Dünyanın 20 ən kreativ heykəli - FOTOLAR

 Dünyanın 20 ən kreativ heykəli -  FOTOLAR
  05 Sentyabr 2021    Oxunub:14617
Siz bu heykəlləri güman ki, görmüsünüz. Onlar kifayət qədər məşhurdurlar, çoxu hətta sosial şəbəkələrin "ulduzu"dur. Hər biri heykəltəraşlıq sənətində fərqli sözdür. Bir qismi özündə böyük məna yükü daşıyır.
Biz ölkəmizdə də bu cür heykəllərin çoxalmasının tərəfarıyıq. Çünki onlar estetikadan əlavə, həm də dünyada məşhurlaşır və gec-tez turizm obyektinə çevrilirlər.

1. "Las-Kolinasın mustanqları", Robert Qlen
Las-Kolinas, Texas, ABŞ


1984-cü ildə qoyulan bu bürünc heykəl vaxtilə mustanqların Texasın həyatında oynadıqları rolu əbədiləşdirmək məqsədi daşıyır. "Başsız atlı"nı yadınıza salın...

2. "Genişlənmə" (Ekspansiya), Peyc Bredli
London, Nyu-York


Bu heykəldən biri Londonda, biri Bruklindədir (Nyu-York) . Meditasiyanın insan ruhunu genişləndirərək, bədənin fiziki sərhədlərindən kənara çıxardığını göstərmək məqsədi daşıyır.



3. "Naməlum yolçunun heykəli", Jerzi Kalina
Vrotslav, Polşa


İnstallyasiyaya 14 fiqur daxildir. 1977-ci ilə qədər bu heykəllər Varşavada idilər, 2005-ci ildə isə Vrotslava "köçdülər". Əsas obraz qadındır, qalanları onun ailə üzvləridirlər. "Newsweek" bu heykəli "Polşadakı 15 ən gözəl obyektdən biri" adlandırıb. "Budget Travel" isə hətta "dünyadakı ən unikal yerlərdən biri" sayır.

4. Transsendensiya, Keyt Cellum
Portlend, Oreqon, ABŞ


"Kərpic divardan üzüb keçən qızıl balıq" Portlandın vizit kartlarından sayılır. Yarıb keçiyi divarların arasında isə dəniz məhsulları restoranı yerləşir.

5. "Çay qırağındakı insanlar", Çon Fan Çeonq
Sinqapur




6. "Danub sahilindəki ayaqqabılar", Kan Toqay (rejissor) və Gyula Pauer (heykəltəraş)
Budapeşt, Macarıstan


1944-cü ilin dekabrı-1945-ci ilin yanvarında alman faşistlər bu məkanda yəhudi qətliamı həyata keçirmişdilər. Yəhudilərə ayaqqabılarını soyunaraq, üzü çaya dayanmaları əmr olunur, sonra isə arxadan onlara atəş açılırdı ki, cəsədləri suya düşsün və axın onları aparsın... Bu dəhşətli hadisə macar rejissor Kan Toqayın təşəbbüsü ilə 2005-ci ildə əbədiləşdirilib.

7. "Düyünlənmiş tapança", Karl Reytersvard
Nyu-York, ABŞ


BMT-nin qərargahının yaxınlığında lüləsi düyünlənmiş və buruntaq taxılmış "Colt Python 357 Magnum" revolverinin heykəli sülhə nail olmağı, bir daha silahların atəş açmamasını simvolizə edir. Hərçənd, BMT-nin bu məqsədə nail olduğunu demək çox çətindir.

8. Denkpartner (Düşünən tərəfdaş), Hans-Yorq Limbax (1980)
Ştutqart, Almaniya


Çox maraqlı heykəldir. Heykəltəraş bununla nə demək istəyib? Biz belə yozuruq: Düşünərkən başı bədinin qayğılarından azad etmək lazımdır. Beyin təmiz düşüncələrlə məşğul olmalıdır, bədənin ayrı-ayrı orqanlarının, instinktlərin diqtəsilə yox. Baş məcazi mənada bədənin üstünə qalxmalıdır. Ona görə də, heykəldəki baş ancaq əllərə söykənib, bədən isə yoxdur. Baş düşünməklə məşğuldur...

9. Köməkləşən dovşanlar
Petropavlovsk, Sankt-Peterburq, Rusiya


Sankt-Peterburqda müxtəlif heyvan heykəlləri çoxdur. Ancaq bu kompozisiya xüsusilə seçilir. Çünki burada dostluq, ailə, mehribanlıq, yardımlaşma kimi böyük fikirlər ifadə olunub. Çətin vəziyyətdə bir-birini tək qoymamaq örnəyi verirlər dovşanlar bizə. Xüsusilə də uşaqlar bu heykəllə şəkil çəkdirməyi çox sevirlər. Heykəlin bir bənzəri də İsveçdədir.

