ABŞ-ın “24 aprel imtahanı”: Bayden tarixi səhvə yol verməməlidir

  ABŞ-ın “24 aprel imtahanı”:  Bayden tarixi səhvə yol verməməlidir
  23 Aprel 2021    Oxunub:10579
ABŞ Prezidenti Co Baydenin ənənəvi 24 aprel müraciətində “erməni soyqırımı” ifadəsini işlədəcəyi ehtimal edilir. Bu barədə dünyanın nüfuzlu KİV-lərində sensasion xəbərlər yer almaqdadır. “The Wall Street Journal” nəşrinin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Co Bayden sələflərindən fərqli davranaraq “soyqırımı” tanımağı planlaşdırır. Lakin hələlik bu iddiaların nə qədər real olduğu rəsmi şəkildə öz təsdiqini tapmayıb və hamı 24 aprel tarixini səbirsizliklə gözləyir.
Maraqlıdır, ABŞ Prezidenti ölkə tarixinin ən böyük səhvlərindən birinə yol verəcəkmi? Yaxud Bayden tarixi həqiqətləri yalanlar üzərində qurulan erməni maraqlarına qurban verə bilərmi? Bunun nəticəsi necə olacaq?

Hələ mart ayında tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl demişdi ki, Co Bayden “soyqırımı”nı tanıyarsa, Türkiyə ilə problemlər yarana bilər. Mövzu ətrafında gedən müzakirələrdən aydın görünürdü ki, Amerikanın əksər siyasi ekspertləri Türkiyə ilə əlaqələrin pozulmasında maraqlı deyillər. Hətta bir çoxları Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilmiş “erməni soyqırımı” məsələsinin bundan sonra da sual altında saxlanacağını düşünürlər. Şərhlərdə bildirilirdi ki, indiyədək erməni lobbisinə ümidlər verib seçkilərdə qalib gələn namizədlər vədlərini yerinə yetirməkdənsə, ölkəsinin əsas müttəfiqinin maraqlarını öndə tutublar. Ona görə də Baydenin Ankaranı heç bir perspektiv vəd etməyən İrəvana dəyişməsi ancaq ağılsızlıq ola bilər.

Son illərin təcrübəsi göstərir ki, ABŞ-ın Avropa və Yaxın Şərqdəki maraqları, yürütdüyü siyasəti Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Təkcə Ağ Evin son on ildə Suriya və İraqda yaxın müttəfiqi olan Ankara ilə birgə addımlaması, regional maraqlarında türklərin hərbi dəstəyindən yararlanması qardaş ölkənin ABŞ üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığını göstərir. İki ölkə arasındakı əlaqələrin iqtisadi tərəfləri də xüsusilə diqqət çəkir. İndiyə kimi ABŞ və Türkiyənin münasibətlərə ciddi ziyan gətirməyən, tərəflərin ədalətli və qərəzsiz mövqedən çıxış etməsi iqtisadi təmasların möhkəmlənməsinə təkan verib. Baydenin iqtidara gəlişindən sonra da Ankaraya münasibətdə ciddi əks-dəyişiklik nəzərə çarpmayıb. Belə məqamda Bayden administrasiyasının 24 aprel saxtakarlığını "soyqırımı" kimi tanıması Ankaradan çox Vaşinqtonun əleyhinə işləyəcək. Eyni zamanda, Baydenin tarixi səhvə yol verməsi Türkiyə kimi sədaqətli müttəfiqin itirilməsi deməkdir ki, bu da ABŞ-ın bölgədəki təsir imkanlarına və nüfuzuna təsirsiz ötüşməyəcək.

Doğrudur, hələlik ABŞ rəhbərliyinin saxta soyqırımı tanıyacağı barədə deyilənlər rəsmi mənbələrdən əldə edilmiş məlumatlar deyil, yalnız siyasi kluarlarda gəzişən söz-söhbətlərdən ibarətdir. Hazırda Ankara prosesləri diqqətlə izləyir və gərginliyin yaranmamasında maraqlı olduğunu nümayiş etdirir.

Türkiyə XİN media müstəvisində müzakirə predmetinə çevrilən "soyqırımı" məsələsinə dərhal reaksiya verərək, ABŞ-a öz xəbərdarlığını çatdırıb. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Baydenin "soyqırımına" dair mümkün bəyanatı iki ölkənin münasibətlərinə xələl gətirə bilər. XİN-in Vaşinqtona ünvanlanmış mesajından aydın sezilir ki, Ankara Ermənistanın qondarma soyqırımı iddialarını qəti şəkildə rədd edir və diqqətə çatdırır ki, uzun illər müttəfiqlik əlaqəsində olduqları ABŞ “soyqırımı” tanısa, bu addım ABŞ-Türkiyə münasibətlərinə ciddi ziyan vuracaq. Bu isə ondan xəbər verir ki, Baydenin atacağı istənilən yanlış addım ölkələr arasında tarixi bağları yerindən qoparacaq. Yəqin ki, erməni lobbisinin təsir imkanları güclü olan ABŞ-da Türkiyə kimi regional lideri itirməyin ölkəyə fayda verməyəcəyini anlamamış deyillər.

