“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL

      “...Mey içmək bizə nöqsan olacaqdır”:    Şərabçılıqda niyə uduzuruq?! -    TƏHLİL
  13 İyun 2021    Oxunub:5078
Bu ilin yanvar-may aylarında Gürcüstan 55 ölkəyə 36,4 milyon şüşə şərab ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıq deməkdir. İxracdan əldə olunan gəlir ötən illə müqayisədə 8 faiz artaraq, 82,4 milyon ABŞ dollarına çatıb. Azərbaycan qeyd olunan dövrdə Gürcüstandan 115 247 şüşə şərab alıb. Bu da ötən ilin göstəricisindən 41 faiz çox deməkdir. Sual yaranır ki, niyə? Öz şərabımıza nə gəlib?!
Ölkəmizdə şərabçılığa məgər, azmı diqqət yetirilir? Və yaxud, bu sahədə ölkəmizin potensialı qonşu ölkədən aşağı səviyyədədirmi? Bəlkə, bu sahə bizdə hələ yenicə təşəkkül tapıb? Bu sualların hər üçünün cavabı “xeyr”dir!

Sonuncu sualdan başlayıram. Şərabçılıq tarixən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayıb, aparıcı sahələrdən sayılıb. Azərbaycan şərabı gözəl, təkrarolunmaz ətrinə, keyfiyyətinə görə həmişə ad çıxarıb. Buna görə də, şərabçılıq Azərbaycanda yeyinti sənayesinin ən mühüm sahələrindən biri kimi böyük əhəmiyyət daşıyıb.
Keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri fəaliyyət göstərib ki, bu sistemdə 151 mindən artıq fəhlə və mütəxəssis çalışıb, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilib.

Ümumiyyətlə, Sovet İttifaqı vaxtında şərab və konyak istehsalı sahəsində Azərbaycanın çəkisi çox yüksək olub və daim inkişaf edib. İstehsalın kəmiyyətcə artması ilə yanaşı, şərab məhsullarının keyfiyyəti də dayanmadan yaxşılaşıb və çeşid genişlənib. Həmin illərdə Azərbaycanda üzümçülük və şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərib ki, onun tərkibində 256 xüsusi sovxoz, 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu olub.
Komitəyə daxil olan müəssisələrdə 300 mindən artıq insan işləyib. Həmin illərdə təkcə üzümçülükdən gələn gəlir respublikanın dövlət büdcəsinin 40 faizini təşkil edib. Bütövlükdə kənd təsərrüfatının isə Azərbaycanın dövlət büdcəsində payı 60 faizə bərabər olub. Hazırda bu rəqəmin 90 faizdən çoxu neft və qaz sektorunun payına düşür.

İkinci suala gəldikdə, qeyd etdiklərimə əsasən onun da cavabı bəlli oldu. Sadəcə, 1985-ci ildən sonra Sovet İttifaqı rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri Azərbaycanda sözügedən sahəyə böyük zərbə vurdu və nəticədə 130 min hektardan çox məhsuldar sayılan üzüm bağları məhv olaraq, uzun illər ərzində böyük zəhmət hesabına yaradılan infrastruktur dağıldı.
Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən etibarən başlatdığı işğal nəticəsində Qarabağda 45 min hektardan çox üzüm bağı da nəzarətdən çıxdı. Beləcə, 180 min hektara yaxın üzüm bağı hələ sovet dövründə itirilmiş hesab olunur. Qalan 80 min hektardan çox üzüm bağı isə Azərbaycan müstəqillik əldə etdikdən sonra məhv oldu. 1990-cı illərdə Rusiya ilə əlaqələrin qırılması ucbatından şərab zavodları məhsulunu sata bilmədi ki, əhalidən üzüm tədarükü dayandı. Beləliklə də, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başlandı.



Ancaq məsələ bundadır ki, ölkədə şərabçılığa diqqət 20 bundan öncə bərpa olunub. Bu, az vaxt deyil. 19 oktyabr 2001-ci il tarixli “Üzümçülük və şərabçılıq haqqında” adlı Qanun üzümçülük və şərabçılığın bərpası istiqamətində irəliyə doğru atılan ilk addım sayılır. Ölkədə ilk olaraq, şərabçılıq sənayesinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə dövlət proqramları işlənib hazırlandı ki, qiymət, kredit və vergi sistemləri təkmilləşdirilməklə, lisenziya, sertifikatlaşdırma qaydaları nəzərdən keçirildi.
Bundan əlavə, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi sənədlər də mühüm rol oynadı. Dövlət başçımız tərəfindən bölgələrə səfərlər zamanı üzümçülüyün prioritet sahə olduğu diqtə olunmağa başlandı.

Ən əhəmiyyətlisi isə Prezidentin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” oldu. Bu sənəd, respublikada üzümün və onun emal məhsullarının istehsalını artırmağı, ölkə əhalisinin təzə və keyfiyyətli üzümə tələbatını daha dolğun ödəməyi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatını yaxşılaşdırmağı hədəf götürdü. Və ölkədə üzüm bağları bərpa edilməklə genişləndirilməyə başlandı ki, keyfiyyətli şərab məhsulları istehsalı üçün əlverişli şərait yarandı.