10. Çərçivə
Ueyhay bulvarı, Çin


Niyə biz elə düşünürük ki, çərçivəyə mütləq hansısa şəkil salınmalıdır? Bəlkə boş çərçivədən görünən mənzərənin özü daha gözəldir, daha üstün yaradıcılıqdır? Sadəcə, biz onun fərqinə varmırıq. Varmağımız üçün isə mütləq çərçivəyə salmaq lazım gəlir... Çox güclü ideyadır!

11. “Möcüzəli səyahət”, Damien Hirst (2005-2013)
Doha, Qatar



Dohadakı Sidra Tibb Mərkəzinin qarşısında qurulmuş 14 bürünc heykəldən ibarət bu bu kompozisiya rüşeymin ana bətnində keçdiyi yolu göstərir. 2005-2013-cü illərdə yaradılmış heykəllərin ümumi ağırlığı 216 tondur və 20 milyon dollara başa gəlib. Qatar şeyxi Hamad bin Xəlifə əl-Taninin xanımının təşəbbüsü ilə hazırlanan kompozisiya Şərq və müsəlman dünyası üçün tamamilə unikaldır.


O, Yaxın Şərqə çılpaq insan bədəninin ilk təsviri də hesab olunur və buna görə də birmənalı qarşılanmır. Dini nöqteyi-nəzərdən əsərin kifayət qədər tənqidçiləri var.


- Biz adətən insanın dünyadakı ömür yolundan danışırıq. Amma insanın dünyaya qədər də keçdiyi böyük və möcüzəvi bir yol var. Mən onu göstərmək istəmişəm,- Damien Hirst müsahibələrinin birində deyib.

12. "Ana", Luis Burjua (Louise Bourgeois), 1999


Dünyanın ən böyük hörümçəyi bürüc, polad və mərmərdən hazırlanıb. Heykəltraş uşaq olanda anası Cozefina atasına məxsus emalatxanada köhnə xalça və kilimləri bərpa edirmiş. 21 yaşında anasını itirən Burjuanın xatirində o, daim nəsə toxuyan, bu zaman balalarını qoruyan, bəsləyən bir varlıq kimi qalıb.


- Hörümçək mənim anama ithafdır. O, mənim ən yaxşı dostum olub. Hörümçək kimi, anam da toxucu idi. O da hörümçəklər kimi ağıllı idi. Hörümçəklər zərərli həşəratları yeməklə bizi qoruyurlar. Anam da bizi qoruyurdu,- xanım Burjua əsərini şərh edərkən deyib.

13. "Sallanan adam", Devid Serni (1997)
Praqa


Kim deyib ki, heykəl mütləq yerdə olmalıdır?! O, göydə də ola bilər. Özünü atmaq istəyən, amma ölümlə həyatın arasında tərəddüd edən şəxs sizcə, kimdir? Bəli, Ziqmund Freyd. Maraqlı və qəribə heykəlləri Praqanı bəzəyən Devid Serni qərara gəlib ki, 20-ci əsrin ən qeyri-adi alimlərindən biri məhz belə bir qeyri-adi heykəllə xatırlanmalıdır.

14. "Səyyahlar", Bruno Katalano (2013)
Marsel


2013-cü ildə Marselin Avropanın mədəniyyət paytaxtı elan olunmasını qeyd etmək üçün Bruno Katalano belə bir sürrealist kompozisiya hazırlayıb. Özü gəncliyində dənizçi olduğundan, Bruno özgə sahillərə çıxan insanların nə hiss etdiklərini yaxşı bilirdi. Təsvirdəki şəxslər güman ki, məcburi miqrantlardırlar, buna görə də, varlıqlarının böyük bir hissəsi tərk etdikləri yerdə qalıb. Əvvəlki ömürlərindən qalan hər şey onların əllərindəki çemodanlara qablaşdırılıb. Bu çemodanlar olmasa, onlar çökərdilər – məhz onun sayəsində heykəllər qravitasiyaya meydan oxumağı bacarırlar.
Müasir sənətin ən güclü əsərlərindən olan bu heykəli kifayət qədər yozmaq, şərh etmək mümkündür. Amma bir şey şəksizdir ki, o, məcburi miqrasiyanın əleyhinə ən böyük və ən təsirli çağırışlardan biridir.

