Əlcəzair fransalı diplomatları ölkədən çıxarmağa davam edir

 Əlcəzair fransalı diplomatları ölkədən çıxarmağa davam edir
  12 May 2025    Oxunub:372
Əlcəzair hakimiyyəti Fransanın müvəqqəti işlər vəkilini çağıraraq, protokolun “ciddi pozuntuları” səbəbindən Fransa diplomatik missiyasının bir sıra əməkdaşlarının dərhal ölkədən çıxarılmasını tələb edib.
AzVision.az yerli mediaya istinadən xəbər verir ki, Əlcəzair Fransa tərəfindən əvvəlcədən xəbərdarlıq və ya rəsmi akkreditasiya olmadan diplomatik və konsulluq işçilərinin təyinatını “ciddi və təkrarlanan pozuntular” kimi xarakterizə edib ki, bu da beynəlxalq normaların və ikitərəfli razılaşmaların pozulmasıdır.

“Fransa diplomatik missiyasının ən azı 15 əməkdaşı lazımi prosedurlara əməl edilmədən Əlcəzairə göndərilib. Onların bəziləri ölkəyə əvvəlcə xidməti, sonra isə diplomatik pasportla daxil olublar. Onların arasında persona non-qrata elan etdikdən sonra ötən ay Əlcəzairdən qovulmuş səfirliyin 12 əməkdaşının yerinə göndərilən Fransa Daxili İşlər nazirliyinin iki nümayəndəsi də var”, - məlumatda vurğulanır.

Əlcəzair Fransaya sərt cavab vəd edib
Əlcəzair Fransa ilə münasibətlərdə gərginliyə işarə edərək, bu cür hərəkətləri kəskin şəkildə pisləyib. Şikayətlər arasında Əlcəzair diplomatik pasportlarına malik şəxslərin ölkəyə girişinin qadağan edilməsi, həmçinin Əlcəzairin Paris və Marseldəki baş konsullarının akkreditasiyasının gecikdirilməsi daxildir. Buna cavab olaraq Əlcəzair hakimiyyəti təyinatları pozulmuş bütün Fransa diplomatik işçilərinin dərhal ölkədən çıxarılmasını tələb edib.

Xatırladaq ki, bu, son bir ayda Fransa diplomatlarının ölkədən çıxarılması ilə bağlı ikinci hadisədir. Aprelin 14-də Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının saxlanılmasından sonra Fransa səfirliyinin 12 əməkdaşının ölkədən çıxarılmasına göstəriş verib və bu, Parisdən cavab tədbirlərinə səbəb olub.

Ölkələr arasında diplomatik böhran immiqrasiya, tarixi mübahisələr, Qərbi Saxara münaqişəsində Fransanın Mərakeşi dəstəkləməsi və digər məsələlərlə bağlı fikir ayrılıqları üzündən daha da dərinləşir.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   Əlcəzair   Fransa   diplomatlar  





Xəbər lenti