Paşinyanın Parisdəki çıxışı Rusiyanın əleyhinədir - ŞƏRH

 Paşinyanın Parisdəki çıxışı Rusiyanın əleyhinədir -  ŞƏRH
  03 İyun 2021    Oxunub:1849
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qarşıdan gələn növbədənkənar parlament seçkiləri öncəsi Fransaya, ardınca Belçikaya üz tutması birmənalı qarşılanmadı.
Siyasi ekspertlər Paşinyanın Avropa turnesinə çıxmasını onun əsas müttəfiqlərindən olan Fransadan seçkilərdə dəstək almaq istəyi ilə əlaqələndirirlər.

Bəs Nikol Parisə niyə getmişdi? O, Fransadan Rusiyaya hansı mesajı verdi?

Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan hazırda Rusiyaya əvəz axtarır. O, Fransa rəhbərinin Azərbaycanla bağlı məsuliyyətsiz açıqlamalar verməsini xoşagəlməz amil kimi dəyərləndirib.

“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iyunun 2-də Fransaya səfər etməsi İrəvanın sərhəd məsələsində Parisdən növbəti dəfə dəstək almaq məqsədi daşıyırdı. Həqiqətən Fransa prezidenti Emmanuel Makron Paşinyanla görüşdə dedi ki, Azərbaycan hərbçiləri Ermənistan ərazisini tərk etməlidirlər. Makron bu açıqlamanı ikinci dəfədir ki, səsləndirir. Fransa prezidentinin məsələnin mahiyyətini bilmədən yalnız ermənilərin mövqeyini səsləndirməsi bu ölkənin vasitəçi statusuna kölgə salır. Makron prezident olduğu müddətdə Fransa-Azərbaycan münasibətlərini əvvəlki axarına qaytarmaq çətin olacaq. Bunun üçün Makron Azərbaycana münasibətini dəyişdirməlidir”.



Elxan Şahinoğlu hesab edir ki, Makronun müharibə dövründə olduğu kimi ermənipərəst siyasətini davam etdirməsi təəssüf doğurur və Parisin həmsədr statusuna tamamilə ziddir.

Bundan əlavə, politoloq Nikol Paşinyanın Makronla görüşdə səsləndirdiyi bir fikrə diqqət çəkərək bildirib: “Paşinyan Ermənistanda keçirilən son sorğuya istinad edərək dedi ki, ermənilərin Fransaya rəğbəti daha da artıb. Bu açıqlama Kremldə xoş qarşılanmayacaq. Çünki həmin sorğunun nəticəsinə görə ermənilərin Fransaya artan rəğbəti Rusiyaya azalan rəğbəti müqabilində baş verib. Ermənilər düşünürdülər ki, Rusiya gəlib onların əvəzinə Azərbaycanla savaşmalıdır və ya sərhəddə Azərbaycan hərbçilərini durdurmalıdır. Bu baş vermədikdə ermənilərin Rusiyaya rəğbəti azalmağa başlayıb.

Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir. Paşinyan bir tərəfdən göstərir ki, o, ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhədinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri mövcud deyil. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.

Bu arada, iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi də diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu. Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən İrəvan onu da istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərini yerləşdiyi məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür”.

Politoloqun sözlərinə görə, Moskva sərhəd məsələsində ehtiyatlı görünür. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən ortada Türkiyə amili də var.

“Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə, Türkiyə bu dəfə də Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçilərin Qarabağda yerləşməsi prosesi sürətlənəcək”,- deyə Elxan Şahinoğlu bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Politoloq   Fransa   Kreml  





Xəbər lenti