15. “Qara Kabus”, Svayunas Yurkus və Sergeyus Plotnikovas
Klaypeda, Litva


Qədim liman şəhərindəki Memel qəsrinin yaxınlığında olan bu bürünc heykəlin doğrudan da, çox məşum görünüşü var. Gecə şəhərdə gəzən bir turistin onunla rastlaşanda hansı hissləri keçirəcəyini təsəvvür etmək çətin deyil. "Qara kabus"la bağlı maraqlı əfsanələr də dolaşır. Tevton cəngavərlərinin 7-ci əsrdə qurduqları Klaypeda şəhəri 16-cı əsrin sonlarında aclıq təhlükəsilə üzləşə bilərdi. Amma naməlum bir qara kabusun gecə liman gösətçisinə yaxınlaşaraq, bununla bağlı məlumat verməsi onları bəladan sığortalayıb.


Beləliklə, ondan qorxmaq lazım deyil, o, xeyirxah kabusdur.

16. “Azadlıq”. Zenos Frudakis
Pensilvaniya, Filadelfiya


- Bu heykəl yaradıcılıq prosesindən keçərək, Azadlığa qovuşmaq uğrunda aparılan mübarizə haqqındadır,- müəllifi onun haqqında belə deyib – Gec-tez hər bir insan hansısa şəraitdən azad olmaq ehtiyacı duyur. Burada özünün keçmişindən qurtulma ideyası da təcəssümünü tapır.


Qeyd edək ki, çərçivədən hələ qurtula bilməyən fiqurlardan biri Mikalancelonun “Azad olmağa çalışan qul” heykəlinə nəzirədir. Bu kompozisiya bütövlükdə həm də onu deyir ki, Azadlıq – insanın özünü yenidən yaratması prosesi olmalıdır.


Çərçivədən qurtulmağı bacarmış fiqurun yerindəki boşluqda “Burada durun” yazılıb. Beləcə, insanlar orada duraraq, özlərini azad olmuş personajın yerində hiss edə, bir növ, kompozisiyanın tərkib hissəsinə çevrilə bilirlər.

17. Kanalizasiya təmizləyən Kumil (1997)
Bratislava, Slovakiya


O, nə edir? Dincəlir? Yoxsa fikirləşir? Düşünməli çox şey var. Siz bu heykələ müxtəlif mənalar verə bilərsiniz. Amma ən böyük məna odur ki, təkcə qəhrəmanlar və tanınmış şəxslər əbədiləşməli deyillər. Adi kanalizasiya təmizləyənin də heykəl üçün mövzu olmağa haqqı çatır. Bu heykəl adi insanlar haqqında düşünmək üçün bizi dümsükləyir sanki. O insanlar ki, gözlərimizin önündə olsalar da, biz çox vaxt sanki onları görmür, ya da görmək istəmirik.


18. Naməlum bürokrat (Maqnus Tomasson, 1994)
Reykyavik, İslandiya


Siz bürokratları necə təsəvvür edirsiniz? Onlar özləri istəyərdilər ki, heç cür təsəvvür etməyəsiniz. Heykəl elə yonulub ki, sanki aşağı yarısı hazırdır, yuxarısı isə hələ yox. Bürokrat məmur da belədir: O, hələ insan kimi tam formalaşmayıb, yarımçıqdır. Fikirləri, düşüncəsi, sifəti hələ insan obrazı almayıb…

19. “Tarixə sayğı”, 2014
Gelibolu, İstanbul, Türkiyə


Çanaqqala keçilməz! Bu, tarixin ən güclü nidalarından biridir. Keçilməz, vəssalam! Çanaqqalanın müdafiəsi zamanı əsas döyüş meydanlarından biri də Gelibolu yarımadası olub. İndi həmin yerdə böyük tarix parkı var. Park müxtəlif heykəllər və memorial komplekslərlə zəngindir. Onlardan ən maraqlısı isə Osmanlı və Avstriya əsgərlərinin üzbəüz səngər döyüşünü əks etdirən bu monumentdir.


20. “Akula” Con Bakli, Anton Kastiau (1986)
Hedinqton, Oksford, Britaniya


Bu heykəl Naqasakiyə atom bombası atılmasının 41-ci ildönümü ilə bağlı qoyulmuşdu. Akulanın damına düşdüyü ev isə yerli radioaparıcısı Bill Heynə məxsusdur. Maraqlı yanaşmadır. Yəqin, müəlliflər demək istəyirlər ki, əgər nüvə ağılsızğılı davam edərsə, bir gün bütün dünyanı beləcə baş-ayaq görə bilərik...

Tariyel Həsənov
Azvision.az


Teqlər: İncəsənət  





Xəbər lenti