İrəvan arxivlərin açılmasını əngəlləyir



Türkiyə 24 aprel yalanlarına son qoymaq üçün dəfələrlə arxivlərin açılmasını, tarixçilərdən ibarət birgə araşdırmaların aparılmasını təklif edib. İndiyədək nə Ermənistan buna razı olub, nə də onun havadarları. Çünki yaxşı bilirlər ki, arxivlər açılarsa, ermənilərin "soyqırımı" yalanları ifşa olunacaq. Tarixi gerçəklik Türkiyəyə qarşı təzyiq rıçaqlarının əldən çıxmasına səbəb olacaq. Belə bir mənzərə ilə üzləşmək istəməyən ermənilər arxivlərin açılması təklifindən müxtəlif bəhanələrlə yayınırlar.

Türkiyənin bu gün də mövqeyi belədir ki, “erməni soyqırımı” ideyası araşdırma mövzusu kimi siyasətçilərin yox, tarixçilərin müzakirə predmetidir. Qardaş ölkə dəfələrlə bəyan edib ki, bu cəfəngiyyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın. Bu komissiya Türkiyə ilə yanaşı başqa ölkələrin arxivlərində olan həmin dövrə aid sənədləri araşdıraraq yekun nəticəyə gəlməlidir. Lakin erməni rəsmiləri və tarixçiləri Türkiyənin təklifini qəbul etməkdən qaçırlar. Səbəb çox sadədir: bu günə qədər istinad etdikləri “sənədlərin” saxta olmasının sübut ediləcəyindən qorxurlar. Mümkün qədər belə bir komissiyanın yaradılmasına mane olmağa çalışırlar.

Bu yerdə kiçik bir xatırlatma etmək yerinə düşər. 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalamışdılar. “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokol”una əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə alt komissiyanın yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın sözügedən protokola imza atmasını bir çox erməni ekspertləri və bəzi Qərb KİV-ləri “soyqırımı” iddiasını rəsmi Ermənistanın özünün şübhə altında qoyması kimi şərh edirdilər. Hətta həmin dövrlərdə ABŞ-dakı “Hay Dad” təşkilatı bu protokolun təsdiqlənməməsi üçün var gücünü əsirgəməyəcəyini bəyan etmişdi.

2015-ci il fevralın 16-da Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin “erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsi təşəbbüsünü irəli sürmüşdü.

Təsəvvür edin, Sürix protokolu təsdiqlənsəydi, Ermənistan “soyqırımı” iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasını qəbul etmiş olacaqdı və nəticədə bu iddianın cəfəngiyyat olması birdəfəlik sübuta yetiriləcəkdi. Belə olan təqdirdə, bu gün nə Co Baydenin, nə də digər ölkələrdəki anti-türk dairələrinin qondarma soyqırımı oyunu gündəmə gələcəkdi. Tarixi həqiqətin üzə çıxmasından ehtiyat edən anti-türk dairələri zaman-zaman "soyqırımı kartın"ndan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməklə iç üzlərini ortaya qoyublar.



Azərbaycan qardaş Türkiyənin yanındadır

Okeanın o tayında heç bir tarixi fakta söykənməyən erməni saxtakarlığının “soyqırımı” kimi təqdim edilmə ehtimalı Azərbaycanın da maraqlarına ziddir. Bu gün Türkiyə siyasət meydanında tək deyil, onun yanında qardaş Azərbaycan dayanır. Ankaranın mövqeyinə zidd olacaq istənilən qərar rəsmi Bakının qəti etirazı ilə qarşılaşacaq. Bunu ölkə rəhbərliyi dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələyə dair yerli KİV-ə açıqlamasında aşkar şəkildə bildirdi ki, qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq.

"Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək”
, - deyə Prezidentin köməkçisi rəsmi Bakının mövqeyini elan edib.

İndi seçim Baydenindir. O, ya həqiqətləri qəbul edəcək, ya da saxta soyqırımı tanımaqla bağışlanmaz səhvə yol verəcək. Co Bayden əvvəlki ABŞ prezidentlərindən fərqli davranmaqla, dövlətçilik maraqlarını erməni lobbisinin maraqlarına qurban verərsə, təkcə Amerikanın Türkiyə və Azərbaycanla strateji münasibətlərinə ciddi zərbə vurmayacaq, o, həm də tarixi saxtalaşdıran ölkə başçısı kimi yadda qalacaq.

Türkiyə kimi böyük müttəfiqi itirməklə ABŞ-ın səfalət içində olan Ermənistandan nə qazanacağı da sual doğurur. Görünən odur ki, bu gün ABŞ rəhbəri belə bir ciddi siyasi səhvə yol verməklə Ankara və Bakının maraqlarına zidd addım ataraq bölgədə gərginliyi, düşmənçiliyi alovlandırmış olacaq. Nəticədə Vaşinqtonun regiondakı mövqeyi xeyli zəifləyəcək. Bir sözlə, itirən tərəf yalnız ABŞ olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Türkiyə   Azərbaycan   Qondarma-soyqırımı   İddia   Arxiv  





Xəbər lenti