"O vaxtların" yazıçı qazancı: Qonorara nələr almaq mümkün idi?!

 "O vaxtların" yazıçı qazancı:  Qonorara nələr almaq mümkün idi?!
  24 İyul 2021    Oxunub:3982
19-cu əsrin ikinci yarısı rus ədəbiyyatçıları üçün qızıl dövr idi. Onlar heç vaxt - nə əvvəl, nə də sonra öz əsərlərinə görə həmin dövrdəki qədər pul almayıblar. Bunun səbəbi ilk növbədə ədəbi əsərlərin çap olunduğu jurnalların və kitabların tirajlarının artması idi.
Lev Tolstoy 19-cu əsrin ikinci yarısının ən çox qonorar alan rus yazıçısı idi. “Sevastopol hekayələri” və “Kazaklar” povesti Lev Tolstoya dərhal şöhrət qazandırdı və bu, ona naşirlərə danışıqlarda tələbkar olmaq cəsarəti verdi. Məsələn, "Russkiy Vestnik"in redaktoru ilə hər çap vərəqini 200 rubla danışmışdı, hərçənd, jurnalın qiyməti hər çap vərəqi üçün 150 rubl idi.


Ancaq Lev Tolstoyu varlandıran əsəri əsasən “Hərb və sülh” (“Война и мир”) romanı oldu. O, əsərin əlyazmasını jurnala səhifəsi 500 rubldan – o zamanın ən yüksək qonorarına satdı. Tolstoy bir dəfəyə əskinaslarla deyil, təmiz gümüş pulla 25 000 rubl aldı. Bu qonorar ona satışlardan alacağı 10 faizdən əlavə verilmişdi.


Tolstoy naşirlər arasında işgüzar yanaşması və tələbkarlığı ilə şöhrət qazanmışdı. O, həmişə bütün qonorarı dərhal və qabaqcadan istəyir, əks halda sadəcə nəşr olunmaqdan imtina edirdi. Yazıçı öz dəyərini bilirdi, bunu naşirlər də qiymətləndirirdi, çünki Tolstoyun romanları xalq arasında həvəslə oxunur və yaxşı satılırdı.

Yazıçılar nə qədər qonorar alırdılar?

Müqayisə üçün deyək ki, Nikoilay Leskov hər çap vərəqinə görə 120-150 rubl, Mixail Saltıkov-Şedrin 100-125 rubl, Fyodor Dostoyevski 150 rubl (ancaq ömrünün sonlarına yaxın hər çap vərəqinə görə 200-250 rubl qazanmağa başladı) alırdılar. Ən çox qonorar alan yazıçı uzun müddət İvan Turgenev olmuşdu. Lev Tolstoyun “Hərb və Sülh” romanına qədər o hər çap vərəqinə görə 300-400 rubl alırdı. Zaman keçdikcə inflyasiya səbəbindən yazıçıların əsərlərinin qiyməti artdı. Beləliklə, 19-cu yüzilin sonuna doğru Anton Çexov artıq hər çap vərəqi üçün 600-700 rubl alırdı. Tolstoyun qonorarı isə hər çap vərəqinə görə 1000 rubla çatdı.


İllik orta qazanca gəldikdə isə Turgenev 19-cu əsrin 50-60-cı illərində təxminən 4000 rubl, Leskov 2000 rubl, Çexov 19-cu yüzilin sonlarında 3500 rubl alırdı. Bu zaman Lev Tolstoyun orta illik gəliri 10 000 rubldan çox idi. Tolstoyun və Turgenevin yaxşı təşkil və idarə olunan malikanələri, Çexovun isə həkimlik işi olsa da, onların hamısının əsas gəliri yazıçılıqdan idi.

Bu, çox idi, yoxsa az?

O vaxtdan qiymətlərin strukturu xeyli dəyişib. Qiymətləri dollar və qızılla hesablasaq belə, düzgün müqayisə üsulu olmaz. Çünki bu müddət ərzində qızılın da qiyməti əhəmiyyətli dərəcədə dəyişib. Ən yaxşı o zamanın qonorarlarına nələr almaq mümkün olduğuna baxmaqdır.

“Hərb və Sülh”ün 25.000 rubl qonorarına Lev Tolstoy 4000 desyatin torpaq almışdı. 4000 desyatin 40 hektardan, yaxud 40 kvadrat kilometrdən azca çoxdur. İndi bu qədər torpağın neçəyə olduğunu hesablamaq mümkündür...


“Anna Karenina” romanının qonorarına (1877-ci ildə 20 000 rubl) Lev Tolstoy Moskvada 12 000 rubla ev, Ryazan quberniyasında 5000 rubla meşə sahəsi, yerdə qalan 3000 rubla da “briçka” (minik arabası), qarniturlar, servizlər və siqarlar kimi “xırda” şeylər almışdı.
1895-ci ildə “Dirilmə” (“Воскресение”) əsərinə görə aldığı 22 000 rubl artıq xeyli qiymətdən düşmüşdü. Bu zaman Moskvada 12 min rubla bir evin ancaq yarısını ala bilərdin. Həmin dövrdə 1 rubla bir vedrə ən keyfiyyətli pivə, 3 rubla bir cüt keçə çəkmə almaq olardı.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Tolstoy   Qonorar  





Xəbər lenti