Söyüşland uber alles: Almaniya “söyüş müxalifət”inə niyə meydan yaradır

 Söyüşland uber alles: Almaniya “söyüş müxalifət”inə niyə meydan yaradır
  30 Mart 2021    Oxunub:9512
Son illər Avropada məskunlaşmış “söyüş müxalifəti”nin ən çox cəmləşdiyi ölkələrdən biri Almaniyadır. Sosial şəbəkələrin verdiyi imkanlardan yararlanan bir qrup siyasət xuliqanı Doyçlandda rahat şəkildə oturub, heç nədən çəkinməyərək söyüş, təhqir kampaniyalarını davam etdirir.
Əcəba, doğrudanmı, Almaniyada istədiyin şəxsi söyüb, təhqir etmək sərbəstdir və qanunlar buna heç bir məhdudiyyət qoymurlar? Əslində yox. Son vaxtlar Almaniyada sosial şəbəkələrin tənzimlənməsi istiqamətində böyük işlər görülür. Dünyada bununla bağlı ilk qanunlardan biri məhz Almaniyada qəbul olunub. Digər ölkələr sosial şəbəkələrin tənzimlənməsinin hüquqi bazasını yaratmaq üçün Alman təcrübəsini araşdırırlar.

Almaniyada təxminən bir il öncə qəbul edilmiş yeni qanuna görə, sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən istifadəçinin şifrələri xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında Federal Kriminal İdarəyə bildirilməli olacaq. Federal Kriminal İdarə isə yerli hüquq mühafizə orqanlarına bu məlumatları ötürə biləcək. Yəni tutaq ki, indiyədək üsyana çağırış cinayət tərkibi olan paylaşımlarla bağlı uzun prosedurlar həyata keçirilirdisə, bundan sonra sosial şəbəkələrdə belə çağırışlar edənlərə qarşı operativ şəkildə sərt tədbirlərin görülməsi daha da asanlaşıb. Çünki artıq sosial şəbəkə operatorları Federal Kriminal idarəyə daha asan formada məlumatlar verməlidirlər.

2017-ci ildə Almaniya prezidenti Frank Valter Ştaynmayer müsahibələrinin birində narahatlığını bildirmişdi ki, internetdə anonim adlarla şərh yazmağın qadağan edilməsinin tərəfdarıdır. Çünki anonim şərh yazmaq imkanı təhqir və hədələrə yol açmaqla, demokratik müzakirəni əngəlləyir: “Bəzən özlərinə nəzarəti tamamilə itirirlər. Demokratiya belə olmur”.
Almaniya dinc əhalini qorumağa hazırlaşır

Almanlar üçün demokratiya belə olmursa, niyə Azərbaycana qarşı sosial şəbəkələrdən 4 ildən çoxdur davam edən aşkar təhqir kampaniyalarına göz yumulur? Yəni "sizə olar, bizə olmaz"? Alman polisi öz hökuməti, siyasi elitası üçün səslənən təhqirləri dərhal nəzarətə götürür, sosial şəbəkələr bu mövzuda tənzimlənir, Azərbaycana gəldikdə isə, adı "mühacir" adlanan xuliqanların təhqir kampaniyaları üçün gen-bol imkan yaradılır. Doyçland "Söyüşland"a çevrilir. Almaniya sosial mediada Azərbaycana qarşı təhqirlərin ayaq açmasına nəinki göz yumur, hətta orada məskunlaşmış “müxalifətçilər”ə şərait də yaradır. Əks təqdirdə, ilbəil sərtləşən alman qanunlarının fonunda hələ də söyüş müxalifəti rahat şəkildə öz işinin başında olmazdı.

Müxtəlif səviyyəli məmurları, ayrı-ayrı ziyalılarımızı, tanınmış şəxsləri hədəf seçən bu “söyüş müxalifəti”nin yerli qanunlara zidd olan təhlükəli fəaliyyəti alman hökuməti, hüquq-mühafizə orqanlarına bəllidir. Bu ölkənin polisindən tutmuş, xüsusi xidmət orqanlarına qədər hər kəs gözəl anlayır ki, sığınacaq verdikləri bu siyasi xuliqanların apardıqları təhqir kampaniyaları nə deməkdir, nəyə hesablanıb, hansı məqsədləri daşıyır. Amma onlara qarşı heç bir tədbir görülmür. Məhz belə münasibətin nəticəsidir ki, xarici ölkələrdə kök atan infoxuliqanlar elə bilirlər ki, təhlükəsiz yerdədirlər, nəinki söyməyə, terrora, dövlət çevrilişinə çağırışa belə, rahat şəkildə cəhdlər edə bilərlər. Edirlər də...



Əslində isə qeyd etdiyimiz kimi alman cəmiyyətində kiminsə, və ya kiminsə ailəsinin təhqir edilməsi qəti şəkildə qəbul edilmir. Almaniya qanunları da bunu qadağan edir. Heç söyüşü, təhqiri, bu kontekstdə aparılan ardıcıl kampaniyaları bir kənara qoyaq. Axı alman qanunları terrora, cinayətə çağırışları da qəti şəkildə qadağan edir. Onlar bu xüsusda sosial şəbəkələrlə bağlı müxtəlif dövrlərdə ayrıca bir sərt qanunlar da qəbul ediblər axı. Amma terrora, zorakılıq çağırışlarına çox həssas yanaşan Avropanın mərkəzində bir qrup faktiki olaraq, Azərbaycanda zorakılığın baş verməsi üçün səylər göstərir, Almaniyanın hüquq-mühafizə orqanları isə buna barmaqarası yanaşırlar.

Almaniyaya sığınıb, "siyasi fəaliyyət" adı altında başqa ölkənin rəhbər şəxslərinə, məmurlara qarşı söyüş kampaniyaları aparanların əməlində heçmi cinayət tərkibi yoxdur? Bir daha qeyd edək ki, Alman qanunları ilə üsyana təşviq, fitnə, zorakılıq, ictimai asayişi pozmaq qəti şəkildə qadağan edilir və bu kimi çağırışlar edənlər də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülürlər. Hətta alman jurnalistləri, siyasət adamları belə, qanunun icazə verdiyi çərçivədən kənara çıxa bilmirlər. Ancaq Azərbaycandan getmiş “söyüş müxalifəti” nəyə görəsə "uber alles", hətta qanundan da üstündür!

Onlar “jurnalistika” və ya “videoblogerlik”, “müxalifətçilik” adı altında qanunları tapdalaya, küçələrə əlində təhqiramiz foto və broşürlərlə çıxıb, xüsusi kampaniyalar apara bilirlər. Hansısa maraqların müqabilində "sivil" alman polisi bu şəxslərə xəbərdarlıq belə etmir. Nədir xuliqanları belə "dəyərli" edən?!

Tural Tağıyev
Azvision.az



Teqlər: Almaniya   Sosial-şəbəkələr   Təhqir   Söyüş-müxalifəti  





Xəbər lenti