Polşada ukraynalılara dəstək azalır

   Polşada ukraynalılara dəstək azalır
  12 May 2025    Oxunub:476
Üç il əvvəl Polşa qapılarını milyonlarla ukraynalı qaçqının üzünə açaraq həmrəylik və dəstək nümunəsinə çevrildi. Ancaq indi ölkədə əhval-ruhiyyə dəyişib: prezident seçkiləri yaxınlaşdıqca bəzi namizədlər öz kampaniyalarını ukraynalılara yardımı kəsmək vədləri əsasında qururlar.
AzVision.az “Associated Press Agentliyinə (APA)” istinadən xəbər verir ki, Varşavadakı İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına görə, ukraynalılara yardıma dəstək 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalının başlanğıcında 94%-dən 2024-cü ilin dekabrında 57%-ə düşüb.

İlk turu mayın 18-də keçiriləcək prezident seçkilərində “Qanun və Ədalət” partiyasının namizədi olan Karol Navrotski qalib gələcəyi halda, tibbi xidmətlər və məktəblər üçün növbələrdə duran ukraynalılardan daha çox Polşa vətəndaşlarına üstünlük verəcəyini bildirib. “Konfederasiya” partiyasının nümayəndəsi Slavomir Mentsen ukraynalıları məktəblərin yülənməsində və mənzil qiymətlərinin artmasında günahlandırıb.

İfrat sağçı namizəd Qjeqoja Braunun mitinqində isə onun tərəfdarları həmrəylik rəmzi kimi 2022-ci ildən Byala-Podlyaska şəhər meriyasının qarşısında asılmış Ukrayna bayrağını qoparıblar.

Ukraynanın Polşadakı səfiri Vasil Bodnar ukraynalıların verdiyindən daha çox aldıqları ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, Polşada 70 minə yaxın müəssisə ukraynalılar tərəfindən idarə olunur və 35 min insan işləmədən dəstək alır ki, bu da ukraynalıların vergi ödnənişlərinin yalnız kiçik bir hissəsidir.

“Ukraynalılar Polşa iqtisadiyyatının inkişafına kömək edirlər”, - Bodnar iddia edib.

Uzun illər Polşada yaşayan ukraynalı Katerina bildirib ki, əgər 2022-ci ildə polyaklar tez-tez “Ukraynaya şöhrət” sözləri ilə rəğbət bəsləyirdilərsə, indi o, aqressiya ilə qarşılaşıb. Payızda tramvayda bir kişi onu ukraynaca kitab oxuduğuna görə danlayıb, yazda isə başqa biri onu sosial təminat idarəsinin yanına itələyib.

Eyni zamanda, Varşava vətəndaşlıq almaq qaydalarını sərtləşdirməyi nəzərdən keçirir. “Hüquq və Ədalət” Partiyası əcnəbilər üçün ölkədə minimum yaşayış müddətinin üç ildən on ilədək artırılmasını təklif edir. Oxşar vəziyyət Fransada da müşahidə olunur. Burada dil biliyi və sosial inteqrasiya ilə bağlı yeni tələblər səbəbindən ukraynalı qaçqınların vətəndaşlıq alması çətinləşəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   ukraynalılar   dəstək  





Xəbər lenti