyərək Yanukoviçi çıxılmaz vəziyyətdə qoyub. Geriyə dönüş olmayan olayların sonu bəlli olmasa da Yanukoviçin aqibətinin əvvəlki kimi ürəkaçan olmayacağı məlumdur.

Ukraynanı və Yanukoviçi qarşıda nə gözləyir?

Politoloq Qabil Hüseynli Kiyev hadisələrini AzVision.az-a şərh edərkən bildirib ki, vəziyyətin bu həddə gəlib çatmağının səbəbkarı ölkə başçısı Viktor Yanukoviçdir:

“Çünki o, Rusiyanın dediyi ilə oturub durdu, xalqı ilə msələhətləşmədi, dialoqa getmədi . Düzdür, müxalifət nümayəndələri ilə görüşdü, amma görüşdə konkret heç nə müzakirə edilmədi, heç bir nəticəsi olmadı. Daha sonra da bildiyimə görə Rusiyanın baş nazirinin təkidi ilə meydanı təmizləmək adı altında dinc əhaliyə qarşı kütləvi repressiya tədbirləri həyata keçirildi. Bəzi KİV-lər iddia edir ki, Yanukoviç vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə razılıq verib, amma bu hələ rəsmi şəkikdə təsdiqlənməyib”.

Q.Hüseynli hesabn edir ki , dünyada Ukraynaya qarşı qəzəbli münasibət hökm sürür. Artıq Ukraynaya sanskiyaların tətbiq edilməsinə başlanıb. Dünəndən etibarən Ukrayna üçün ağır günlər başlayıb və baş verən faciə Ukrayna taxrixində görünməmiş hadisədir. Bu nöqteyi-nəzərdən bu hadisələrə görə Yanukoviç ciddi huqiqi-siyasi məsuliyyət daşıyır.

Ukraynada nələrin baş verəcəyinə gəlincə politoloq bu proqnozları verib: “Mənə elə gəlir ki, ciddi kompromislər olmalıdır. Əvvəla onu deyim ki, orada etiraz edən bəzilərinin dediyi kimi bir ovuc müxalifət deyil. Bütün ölkə əhalisi ayağa qalxıb və dəyişikliklərin həyata keçirilməsini tələb edir. Bu total təzyiqin qarşısında Yanukoviç geri çəkilməli olacaq. Yeni prezident seçkiləri keçiriləcək. Həmin seçkilərdə də Yanukoviçin qələbə çalmaq şansı sıfıra bərabərdir.

Bu da o deməkdir ki, hakimiyyətə yeni qüvvələr gələcək. Bu yeni qüvvələr də Ukraynanın taleyini həll edəcək. zənnimcə, Rusiyanın Ukraynadakı hadisələri qızışdırması onun Ukraynada məğlubiyyəti ilə nəticələnəcək. Artıq Ukrayna da Rusiya üçün itirilmiş bölgədir. Buna görə də Ukrayna ilə Rusiya arasında ciddi gərginliyin olacağı ehtimal edilir”.

Artıq son olaylar onu deməyə əsas verir ki, Viktor Yuşenkonu devirərək hakimiyyəti ələ keçirən Yanukoviçin hökmranlığı tarixə qovuşur. Putinin Gömrük İttifaqı tələsinə düşən Yanukoviçin qələmini elə onun rus himayədarı qırdı. Tərk edilən prezidentin nə geriyə dönüşü var, nə də iqtidarda qalmaq gücü. Maydanda taxtı devrilən Yanukoviçin bundan sonra yeganə çıxış yolu xalqdan üzr istəyərək üzüsulu iqtidardan getməkdir. Hərçənd ki, ukraynalılar onu tarix boyu bağışlamayacaqlar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti