SSRİ-də qorxulu mifə çevrilən elmi eksperiment

“Alimlər cəhənnəmin səslərini yazıblar”

   SSRİ-də    qorxulu mifə çevrilən    elmi eksperiment
  10 Fevral 2022    Oxunub:6467
Sovet adamının inandığı qorxulu miflərdən biri 30 il əvvəl Kola yarımadasında elmi məqsədlərlə qazılmasına başlanan quyu ilə bağlı idi. 12.262 metr kimi ağlasığmaz rekord dərinliyə çatan “СГ-3” (сверхглубокая – fövqəldərin) quyusu geodeziya baxımından böyük maraq kəsb edirdi. İddia olunurdu ki, məqsədlərdən biri Yerin mantiya qatına çatmaqdır.
Quyunun ilk 7 kilometri qranit qatlardan keçdiyindən, böyük əziyyətlə başa gəlmişdi. Amma sonra nisbətən yumşaq süxurlara çıxıldı. 1994-cü ildə geodeziyaçıların çatdığı dərinlikdə temperatur artıq 220°С idi. İşi davam etdirmək üçün yüksək temperatura davamlı alətlər və böyük vəsait tələb olunurdu. Ona görə də, bir il sonra işlər dayandırıldı, quyu konservləşdirildi.

Təəccüblü deyil ki, bu eksperimentin ətrafında xeyli ağlagəlməz söz-söhbətlər, miflər yaranmışdı. Məsələn, iddia olunurdu ki, yerin dərin qatlarından insan ah-naləsinə, qışqırtıya bənzəyən səslər gəldiyindən, alimlər Cəhənnəmin qapısını açdıqlarından qorxaraq, işləri yarımçıq saxlayıblar. Hətta bu quyunu “Cəhənnəmə gedən yol” adlandıranlar da vardı.


Bu, əlbəttə, tamamilə cəfəngiyyatdır. Görünür, alimlərin yerin dərin qatlarında hansı səslərin gəldiyini qeydə almaq üçün cəhd göstərmələri belə miflərin yaranmasına təkan vermişdi. Amma cəhdlər uğursuz alınmışdı, çünki o illərdə həmin yüksək temperatura dözə bilən mikrofonlar yox idi.

Hazırda məlumdur ki, bu cür quyular qazmaqla Yerin mantiya qatına çatmaq mümkün deyil. Çünki hətta illərin zəhməti və inadkarlığı hesabına qazılaraq, tarixi rekord vuran “СГ-3”belə, Yer qabığının heç 1/3 hissəsini keçə bilməyib. 9101 metri keçəndən sonra işlərin davam etməsi üçün olduqca böyük vəsait tələb olunurdu.

Amma quyu heç də bəzilərinin dediyi kimi, doldurulmayıb. Ona indi də xidmət göstərilir və elmi məqsədlərlə istifadə olunur. Məsələn, vaxtaşırı quyunun dibinə müxtəlif ölçü cihazları endirilir. Kola yarımadasında yaşı 3 milyard ilə çatan süxurların öyrənilməsində quyunun böyük rolu olub. Alimlər 9 km. dərinlikdəki səsləri qeydə almağı da öyrəniblər. Bu, heç də cəhənnəm qışqırtıları deyil.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Quyu   Eksperiment  





Xəbər lenti