Bu gün İlaxır çərşənbədir
Bu çərşənbə torpağın və özündən əvvəlki 3 mühüm ünsürün — su, od və yelin oyanması, əkinçilik həyatının başlanmasına işarədir.
İlaxır çərşənbə əsasən xüsusi adət-ənənələri, ayin və oyunları ilə məşhurdur. Hətta torpaq çərşənbəsinin özünəxas adətləri arasında bir sıra maraqlı nüanslar var. Əsasən rayon yerlərində çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılan ayindir.
Axır çərşənbəyə bir neçə gün qalmış evlərin təmizlənməsi də vacib hesab edilir. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək lazımdır. Bayram ərəfəsində küsülülər barışar, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Mehparə
Bu yazı Gələcəyə Baxış Sosial Təhlil İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə "Milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dəstək ol!" layihəsi çərçivəsində hazırlanmışdır.