Məhəmməd peyğəmbəri olar, Makronu yox?! Fransa demokratiyasına bir neçə sual

      Məhəmməd peyğəmbəri olar, Makronu yox?!    Fransa demokratiyasına bir neçə sual
  20 İyul 2021    Oxunub:5526
Fransanın Tulon şəhər prokurorluğunda Emmanuel Makronu Hitlerin formasında təsvir edən karikaturalarla bağlı cinayət işi başladılıb. Məşhur karikaturaçı, aktivist Mişel-Anj Florun çəkdiyi iddia olunan plakatlarda qırmızı fonda ağ hərflərlə "İtaət et", "Peyvəndlən" yazılıb. Həmçinin, Makronun partiyasının qısaldılmış adı – LREM ("İrəli, Respublika!") yer alıb.
Bu, həmin Fransadır ki, bütün ölkə - sadə insanlardan tutmuş, rəsmi şəxslərə qədər hamı,- “Charlie Hebdo” jurnalının müsəlmanları ağır təhqir edən karikaturalarına haqq qazandırırdı. Bəli, Hitler və pandemiya Avropada həssas mövzulardır, onlarla bu şəkildə zarafat etmək olmaz. Razıyıq. Amma Məhəmməd peyğəmbər və xanımları İslam aləmində bundan da qat-qat ağır, toxunulmaz mövzular sayılırlar. Fransızlar “Charlie Hebdo” jurnalını müdafiə edəndə deyirdilər ki, bu, “ofensiv” (ağrılı, incidən) yumordur, janrın tələbi belədir, dözümlü yanaşmaq lazımdır. Okey, amma Makronu Hitlerlə qiyaslayan plakat da eyni dərəcədə ofensiv yumordur axı, buna niyə dözümlü yanaşılmır?!
Makronu Hitlerə bənzədən karikaturaçıya cinayət işi açılıb

Ofensiv yumor – toxunulmaz, yasaq mövzularla məzələnmək deməkdir. Məsələn, ABŞ-da bəzi yəhudi stəndapçıların Holokostla məzələnməyə cəhd etməsi kimi. Azərbaycanda bir uğursuz yumoristin şəhidimiz Xudayar Yusifzadə ilə bağlı yersiz zarafatı və nəticədə döyülməsi də ofensiv yumor nümunəsi idi.
Ofensiv yumor olmalıdır, ya yox – müzakirəni bu istiqamətə döndərmək istəmirik. Qərb liberalları iddia edirlər ki, bu janra aid yumor – blasfemiyanın bir formasıdır, yəni insanlara “toxunulmaz” saydıqları mövzulara kimlərinsə toxunmasına dözümlü yanaşmağı öyrətmək üçündür. Belə bir dözümlüyün qazanılması lazımdırmı?! Bu, dərin mövzudur və ayrıca müzakirə tələb edir. Amma indi sual başqadır.

“Charlie Hebdo”nun istər Məhəmməd peyğəmbər, istərsə də Ərdoğanla bağlı dərc etdiyi karikaturalar yüz milyonlarla insanın hisslərinə ağır şəkildə toxunurdu. O zaman bütün Qərb dünyası təxminən belə bir tərzdə ağıl öyrətməyə başladı ki, “Dözün, belə mövzularda tolerant olun, bu, sizi liberalizmə və demokratiyaya daha da yaxınlaşdıracaq”. Tamam, əgər elədirsə, Makronu Hitlerə bənzədən plakata niyə dözümlü yanaşılmır? Yoxsa, Qərb liberalizmə və demokratiyaya artıq o dərəcədə yaxınlaşıb ki, bundan o yana getməyə yer yoxdur?! Əgər karikatura çəkmək “söz və ifadə azadlığı”dırsa, niyə Makrona münasibətdə bunun pozulması normaldır, Ərdoğa münasibətdə isə yox?!

Əslində Qərbin demokratiyaya ikili standartlarla yanaşması artıq sübuta ehtiyacı olmayan bir məsələdir, amma indi haqqında danışdığımız o qədər ciddi haldır ki, diqqətdən kənarda qoymaq olmazdı. Qərb liderlərin Parisdə qol-qola girərək, “Charlie Hebdo” jurnalını və “söz azadlığını” müsəlmanlardan müdafiə edən yürüşü hamımızın yadındadır. İndi həmin söz azadlığını Fransa hökumətindən müdafiə etmək lazımdır. Ərdoğanın jurnalı məhkəməyə verməsi “söz azadlığını boğmaq” cəhdi kimi təqdim olunurdu. Bəs Fransa hökumətinin eyni addımı necə dəyərləndirilməlidir?

Avropanın əməllərini tərcümə edəndə, belə çıxır: “Müsəlmanların normal hissləri ola bilməz, onlar geridə qalmış kütlədirlər, buna görə də, onların ibtidai düşüncələrini təhqir eləmək lazımdır ki, ayılıb, inkişaf etsinlər; biz isə ali irqik, hisslərimiz də alidir, onlara toxunan cəzalandırılmalıdır”.
Bəs siz elə bilirdiniz, avrosentrizm ortadan qalxıb? Xeyr, sadəcə, başqa formalarda davam edir.

Vüsal Məmmədov
Azvision.az


Teqlər:   İkiüzlü-Qərb   Söz-azadlığı  





Xəbər lenti