Hərbi Qənimətlər Parkı: “Dəmir yumruğun” yaratdığı mənzərə - ŞƏRH

  Hərbi Qənimətlər Parkı:  “Dəmir yumruğun” yaratdığı mənzərə -  ŞƏRH
  13 Aprel 2021    Oxunub:5661
Ötən gün Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan açıq səma altında nadir park salmaqla burada uzun illər torpaqlarımızı işğalda saxlamış erməni ordusunun məhv edilmiş texnikalarını və hərbi avadanlıqlarını nümayiş etdirir.
Parkın açılışını edən Müzəffər Ali Baş Komandan İlham Əliyev təltif olunan hərbçilərlə görüşündə mühüm siyasi mesajlar səsləndirdi, işgalçı ordunun biabırçı məğlubiyyətini bir daha dünyaya nümayiş etdirdi. Ölkə başçısı Birinci Qarabağ müharibəsindən sonra ermənilərin azərbaycanlıların maşınlarının nömrələrini işğal edilmiş torpaqlarda nümayiş etdirmələrini xatırlatdı. Prezident haqlı olaraq işğalçıların bu hərəkətini Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin təzahürü kimi qiymətləndirdi:

“Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik”.

İndi erməni nömrələrindən hazırlanmış məşhur lövhə Hərbi Qənimətlər Parkını bəzəyir. Amma ölkə başçısının da qeyd etdiyi kimi yük maşınlarının parkda sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə kiçik hissəsini təşkil edir. Ümumilikdə isə Vətən Müharibəsində düşmənin 522 yük maşını məhv edilib və qənimət kimi götürülüb.

Ali Baş komandan hərbçilər qarşısında çıxışı zamanı İrəvanın müharibə cinayətləri törətməsindən, xüsusən son günlərin gündəm mövzusuna çevrilmiş “İskəndər M” raketinin Şuşaya atılmasından söz açdı. Diqqətə çatdırıldı ki, bu dağıdıcı raket təkcə Azərbaycana qarşı deyil, insanlıq əleyhinə istifadə edilib. Raketin qalıqlarına baxan Ali Baş Komandan haqlı olaraq ortaya cavab verilməli olan suallar qoydu:

“Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

Daha sonra “biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”, -deyən Prezident şəhidlərimizə olan dərin ehtiramını nümayiş etdirdi. Şəhidlərimizin qanının yerdə qalmadığını söyləyən ölkə başçısı düşməndən həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin, o cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını döyüş meydanında aldığımızı bəyan etdi.

İkinci Qarabağ müharibəsi həqiqətən də inkişaf edən Azərbaycanın əsl gücünü nümayiş etdirdi. XXI əsrin müharibəsini aparan ordumuzun əməliyyatları dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Ölkə başçısı çıxışında bu amilə toxunaraq xatırlatdı ki, dünya mətbuatında artıq dəfələrlə bununla bağlı məlumatlar verilib. Aparıcı ölkələr, o cümlədən, ABŞ, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər dövlətlər İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Onlar öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər.

“Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”, - deyə Ali Baş Komandan ordumuzun gücünü nümunə göstərdi.

Bundan əlavə, Prezident park üçün məkanın təsadüfi seçilmədiyini, təntənəli mərasimin Yeni Bulvar ərazisində təşkil edilməsinin böyük rəmzi məna daşıdığını xüsusi olaraq vurğuladı. Çünki sözügedən ərazi Azərbaycanın inkişafda olduğunu göstərən məkanlardan sayılır.

Prezident tarixə qısa ekskursiya edərək Qarabağ münaqişəsinin yaranma səbəbləri və ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində baş verən proseslər barədə də söz açdı. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmadığını bildirən İlham Əliyev problemlərimizin müstəqillik illərimizdən daha əvvəl başladığını yada saldı.

“Dünya erməniliyinin əsas hədəfi daim Heydər Əliyev olub”,- deyən ölkə başçısı qeyd etdi ki, ulu öndər vəzifədə olduqca, heç vaxt imkan verməzdi ki, erməni millətçiliyi baş qaldırsın.

Prezident daha sonra Xocalı soyqırımını xatırladaraq 90-cı illərin əvvəllərində ölkədə yaranmış xaosdan danışdı. Bildirdi ki, Xocalı faciəsindən üç ay sonra Şuşa və Laçın işğal altına düşdü:

“Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir”.

Bu hadisələrdən sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə qalmışdı, Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Ötən il gənc nəslin qanı, canı bahasına geri alınan kəndlər, şəhərlər həmin dövrdə rahat şəkildə, ardıcıl olaraq işğal altına düşürdü.

Ali Baş Komandan bir məsələni də haqlı olaraq vurğuladı ki, həmin dövrdə hakimiyyətdə olanların mənfur xisləti bu gün də özünü büruzə verir. Qeyd edilib ki, İkinci Qarabağ müharibəsi zamanında da bizim ordumuza, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil.

Azərbaycan bu illər ərzində danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Son 17 ildə əsas büdcə xərclərimiz hərbi istiqamətə yönəldilmişdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, Silahlı Qüvvələrimiz müasir silah-sursat, texnika ilə təchiz edildi. İkinci Qarabağ müharibəsinə hazırlaşan Azərbaycanda siyasi sabitlik, vətəndaş birliyi amili vacib idi ki, bu da təmin edildi. Xalqın dəstəyini hiss edərək inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.

Prezident dünənki çıxışında bu məsələyə də toxundu: “BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, ondan başqa ciddi bir sənəd yox idi. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti. Avropa Şurası Parlament Assambleyası həmişə bizə düşmənçilik mövqeyi sərgiləyir, hətta onlar da məcbur olub ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər. Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər”.

Çıxışında Ermənistana və dünyaya önəmli mesajlar ötürən Ali Baş Komandan Azərbaycan gəncliyinin müharibədə mühüm rol oynadığını önə çəkib. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması hər zaman ən vacib məsələlərdən biri olub. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə böyük uğurlar əldə edilib.

44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Ermənistan rəzalətli duruma düşdü. Düşmən ordusunda 10 min fərari oldu ki, ölkə başçısı bu məsələni də çıxışında xatırlatdı. Qeyd olundu ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Hətta yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə döyüşə qayıtsınlar.

“Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh. Onlar bizi görəndə qabağımızdan qaçırdılar, biz onları hər gün qovurduq”,- ölkə başçısı əlavə edib.

Ali Baş Komandanın dediyi kimi, Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən simvollardan biridir. Azərbaycan Ordusunun gücünü əks etdirən bu nadir park gələcək nəsillər üçün dəyərli məkana çevriləcək. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişidir.

Tural Tağıyev
Azvision.az


Teqlər: HərbiQənimətlərParkı   Vətən-müharibəsi  





Xəbər lenti