“Reket”liyin böyük köçü, yaxud, “çəkib-yayan”larla jurnalistləri fərqləndirmək vaxtıdır

      “Reket”liyin böyük köçü,    yaxud, “çəkib-yayan”larla jurnalistləri fərqləndirmək vaxtıdır
  13 İyul 2021    Oxunub:3546
Şəhid ailəsini aldadaraq, pul alan iki “jurnalist"in həbsi və buna verilən ictimai reaksiya əslində epoxal mahiyyətli olmalıdır. Bu hadisənin müasir jurnalistikanın ən yeni tarixinə suayırıcı xətt kimi düşəcəyinə ümid etmək istəyirik. Həmin xəttin bir tərəfində əsl, ciddi və real jurnalistika, digər tərəfində isə bu addan istifadə edən şarlatanlar ordusu qalmalıdırlar.
Bu hadisə jurnalistin kim kimin jurnalist olması sualının ictimai şüur üçün cavablandırılmasında həlledici rol oynamalıdır. Əlinə kamera-mikrofon-telefon alıb, nəsə çəkib-yayan hər kəsi “jurnalist” saymaq hazırda cəmiyyətin böyük yanlışıdır. Və bu yanılma ağır fəsadlara yol açır, açacaq.

Bu gün jurnalistika – fırıldaqçılar üçün ən rahat sferalardan biridir. Bir fırıldaqçının özünü həkim, müəllim, hətta santexnik, baytar kimi qələmə verməsi o qədər də asan deyil. Ən azı nələrisə bacarmalı, hansısa avadanlığı olmalıdır. Jurnalistikanın müqəddəs başlanğıcı cümlədir, amma sadə cümləni belə, düzgün yaza bilmədiyi halda, “jurnalist” kimi tanınan nə qədər insan var. Tanınmadan xımır-xımır işini görənlər isə daha çoxdur. Çünki sadəcə telefonu olan hər kəs “youtube”da kanal, feysbukda səhifə açıb, özünü “jurnalist” kimi sırıya bilir. Cəmiyyət hələ ki, jurnalistlərlə digər informasiya yayıcılarının fərqini dəqiq anlamır və şarlatanlar bundan məharətlə istifadə edirlər.
Şəhid ailələrindən pul alan "jurnalist"lər həbs edildi

Əslində bir neçə ildir ki, “reketlik” adlanan iyrənc məşğuliyyətin xeyli hissəsi jurnalistikadan bloqosferaya köç edib. Şəhid ailəsindən pul alan fırıldaqçının məhz yutuber olması təsadüfi deyil. “Youtube”da olan reket dövriyyəsini Azərbaycanda heç bir qəzet heç vaxt xəyalından da keçirməyib. Hansısa (daha çox regional hakimiyyət orqanlarında işləyən) məmurun haqqında mənfi yüklü videonun yerləşdirilməsi və sonradan silinməsi “youtube” reketliyi üçün xarakterik haldır. Və bunu elə məbləğə edirlər ki, vicdanlı jurnalist eşitsə, illərdir klaviaturaya döyəcləyərək, əziyyət verdiyi barmaqlarından utanar.

Bu gün ölkədə ciddi, peşəkar media reketlikdən praktik olaraq, arınıb. Üçüncü, dördüncü dərəcəli saytların arasında hələ də pul qarşılğında yazı qoyub-çıxaranlar var, amma belə resurslara baxan kimi məsələnin nə yerdə olduğu bilinir. Bu alçaldıcı işlə məşğul olmağı heç bir peşəkar özünə və çalışdığı media orqanına yaraşdırmır. Sahəyə doluşmuş fırıldaqçılar isə əksinə... Ona görə də, bu gün əslində “jurnalistikada reket problemi” yox, “jurnalistikada fırıldaqçı problemi” “bloqosferada reketlik problemi” haqqında danışmaq daha çox yerinə düşər.

Azərbaycanda reketlik problemi bir neçə mərhələdən keçib. Əvvəlcə aztirajlı və heç kimin oxumadığı qəzetlər bu prosesin önündə gedirdilər. Onların heç biri heç vaxt əslində real KİV olmayıb (Necə ki, günü bu gün də reketlik edənlərin heç biri əslində real KİV deyillər).