Ölkədə şərabçılığın davamlı inkişafını təmin etmək, bu sahəyə dövlət dəstəyini gücləndirmək, potensial imkanlardan səmərəli istifadə etmək, həmçinin şərab istehsalına və ixracına marağı artırmaq məqsədilə 2018-ci ilin may ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması isə ortaya konkret strategiya qoydu.

Bəs, bütün bunlara rəğmən, bu sahədə nəyə görə idxal ixracdan üstündür? Azərbaycanda istehsal olunan şərab məhsulları idxal olunanlardan keyfiyyətsizdirmi? Xeyr!.. Bəs, onda idxal niyə fasiləsiz artır? Səbəb nədir?

Bu ilin birinci rübündə ölkədən 3 milyon 413 min 700 ABŞ dolları məbləğində alkoqollu və alkoqolsuz içkilər ixrac edildiyi halda, idxal 13 milyon 304 min 550 ABŞ dolları təşkil edib. Aprelin sonuna olan rəqəmlər isə müvafiq olaraq 5 milyon 112 min 300 və 20 milyon 651 min 140 ABŞ dollarına bərabər olub.

Günahı pandemiyanın üstünə yıxmaq olardı, amma belə deyil. Pandemiyadan əvvəl də ölkəyə idxal artırdı. Çünki daxili istehlak belə tələb edirdi. 2019-cu ildə Azərbaycanda 531,72 min dekalitr şərabçılıq məhsulları istehsal edilib ki, bu da 2018-ci illə müqayisədə 64,5 faiz az deməkdir... Həmin ildə ölkəmiz 7 milyon 309 min ABŞ dolları dəyərində şərab və üzüm suslosu ixrac edib. Keçən il isə bunun yarısından da çox az səviyyədə ixrac həyata keçirilib. İstehsal azalanda, təbii ki, ixrac da aşağı düşəcək və daxili bazarın idxaldan asılılığı artacaq.
Yeri gəlmişkən, Azərbaycan şərabları Çin, Rusiya, Belarusiya, Niderland, Latviya, Qazaxıstan və Polşa kimi ölkələrə ixrac olunur. Ümumiyyətlə, ölkəmizdən şərab ixracı prosesinə xarici ölkələrdə açılan ticarət və şərab evləri böyük töhvə verib.

Bütün qeyd olunanlara əsasən demək istədiyim budur ki, bu qədər diqqətin və müvafiq dövlət siyasətinin fonunda idxal-ixracımız əslində göstərilən durumda olmalı deyil. Bu, onu göstərir ki, ölkənin qeyri-neft sektoru sahəsinin şərabçılıq sektorunda çox ciddi çatışmazlıqlar mövcuddur. Və bu, mütləq araşdırılmalı, ciddi təhlil olunmalıdır.

Əvvəllki təhlillər göstərirdi ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından xeyli dərəcədə aşağıdır. Bu vəziyyət ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması ilə izah edilirdi. Lakin tendensiyanın gedişatı bunun heç də belə olmadığını diqtə edir. Problemin kökü əslində başqa amillərdədir. Belə ki, ya istehsal rəqabətə davamlı deyil, ya onun uçotu dəqiq aparılmır, ya da daxili bazar müəyyən idxalçı işbazların nəzarəti altındadır.

Bu arada bir nüansa toxunum. Dövlət başçımız pambıq əkininə, tədarükünə diqqət ayıranda bəziləri bunu mənasız hesab edirdi. İndi pambıq ixracı qızıldan çox gəlir gətirir. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci, qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Ölkəmizdə digər məhsullar və o cümlədən şərabçılıq üzrə də bu cür imkanlar mövcuddur. Sadəcə, stimul yoxdur.

“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın da məqsədi şərab və şərabçılıq məhsullarına tələbatı orta perspektivdə yerli ehtiyac və ixracat imkanlarını nəzərə almaqla ödəmək, şərab istehsalı müəssisələrinin fəaliyyətini genişləndirmək, onları müasir texnologiyalar əsasında qurmaq, həmin müəssisələrin xammal təminatını yaxşılaşdırmaq, şərabçılıq məhsullarını ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkədə üzümçülüyün, şərabçılığın inkişafını stimullaşdırmaqdır.

Dövlət Proqramına əsasən Azərbaycandan şərab ixracı 2025-ci ilədək 5 dəfə artmalıdır. Ancaq sual olunur, bu gedişlə, başqa sözlə desəm, adi gürcü şərabının idxalı 50 faizə qədər artdığı şəraitdə bu, mümkündürmü?

Şərab və şərabçılıq məhsullarının iqtisadi, sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın inkişafı əsaslı şəkildə nəzarətə götürülməli və bu dəfə tamamilə yeni tərzdə özünü büruzə verməlidir. Bunun üçün isə sözügedən sahədə həyata keçirilən dəstək tədbirləri zamanı, şərab istehsalçılarının da maraqları əsas götürülməli, istehsal olunan məhsulların ilk növbədə daxili bazar olmaqla, dünya bazarlarında da rəqabətqabiliyyətliliyi və qiymətinin münasib olması məsələsi başlıca hədəf seçilməlidir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Şərab  





Xəbər lenti