Sabirabad və Zaqatalada bayram ab-havası - FOTO

Sabirabad və Zaqatalada bayram ab-havası - FOTO
  20 Mart 2014    Oxunub:2088
Baharın gəlişi rayonlarda bir sıra tədbirlərlə qeyd olunub. Sabirabad rayonunda da Novruz əhval-ruhiyyəli bayram şənlikləri keçirilib.

AzVision.az CTV-yə istinadən bildirir ki, Sabirabadın mərkəzi meydanı təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bəzədilib. Qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar, sərnic, xış qoşqu və digər sənət nümunələrinin nümayiş olunduğu sərgilər, o cümlədən xoruz döyüşləri və müxtəlif çeşidli milli yemək növləri maraqla qarşılanıb.

Nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar. Çaparların müşayiətilə Bahar qızının meydana daxil olması, pəhləvanların və kəndirbazların məharətlərini göstərməsi, gənc idmançıların çıxışları yaddaqalan olub.

Dədə Qorqud müdrik kəlamlarını söylədi. Tonqallar qalandıqdan sonra milli musiqi sədaları səsləndi, xalq mahnıları ifa olundu. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri, onların yumurta döyüşdürmələri əsil bahar ovqatı yaratdı. Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı bütün sabirabadlıları bayram münasibətil ilə təbrik etdi. Rayonun sosial iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada saldı.

***

Xalqımızın ən qədim bayramı sayılan Novruz Zaqatalada geniş qeyd olunur.

AzVision.az Kanal S-ə istinadən bildirir ki, Qala ərazisində keçirilən Novruz şənliyinə el gəzintisi ilə start verilib. İp üzərində kəndirbazların maraqlı nömrələri, cəngi sədaları altında pəhləvanların meydan sulaması, xoruz döyüşü, gənclərin tonqal üzərindən tullanması kimi ayinlər maraq doğurmaya bilməzdi. Yeniyetmə texniklərin hazırladığı uzaqdan idarə olunan təyyarənin havada şousu, təqdim olunan bir-birindən maraqlı səhnələr şənliyə əlavə rəng qatırdı.

Novruzun atributlarından Kosa və Keçəlin duzlu-məzəli söhbətləri, onların şənlik iştirakçıları ilə, əsasən uşaqlarla yumurta döyüşdürməsi şənliyi daha da canlandırırdı. Bu gün hər bir insanın çöhrəsindən sevinc və xoşbəxtlik yağırdı. Bayram ab-havası hər yerə, hər şeyə hakim idi bu gün. Qala ərazisində açılan bayram süfrəsində şirniyyatlardan tutmuş, bayrama xas müxtəlif təamlara rast gəlmək mümkün idi. Necə deyərlər, quş iliyi, can dərmanı. Ye, iç, bayramın dadını çıxart.

Qədim adət-ənənələri özündə birləşdirən müxtəlif aksesuarlar və ləziz milli mətbəx nümunələrinin nümayişi sakinlərlə yanaşı, qonaqların da ürəyincə idi. Belə bir gündə müxtəlif millətlərin mümayəndələrinin birgə, mehriban şəraitdə yaşadığı Zaqatalanın hər bir guşəsində musiqi, çal-çağır səsləri əksik olmur. Bayram şənliyi şux musiqi nömrələri və rəngarəng rəqslərlə davam etdirilib.

Qalereya




Teqlər:





Xəbər lenti