İkinci mərhələdə reketlik saxta saytların açılması şəklində təzahür etməyə başladı. Ölkədə heç bir zərurət olmadığı halda yüzlərlə saytın varlığı həm də bunun nəticəsidir. Kağızdan ekrana bu keçid zamanı reketliyin həcmi kəskin artdı – çünki əvvəla, vecsiz qəzetə nisbətən, vecsiz sayt açmaq daha asandır; ikincisi, 50 nüsxə ilə çıxan “Dövlətçilik uğrunda şər qüvvələrlə amansız və qəti mübarizə” qəzetində kiminsə haqqında hansısa tənqidin dərc olunması praktik olaraq, böyük əhəmiyyət daşımırdı. Amma internet dövründə karyerist, “adını google-a yazanda nəyin çıxmasından” narahat olan məmur nəslinin formalaşması ilə onlayn reketlik çiçəklənməyə və yeni metodlardan istifadə etməyə başladı. Mən hətta “google-dan yazı sildirmək” kimi unikal xidmət təklif edənlərə də rast gəlmişəm!

Nəhayət, üçüncü mərhələ metamedianın inkişafı idi. Xüsusilə youtube kanallarının yaradılması imkanın əlçatanlığı Azərbaycanda reketlər üçün göydən yağan qüdrət halvası kimi bir nemət oldu. İndi reketlik üçün hətta KİV belə, tələb olunmurdu...

Bütün bu aləbəzək şarlatanlar dəstəsinin ümumiləşdirilərək, “jurnalist” adı ilə təqdim olunması həm yanlışdır, həm çaşdırıcıdır, həm də onlarla mübarizəni çətinləşdirir. Çünki “jurnalist” adı daşıyan kəsin hər zaman üzünə çəkmək üçün “söz azadlığı” adlı qalxanı var. Gəlin, açıq danışaq: həmin fırıldaqçıların məhz şəhid ailəsindən rüşvət alması ictimai fikri onlara qarşı köklədi və nəticədə, cəzalandırıldılar. Amma eyni əməli şəhid ailəsinə yox, hər hansı başqa şəxsə qarşı işləsəydilər, “jurnalist” adının altında gizlənərək, hələ nə qədər adamdan rüşvət alacaqdılar. Necə ki, bu dəqiqə rahatca başqaları edir. Yəni bu əhvalatdakı vicdansızlıq təkcə şəhid ailələrinə qarşı yox, həm də jurnalistikaya qarşı edilib. Məhz buna görə deyirik ki, hadisə epoxal olmalıdır, bundan sonra fırıldaqçıların “söz azadlığı” adı altında gizlənməsinə imkan verməyən presedent yaratmalıdır.

Bu biabırçılığa son qoymaq üçün ilk növbədə jurnalistlə qeyri-jurnalisti fərqləndirmək lazımdır. Media haqqında yeni qanun bunu hüquqi tərəfdən edəcək, amma onun qəbulu böyük maarifləndirmə kampaniyası ilə müşayiət olunmalıdır . Cəmiyyətə “çəkib yayan”larla jurnalistləri fərqləndirmək öyrədilməlidir. Milli jurnalistikanın haqqı çatan etimad krediti özünə qaytarılmalıdır. Azərbaycan jurnalistikasının nöqsanları da, çatışmazlıqlar da var, amma burada çalışanlar əsasən ləyəqətli, abırlı insanlardırlar, qələmlərini bazara çıxarmayıblar. Azərbaycan jurnalistinin aydın obrazı yaradılmalı və cəmiyyətə təqdim olunmalıdır ki, toplum özü də jurnalisti qeyri-jurnalistdən ayıra bilsin. Belə olsaydı, şəhid ailəsi həmin adla bu peşəyə daraşmış tarakanlara üz tutmazdı.

Vüsal Məmmədov
Azvision.az



Teqlər:   Media   Reket   Jurnalistika  





Xəbər lenti